Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:52

Sevgi, fırıldaq və yeni pasport: Türkiyəli kişilərə ərə gedən özbək qadınların macəraları


Özbək qadın
Özbək qadın

Nərgizə Ünal həyat yoldaşı Adnanla 13 il öncə müvəqqəti viza ilə Türkiyədə çalışarkən tanış olub. O zaman pul yığıb vətəni Özbəkistana qayıtmağa ümid bəsləyirdi.

Ancaq tanışlıqlarından az sonra Adnan ona evlənməyi təklif edəndə Nərgizənın planları dəyişib və o, İstanbulda qalıb.

Nərgizə deyir ki, Adnan ona zəngin olmadığını, gerçəkdənuzaq vədlər verə bilməyəcəyini, amma möhkəm ailə qurmaqda və yaxşı ər kimi ona dəstək durmaqda qərarlı olduğunu söyləyib.

“Ona inanırdım… və bilirdim ki, bu adam məni aldatmaz, xəyanət etməz. Di gəl, onun qohumları elə düşünürdülər ki, mən onunla Türkiyə vətəndaşlığına görə evlənirəm. Ərimə deyirdilər ki, sən ondan xeyli yaşlısan, yoxsulsan, arvadın türk pasportunu alınca, səni tərk edəcək”, - Nərgizənin sözləridir.

Artıq 13 il ötsə də, bu evlilik hələ də möhkəm tellərlə bağlıdır. Onların maddi durumu da xeyli yaxşılaşıb. O zamandan bəri ailə İstanbulda ev də alıb və indi öz mnzillərində üç uşaqlarını böyüdürlər.

Türkiyədə 28 min 571 əcnəbi gəlinin 11 faizi özbək qadınlar olub

Rəsmi türk rəqəmlərinə görə, özbək qadınlarla türkiyəli kişilər arasında evliliklər artır. Hökumətin 2022-ci il statistikası göstərir ki, özbək qadınların Türkiyədə ərə gedən əcnəbi gəlinlər arasında suriyalılardan sonra ikinci yeri tutur.

AzadlıqRadiosu özbək xidmətinin materialları əsasında Fərəngis Nəcibullahın hazırladığı məqalədə deyilir ki, 2022-ci ildə türk kişilərlə evlənən 28 min 571 əcnəbi gəlinin 11 faizi özbək qadınlar olub.

Özbək və türk dillərinin eyni dil qrupuna aid olması dil əngəlini azaldır. Hər ikisi sünni müsəlman olduqlarından, özbək və türklərin bənzər ailə və icma dəyərləri var.

Özbək-türk cütlüklərinin çoxu sevərək evləndiyini deyir. Ancaq iqtisadi durumu daha yaxşı olan Türkiyədə qalmaq ümidilə belə birliklərə girdiyini etiraf edən özbək qadınlar da var. Özbəkistandakı aşağı maaş və xroniki işsizlik fonunda türk kişi ilə evlənmək bir çox qadına yoxsulluqdan qurtuluş kimi görünür.

Ancaq heç də bütün evliliklərin sonu Nərgizə və Adnanınkı kimi yaxşı olmur.

“Bəzi adamların dözümü yoxdur”

Son iki ildə İstanbulda fəaliyyət göstərən Özbək Qadın Haqları Birliyi Türkiyədə evləndikdən sonra problemlərlə üzləşən 3 min 500-dən çox özbək qadına hüquqi, psixoloji və maliyyə yardımı göstərib. Qurumun rəhbəri Ozodə İslomova belə deyir.

İslomova AzadlıqRadiosu-na müsahibəsində özbək qadınların türk kişilərlə tez-tələsik evlənməsi hallarına çox rastlandığını söyləyib. Onun sözlərinə görə, bir çox halda qadınlar kişilərlə “internetdə tanış olduqdan, ya da ortaq tanışlarının təqdimatından sonra”, onları yaxşı tanımadan, kim olduqlarını yoxlamadan tez-tələsik evlənirlər:

“Buna vaxt lazımdır, amma görünür, bəzi adamların dözümü yoxdur, ya da, sadəcə, gözləmək istəmirlər”.

Qurumdan yardım istəyən qadınlardan biri türk kişi ilə evlənən 20 yaşlı özbək qadındır. Kişini ona Özbəkistanda bir qonşusu tanıdıb. İslomovanın sözlərinə görə, gənc qadına “Türkiyədə gözəl ailə həyatı” vəd edilib.

“Əslində isə əri onu ucqar kənddəki evinə aparıb. Burada o, mal-qaraya baxmalı və fermada işləməli olub. Biz türk hüquq mühafizə orqanlarının dəstəyi ilə ona kömək edə bildik”, - İslomova deyir.

Yalan vədlərin qurbanı olan təkcə özbək qadınlar deyil.

“Fərqanədən bakirə qadınlar” gətiriləcək?

Bu yaxınlarda Türkiyənin “STAR” kanalı bir neçə türk kişinin onlara Özbəkistandan etibarlı gəlinlər gətirməyi vəd edən fırıldaqçılara minlərlə dollar pul verməsi haqda proqram yayımlayıb.

Afyonkarahisar, Burdur, Denizli və Isparta əyalətlərindən olan kişilər “STAR” kanalına bir evlilik şirkətinə 3 min- 12 min dollar ödədiklərini deyiblər.

Şirkəti işlədən iki qadın (televiziya kanalları onları Rabiya Gekçe və Barno Çelik kimi tanıdır) kişilərə Fərqanədən “bakirə” gəlinlər gətirəcəklərini söyləyib.

TV proqramında kişilər Gekçe və Çeliyin gətirdiyi “gəlinlərin” bir neçə həftə içində onların yeni evlərindən yoxa çıxdığını, üstəlik özləri ilə ərlərinin bağışladığı qızılları və digər hədiyyərləri də götürüb apardıqlarını söyləyiblər.

Proqramda yüzlərlə türk kişinin belə fırıldağın qurbanı olduğu bildirilib. Kanal fırıldaqçı olduğu iddia edilən iki nəfərin polis tərəfindən həbs edildiyini də göstərib.

AzadlıqRadiosu bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib.

Yulduz Uzunaslan İstanbulda “Yildiz Permit” adlı hüquq şirkəti çalışdırır. Şirkət Türkiyədə özbəklərə hüquqi yardım göstərir. Onun müştəriləri arasında türk kişşilərlə evlənməyi planlaşdıran özbək qadınlar da var.


“İndi mümkünsüz hala gəlib ”

18 il əvvəl türkə ərə gedən özbək Uzunaslan deyir ki, bəzi özbək müştəriləri səhvən türklə evlənməyin “üç il içində türk vətəndaşlığını” təmin etdiyinə inanır:

“Bu, yanlışır. Türk vətəndaşı ilə rəsmən evlənən əcnəbi vətəndaş birillik oturum icazəsi alır. Bu icazə sonradan daha iki il uzadılır.

…Türk polisi cütlüyə xəbər vermədən bunun gerçək nigah, yoxsa immiqrasiya məqsədilə saxta birgəlik olduğunu müəyyənləşdirmək üçün yoxlama aparır”.

Uzunaslanın sözlərinə görə, özbəklərin saxta nigah vasitəsilə türk pasportu alması “vaxtilə” asan olsa da, indi bu, ciddi polis yoxlamaları üzündən, “demək olar, mümkünsüz hala gəlib”.

XS
SM
MD
LG