Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:36

Türkiyə Ermənistanla bağlı elçisini təyin etdi


U.S. -- Turkish Ambassador to the United States Serdar Kilic speak to the Conference on U.S.-Turkey Relations in Washington, May 22, 2017
U.S. -- Turkish Ambassador to the United States Serdar Kilic speak to the Conference on U.S.-Turkey Relations in Washington, May 22, 2017

Türkiyənin ABŞ-da keçmiş səfiri Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşdırılması üzrə elçi təyin olunacaq. Bu haqda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Kılıç Ankara Universitetinin politologiya fakültəsini bitirib. 63-yaşlı diplomat 1984-cü ildən Türkiyə XİN-də işləyir. O, müxtəlif illərdə NATO məsələləri üzrə müşavir, Türkiyənin Beyrutda, Yaponiyada səfiri vəzifələrində çalışıb. 2014-2021-ci illərdə ABŞ-da səfir olub.

Rəsmi Yerevan isə Ankarada xüsusi elçisinin kim olacağını açıqlamayıb.

Moskva: "Bu istiqamətdə praktik fəaliyyətimiz olub"

"Moskva Ankara və Yerevanın aralarındakı münasibətlərin normallaşdırılmasına həvəsini alqışlayır və regionda vəziyyətin sağlamlaşdırılması üçün bu prosesə dəstək verməyə hazırdır".

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dekabrın 15-də keçirdiyi brifinqdə deyib.

Bununla belə, Zaxarova iki ölkənin dialoqa başlanması üçün xüsusi nümayəndələr təyin etmək qərarında Moskvanın mümkün vasitəçiliyi barədə suala səthi cavab verib: "Biz Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması və bu prosesdə Rusiyanın mümkün rolu mövzusunu dəfələrlə şərh etmişik. Şərhlərdən başqa bizim bu istiqamətdə praktik fəaliyyətimiz olub. Sürixi xatırlatmaq istərdim".

ABŞ Türkiyənin bəyanatını alqışlayır

Birləşmiş Ştatlar Türkiyə və Ermənistanın qarşılıqlı münasibətləri normallaşdırmaq üçün xüsusi elçi təyin etməklə bağlı bəyanatlarını alqışlayır. Bu haqda Dövlət katibi Entoni Blinken Twitter-də yazıb.

“Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın Xarici İşlər Nazirliyinin normallaşdırma prosesinin müzakirəsi üçün Xüsusi elçilər təyin etməklə bağlı bəyanatlarını alqışlayır və güclü şəkildə dəstəkləyirik”, – Blinken yazıb.

Yerevan xüsusi elçinin təyin ediləcəyini təsdiqləyir

Rəsmi Yerevan Türkiyə Xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi elçi təyin ediləcəyi haqda bəyanatını müsbət dəyərləndirib, dialoqun aparılmasından ötrü Ermənistan tərəfin xüsusi təmsilçi təyin edəcəyini təsdiqləyib. Açıqlamanı mətbuata Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan verib.

Unanyan deyib ki, Ermənistan, həmişəki kimi, Türkiyə ilə əlaqələrin ilkin şərtsiz normallaşdırılmasına hazırdır və bu məsələ hökumətin proqramında yer alıb.

Türkiyə və Ermənistan xüsusi elçilər təyin edəcəklər

Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılmasının müzakirəsi üçün xüsusi elçilər təyin edəcəklər. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən – dekabrın 13-də deyib. Onun sözlərinə görə, İstanbul və Yerevan arasında çarter uçuşları da bərpa olunacaq.

İki ölkə 2009-cu ildə əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan sülh sazişi imzalayıblar. Amma saziş ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb.

Ötən il Qarabağ müharibəsində isə Ankara Azərbaycanı dəstəkləyib, Yerevanı Azərbaycan ərazilərini işğal etməkdə suçlayıb.

Parlamentdə büdcə müzakirələrində danışan Çavuşoğlu deyib ki, Türkiyə Ermənistanla əlaqələri normallaşdırmaq yönündə addımları Azərbaycanla müzakirə edəcək.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanla birlikdə regionda sülh və sabitliyin bərqərar olmasından ötrü diplomatik səylər göstərirlər.

Xatırlatma

Türkiyə Ermənistanla sərhədi 1993-cü ildə bağlayıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG