Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

Təbiətin ümidinə qalan əkin sahələri


İmişli. Kənd daxilindəki arxlar da quruyub.
İmişli. Kənd daxilindəki arxlar da quruyub.

Son günlər havanın kəskin istiləşməsi və quraqlıqla əlaqədar Mərkəzi Aran rayonlarında suvarma suyuna tələbat xeyli artıb. Əkinləri yanma təhlükəsi ilə üzləşən fermerlər hətta gecəni də kanal başında keçirdiklərini deyirlər. Su təminatına məsul idarələr isə əllərində olan suyu bölüşdürməkdə çətinlik çəkdiklərini, əsasən pambıq əkinlərinə yönəltdiklərini etiraf edirlər.

Darı əkmək üçün kimdən icazə almalı

İmişli rayonunun Rəsullu kəndində yaşayan fermer Rasim Hüseynov eyni sahədə təkrar əkin aparmağına peşman olduğunu söyləyir: «2 hektar yarım sahədə arpa yetişdirmişdim. Elə də məhsuldarlıq olmadı. Taxılı götürəndən sonra fikirləşdim ki, bu qədər yeri boş saxlamayım. Darı əkmək qərarına gəldim. Yerin əkin üçün hazırlanmağına xeyli xərcim çıxıb. Toxuma 300 manatdan çox pul vermişəm. Səpin apardığım sahəni suvara bilmirəm. Bir neçə gün də su olmasa, çəkdiyim xərc və əziyyət batacaq».

R.Hüseynov oğlu ilə.
R.Hüseynov oğlu ilə.

Fermer bildirir ki, yaxınlıqdan keçən kanalda su var. Amma onun üzərindəki şlüzə kilid vurulduğundan, bu kanaldan öz təsərrüfatına su gətirə bilmir: «Bu kilidi açdıra bilmirəm. Prezidentə, Kənd Təsərrüfatı Nazirliyinə də müraciət etmişəm. İmişlinin su idarəsinin rəisi Nizami müəllimə şikayət edəndə o, mənim üstümə qışqıraraq «Darı əkmək üçün kimdən icazə almısan?» deyə sual etdi. Məgər darı yetişdirməyə icazə alınmalıdır? Doğrusu, ilk dəfə əkdiyimdən, darıya digər kənd təsərrüfatı bitkiləri kimi yanaşmışam. Xeyli sayda təsərrüfat rəhbərindən soruşmuşam, darı əkini aparılması üçün xüsusi razılıq alınması barədə heç kəs məlumatlı deyil».

«Həyətyanı torpaqlar da şoranlaşır»

Sabirabadın Qalağayın kəndinin sakini Şahin Bağırov isə deyir ki, həyətyanı təsərrüfatlara da su verilmir:

Ş.Bağırov
Ş.Bağırov

«Bu il mindən çox calaq ağacım, qarğıdalı və pomidor əkinlərim yandı. Kəndin bir hissəsini su ilə təmin etməli olan arx illərdir ki, təmizlənmir. Su idarəsi günahı bələdiyyədə görür. Bələdiyyənin isə nə texnikası var, nə də bu işi görməyə marağı. Əvvəlki vaxtlarda adamlar kartofa, soğana, bostan və tərəvəz məhsullarına olan tələbatını öz həyətyanı torpaqları hesabına ödəyirdilər. İllərlə su görmədiyindən artıq bu torpaqlar da şoranlaşır. 150-dən artıq ev təsərrüfatı beləcə batıb gedir».

Hidroqovşaq rəisi: «Durum kritik deyil»

Bəhrəmtəpə Hidroqovşağının rəisi Mirqoca Mirişov isə cari il suvarma suyu ilə təminatda ciddi problem olmadığını iddia edir: «Haradasa lokal problem ola bilər. Amma durum elə də kritik deyil. Ötən illərlə müqayisədə bu il yerlərdən şikayət azalıb. Su infrastrukturunda da yenilənmə var. Sadəcə, müasir dövrün insanı daha çox tələbkardır. Adamlar növbəliliyi gözləmir. Hamı eyni vaxtda sahəsini suvarmaq istəyir. Başqa bir problem isə su idarələrinin balansında olmayan təsərrüfatlararası su arxları ilə bağlıdır. Üstünü kol-kos basan, içini lil tutan arxlar suyu axıda bilmir.

İmişli. Pambiq sahəsində su arxı
İmişli. Pambiq sahəsində su arxı

Bu arxlardan ehtiyac olmayan sahələrə su sızmağı da narazılıq doğurur. Üstəlik, su itkisinə yol verilir. Həmin arxları ya bələdiyyələr, ya da fermerlərin özləri təmizləməlidirlər. Əvvəllər bu işi görən xidmət təşkilatı vardı. Düşünürəm ki, indiki vaxtda da buna oxşar bir qurum yaratmağa ehtiyac var».

Suvarma idarəsi rəhbəri: «Ümid yağıntıya qalıb»

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov isə mövcud su ehtiyatının tələbatı tam ödəmədiyini bildirir. O, etiraf edir ki, hazırda su ilk növbədə pambıq əkinlərinə yönəldilib: «Mən fermer Rasim Hüseynova «əkinin razılaşdırılması» deyərkən təkcə darını nəzərdə tutmamışam. Biz əvvəldən elan etmişdik ki, təkrar əkinlər bizimlə razılaşdırılsın, çünki əlimizdə olan suyu bölüşdürə, hamının tələbatını ödəyə bilmirik. Həmin istiqamətdə 200 hektardan çox pambıq sahəsi var. Pambıq əkinləri suvarılmamış heç kəsə su verə bilməyəcəyik. Son günlər suyun həcminin azalmağı da gərginliyi artırıb. Bircə ümid yağıntı barədə proqnozların gerçəkləşməsinə qalıb. Bu axşama leysan gözlənilir. Bəlkə elə o adamın problemini təbiət özü həll etdi».

XS
SM
MD
LG