Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:00

'İlk Gürcüstanla quru sərhədini açmaq olar, tələbələr qayıda bilsinlər'


Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ilk qrupu Bakıya gətirildi
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ilk qrupu Bakıya gətirildi

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra yerli universitetlər uzaqdan təhsilə keçirilir. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələlərə görə universitetlər tamamilə uzaqdan təhsilə keçəcək. O, yaya qədər tətil ediləcəyindən universitet yataqxanalarından zəlzələdən zərərçəkənlərin qalması üçün istifadə olunacağını vurğulayıb.

Türkiyə universitetlərində təhsil alan Azərbaycan vətəndaşları da var. Universitetlər distant təhsilə keçəcəyinə görə onların artıq xərc çəkməmək üçün ölkələrinə qayıtmaq zəruriyyəti yaranır.

Azərbaycana təyyarə biletlərinin isə baha olduğu ilə bağlı şikayətlər eşidilir. Bu səbəbdən sosial şəbəkələrdə Azərbaycan hökumətinə onların maddi yükünü azaltmaq üçün koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından bağlı qalan quru sərhədlərinin açılması ilə bağlı çağırışlar səsləndirilir.

Türkiyədə oxuyan 25 min azərbaycanlı tələbənin 1 dərdi...
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

26 min tələbə…

Rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan Azərbaycan tələbələrinin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Qəhrəmanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Onlardan bir neçəsinin taleyi, hələlik, məlum deyil.

Fevralın 10-da Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, avtobuslar vasitəsilə 209 tələbə Türkiyədən Azərbaycana gətirilib və təxliyə prosesi davam etməkdədir.

"Avtobuslarla təxliyə daha rahat və sürətlidir"

XİN-in sözçüsü Ayxan Hacızadə də yerli mediaya açıqlamasında təyyarələrlə təxliyə barədə, hələ ki, qərarın olmadığını bildirib: "Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir, çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir, axın çoxdur".

'Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır'
Gözlə

No media source currently available

0:00 0:09:21 0:00

Tələbə: "İndi quru sərhədlərinin açılması…"

Türkiyədə təhsil alan tələbələrdən biri Rüstəm İsmayılbəyli AzadlıqRadiosuna deyib ki, distant təhsillə bağlı qərar qəbul olunanda artıq birinci semestr bitmişdi və ara tətili idi: "Ona görə də əksər Azərbaycan tələbələri artıq ölkəyə dönüblər. Onların əksəriyyəti də özləri ilə bütün əşyaları götürməyiblər. İndi də o əşyaları gedib gətirmək lazımdır. Təyyarə ilə bunu etmək çox artıq xərcdir".

O qeyd edib ki, Türkiyədə oxuyan bütün Azərbaycan tələbələri ölkəyə dönməyə çalışsalar, təyyarə biletinin baha olması ilə yanaşı, bilet çatışmazlığı da yarana bilər: "Təyyarə ilə dönüşlə əlaqədar həm iqtisadi, həm logistik baxımdan problemlər var. Ona görə də ən azı indiki dövrdə quru sərhədlərinin açılması çox effektiv olardı. Amma, açığı, bunu gözləmirəm".

E.Nəsirov
E.Nəsirov

"İctimai rəyi nəzərə ala biləcək addımların…"

Belə çağırışlara, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da "Turan"a bildirib ki, Türkiyədə 20 mindən artıq azərbaycanlı tələbə təhsil alır və onların bundan sonra təhsilini hansı şəkildə davam etdirməsi məsələsi gündəmə gəlib: "Sosial şəbəkələrdə də daha çox həmin tələbələrin quru yolla Azərbaycana gətirilməsi ilə bağlı addımların atılması kimi məsələlər müzakirə edilir".

Onun sözlərinə görə, həmin məsələlər dövlətin müvafiq qurumlarında diqqətlə araşdırılmaqdadır: "Hesab edirəm ki, ümumi ictimai rəyi nəzərə ala biləcək addımların atılması mümkündür".

B.Süleymanlı
B.Süleymanlı

"De-fakto başqa səbəblərlə bağlıdır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, quru sərhədlərinin açılması artıq vacib bir məsələyə çevrilib: "Üç ilə yaxındır ki, quru sərhədləri bağlıdır. Artıq dünyanın, demək olar ki, bütün ölkələrində quru sərhədləri açılıb və sərbəst gediş-gəliş təmin olunub".

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda quru sərhədlərinin bağlı qalması pandemiya ilə bağlı deyil: "Rəsmi olaraq bu, pandemiya ilə əsaslandırılsa da, de-fakto başqa səbəblərlə bağlıdır. Çox güman ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır".

Amma o hesab edir ki, ətrafda belə hadisələr baş verərkən sərhədlər bu qədər bağlı qala bilməz: "Bilmirik, belə vəziyyət nə qədər davam edəcək, ona görə də sərhədlər illərlə bağlı qala bilməz. Məsələn, ilk olaraq Gürcüstanla quru sərhədini açmaq olar ki, tələbələr Türkiyədən Gürcüstan üzərindən ölkələrinə qayıda bilsinlər. Hökumət bu sərhədləri açmalıdır".

Türkiyədə fevralın 6-da 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə indiyə qədər 32 minə yaxın şəxsin həlak olduğu bəlli olub, 80 mindən çox yaralı var.

XS
SM
MD
LG