Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:18

Türkiyədəki türkmənlər Berdımuxammedovu məhkəməyə veriblər


İyunun 21-də bir qrup Türkmənsitan vətəndaşı İstanbul məhkəməsinin qarşısında piket keçirib
İyunun 21-də bir qrup Türkmənsitan vətəndaşı İstanbul məhkəməsinin qarşısında piket keçirib

Şikayət ərizəsində Berdımuxammedovdan başqa, xarici işlər naziri Raşid Meredov və daxili işlər naziri Muhammet Xıdırovun da adları var

Türkiyədə yaşayan bir qrup Türkmənistan vətəndaşı keçmiş prezident Qurbanqulı Berdımuxammedovu və ölkənin başqa yüksək vəzifəli rəsmilərini insan hüquqlarının pozulması ittihamı ilə məhkəməyə verib.

Qrupun hüquqi nümayəndəsi, türkiyəli Gülden Sönmez internetdə dərc etdiyi videoda bildirir ki, o, qrupun rəsmi şikayətini iyunun 21-də İstanbul məhkəməsinə təqdim edib.

Şikayət ərizəsində Berdımuxammedovdan başqa, xarici işlər naziri Raşid Meredov və daxili işlər naziri Muhammet Xıdırovun da adları var.

Məhkəmə binasının qarşısında çıxış edən Sönməz deyib ki, onun müştəriləri Türkmənistan hakimiyyətini qanunsuz həbslər, qanunsuz qətllər, həbsxanalarda işgəncələr və pis rəftar da daxil insan haqlarının pozulmasında ittiham edirlər:

"Biz vəsatətə çoxsaylı fotolar, sənədlər, həbsdə ikən ölmüş Türkmənistan vətəndaşlarının adlarını, hakimiyyət tərəfindən incidilmiş insanların, Türkiyədəki Türkmənistan səfirliyindən doğum şəhadətnamələri və pasport ala bilməyənlərin şahid ifadələrini əlavə etmişik”.

Məhkəmə qarşısında aksiya

Sönmezin müdafiə etdiyi türkmənlərdən 10 nəfəri məhkəmə binası qarşısında piket keçirib.

Onların əllərindəki plakatlarda “Dövlət xalqa xidmət etməlidir”, “Xalqın qarşısına çıxın!”, “Bizim pasport almaq haqqımız var” kimi çağırış və tələblər yazılmışdı.

Uzun müddətdir ki, Türkiyədə yaşayan türkmənlər pasportlarının təzələnməsi və ya lazımi sənədlərin alınmasında əziyyət çəkirlər.

Bu sənədləri onlardan Türkiyənin miqrasıya orqanları tələb edirlər.

Türkiyədə daimi yaşayış hüququ olan bəzi türkmənlər isə hökumətin onlara bu ölkədə təzyiq göstərməsindən şikayətlənirlər.

Türkmənistan dünyanın ən qapalı və repressiv ölkələrindəndir.

Ölkəyə 2006-cı ildən rəhbərlik edən Qurbanqulı Berdımuxammedov mart ayında prezident kürsüsünü 40 yaşlı oğlu Serdara ötürüb.

Ötən il onlarla türkmən fəal Türkiyədə, ABŞ-da və Avropa İttifaqının ölkələrində Türkmənistanda insan haqlarının pozulması ilə bağlı etiraz aksiyaları keçiriblər.

XS
SM
MD
LG