Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:24

'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar


"Turan"a reyd keçirən vergi əməkdaşları. 16avq2017
"Turan"a reyd keçirən vergi əməkdaşları. 16avq2017

“Nəticədə bilinəcək ki, kim düz deyir: axtarış aparıb sənədləri götürənlər, yoxsa Mehman müəllim?”

Avqustun 16-da vergi əməkdaşlarının “Turan” İnformasiya Agentliyinin ofisində axtarış aparması və sənədləri müsadirə etməsi sosial şəbəkələrdə, təhlilçilər arasında daha çox müstəqil mediaya “basqı”, “sonuncu müstəqil informasiya mənbəyinin susdurulması” kimi dəyərləndirilir.

Buna da bax:​ Mehman Əliyev: Sənədlərdə problem yoxdur

“Bu o deməkdir ki, artıq Azərbaycanda heç kim və heç nə qalmadı”

“Bu, mediaya basqıdır. Və bu o deməkdir ki, artıq Azərbaycanda heç kim və heç nə qalmadı”, – “Ayna-Zerkalo” qəzetlərinin redaktoru Elçin Şıxlı durumu belə qiymətləndirir.

Deputat: “Bilmək olmaz, “Turan”dan o sənədlər nə üçün götürülərək aparılıb”

“AzadlıqRadiosu-nun vəziyyəti, “Azadlıq” qəzetinin vəziyyəti , “Ayna-Zerkalo”nun bağlanması və digərlərinin sındırılması, əyilməsi... Bircə “Turan” qalmışdı. Fikirləşirdilər ki, “Turan” da zəifdir, o biriləri kimi maliyyə imkanı yoxdur. Amma “Turan”da kontent var. Ən müasir texnologiyalar olsun, kontent yoxdursa, mənası itir... “Turan”da isə kontent vardı, o, sözünü deyirdi. İndi də meydanda tək qalıb”, – redaktor deyir.

Buna da bax:​ 'Turan'dakı axtarış nə demək idi? [video]

"Ayna-Zerkalo" qəzetinin baş redaktou Elçin Şıxlı
"Ayna-Zerkalo" qəzetinin baş redaktou Elçin Şıxlı

Elçin Şıxlı “Turan”ın ölkənin müstəqillik qazandığı ilk günlərdən fəaliyyət göstərdiyini yada salır. O bu İA-nın ofisində axtarış aparılmasını indiki “medianın vəziyyətinin göstəricisi” sayır: “Bu mərhələdən mən və “Ayna-Zerkalo” qəzeti 3 il əvvəl keçmişik. Eyni şey təkrarlanır. O vaxt heç kim bizə qahmar çıxmadı, heç kim dirəşmədi, sözünü demədi. Nəticəsi də budur”.

Deputat: “Buna da şərait yaradılır”

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki üzvü, özü də redaktor olan Hikmət Məmmədov “Turan”la bağlı sualı dinləsə də, “toplantıda olduğundan” bu haqda danışmaq istəmir. Onun həmkarı Elman Məmmədovsa məsələnin detallarını bilmədiyini söyləyir:

“Bakıda deyiləm. Maraqlanmamışam da. Bilmirəm nə olub. Əgər vergi sənədlərini götürüblərsə, yəqin, nəsə vergiylə bağlı qanun pozuntusu olub. Dəqiq nəsə deyə bilmirəm”.

Buna da bax:​ 'İnformasiya agentliyinə küçə baqqalına girən kimi girmək...' - Media icmalı

Elman Məmmədov
Elman Məmmədov

"Bu o deməkdir ki, artıq Azərbaycanda heç kim və heç nə qalmadı..."

Bununla belə, deputat “Turan” ətrafında baş verənlərin söz azadlığına təpki kimi qiymətləndirməyin əleyhinədir. O, Azərbaycanda söz, ifadə azadlığına heç bir təzyiq, təpli görmür.

“Minlərlə sayt, nə bilim nə, bütün informasiya, media orqanları sərbəst fəaliyyət göstərirlər, istədiklərini yazırlar və buna da şərait yaradılır. Cənab prezidentimizin jurnalistlərə münasibəti, jurnalist təşkilatlarının cənab prezidentimizi jurnalistlərin dostu kimi mükafatlandırması, filan... Bunlar deməyə əsas verir ki, Azərbaycanda bu sahədə heç bir təzyiq, təpki, məhdudiyyət yoxdur. Ancaq Azərbaycan dövlətinin qanunları var və kimsə vəzifəsindən, sənətindən asılı olmayaraq, istər jurnalist olsun, istər sahibkar, istərsə də həkim, kim olur olsun qanunu pozursa cəzalandırılacaq, ona xəbərdarlıq ediləcək, məhdudiyyətlərlə rastlaşacaq. Bu təbiidir. Söz azadlığı o demək deyil ki, nə istəsəm yazaram, nə istəsəm edərəm. Bu yerdə Ana Yasamıza əməl olunmalıdır. Bilmək olmaz, “Turan”dan o sənədlər nə üçün götürülüb, aparılıb. Nəticədə bilinəcək ki, kim düz deyir: axtarış aparıb sənədləri götürənlər, yoxsa Mehman müəllim (agentliyin direktoru Mehman Əliyevi nəzərdə tutur – red.)? Hələlik bir fikir yürütmək doğru olmazdı”, – Elman Məmmədov bildirir.

Buna da bax:​ Vergilər Nazirliyi 'Turan' agentliyinə cinayət işi açıb

"Turan" İA
"Turan" İA

“Son yaşıl ada”

Məsələyə sosial şəbəkələrdə də çox sayda münasibət bildirilir. Müstəqil jurnalist Samirə Əhmədbəyli “Facebook”da yazır: ““Turan”ı önəmli edən səbəblər çoxdu. “Turan” redaksiya olaraq prezidentin verdiyi hər şeydən – evdən, puldan, addan, medaldan imtina edən yeganə media orqanıdı. Bu öz yerində. “Turan” həm də bütün məhrumiyyətlərə rəğmən peşəkarlığa xəyanət etməyən, bəhanələr uydurmayan, “bu şəraitdə əməkdaşlardan yüksək keyfiyyət tələb edə bilmərik” deməyən, plankasını həmişə qoruyan, kəmiyyətdən keçməyə razı olsa da (əməkdaşlarının sayı azaldı, onların aldıqları əməkhaqqı azaldı, istehsal etdikləri xəbərlər, analitik materiallar azaldı), keyfiyyəti, ciddiyyəti həmişə saxlayan yeganə media orqanıdı. Və “Turan” son yaşıl adadı. Onu bitirəndən sonra yerli müstəqil və eyni zamanda peşəkar media adına heç nə qalmayacaq bu ölkədə... Sona gəlib çatdıq, yoldaşlar”.

XS
SM
MD
LG