Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:45

İqtisadi baxımdan 2023-cü il necə yadda qaldı?


Novxanı kəndi
Novxanı kəndi

Üç il öncə koronavirus pandemiyasının başlanması qlobal iqtisadiyyatda problemlər yaşatdı. Ekspertlərin çoxu bu il dünya iqtisadiyyatının pandemiyadan sonra ortaya çıxan çağırışlardan birdəfəlik yaxa qurtaracağını güman edirdi. Açıqlanan göstəricilərdən görünür ki, Azərbaycan iqtisadiyyatından ötrü 2023-cü il də elə uğurlu olmayıb.

Ölkə iqtisadiyyatının inkişaf durumunu ölçmək üçün ən vacib göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, bu ilin ilk 11 ayında Azərbaycanda ÜDM cəmi 0.8 faiz artıb. İlboyu heç bir ayda ÜDM artımı 1 faizi aşmayıb. Adambaşına düşən ÜDM məbləğindəki artımsa daha aşağı – cəmi 0.2 faizdir. Beləcə, rəsmi rəqəmlərdən görünür ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı ən yaxşı halda yerində sayıb.

Cədvəl 1: 2018-2023-cü illərdə Azərbaycanda ÜDM göstəriciləri

İl

ÜDM-in dəyişməsi

2023

0.8%

2022

4.6%

2021

5.6%

2020

- 4.3%

2019

2.2%

2018

1.4%

ÜDM-də azalma baş verən illəri nəzərə alınmasa, son dəfə Azərbaycan iqtisadiyyatında bir ildə bu qədər az böyümə 2017-ci ildə baş vermişdi. O vaxt ölkə iqtisadiyyatı manatın dəyərsizləşməsindən ciddi böhran yaşamışdı. Bu baxımdan, 2023-cü il Azərbaycan iqtisadiyyatının ən az böyüdüyü illərdən biri kimi xatırlanacaq.

İl başlarkən, hökumət Azərbaycanda 2.7 faiz böyümə olacağını açıqlamışdı. Başqa deyimlə, indiki böyümə göstəricisi hökumətin ilin əvvəlindəki gözləntisindən üç dəfə aşağıdır. Bu durumun əsas səbəblərindən biri ölkə iqtisadiyyatının lokomotivi olan neft sektorunda hasilatın azalmasıdır. Neftdənkənar sektorda nisbi artım olsa da, bu sektordan gəlirlər önəmli paya sahib deyil. Bu da ölkə iqtisadiyyatının, sadəcə, enerji göstəricilərindən asılılığını davam etdirir. İndi Güney Qafqazın digər iki ölkəsində - Gürcüstan və Ermənistanda iqtisadi böyümə 6 faizə yaxın - Azərbaycanla müqayisədə altı dəfə yüksəkdir.

Qiymət və gəlirlər necə dəyişdi?

İqtisadi böyümə ilə yanaşı, inflyasiya baxımından da 2023-cü ili uğurlu adlandırmaq olmaz. DSK-nın sonuncu açıqlamasına görə, ölkədə inflyasiya göstəricisi 9.4 faizdir. Əhalinin xərclərinin əsas hissəsi olan qida xərcləri üzrə inflyasiya daha yüksək – 10.7 faizdir. İki ildən sonra inflyasiya göstəricisi birrəqəmli həddə ensə də, hələ idealdan uzaqdır. Unutmaq olmaz ki, hökumətin ÜDM artımı barədə proqnozu ilə yanaşı, 2023-cü ildə inflyasiya göstəricisi ilə bağlı proqnozu da özünü doğrultmadı. İl başlarkən, hökumət 2023-cü ildə Azərbaycanda 6.9 faizlik inflyasiya olacağını demişdi. Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəf diapazonu 2-6 faiz aralığındadır. Deməli, indi inflyasiya birrəqəmli olsa da, hələ də normadan yüksək olaraq qalır. Müqayisə üçün: Hazırda Ermənistanda inflyasiya 0.1 faiz, Gürcüstanda 0.6 faizdir. Başqa sözlə, bu ölkələrdə artıq yüksək inflyasiya tempi geridə qalıb.

Cədvəl 2: 2018-2023-cü illərdə Azərbaycanda qeydə alınan inflyasiya göstəriciləri

İl

İnflyasiya

2023

9.4%

2022

13.4%

2021

6.7%

2020

2.8%

2019

2.6%

2018

2.3%

İnflyasiyaya dair cədvəldən göründüyü kimi, builki inflyasiya ötən illə müqayisədə bir qədər azalsa da, öncəki illərə nisbətdə yüksək olaraq qalmaqdadır.

2023-cü ildə əhalinin gəlirləri də, inflyasiya nəzərə alınsa, kəskin artmayıb. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə əhalinin gəlirlərindəki artım 12.2 faizdir. Eyni dövrdə inflyasiya 9.4 faiz olub. Üstəlik, Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricilərinin tam reallığı əks etdirməsinə şübhələr də nəzərə alınsa, 2023-cü ildə ölkə iqtisadiyyatı ilə yanaşı, əhalinin real gəlirlərinin də ən yaxşı halda yerində saydığı üzə çıxır.

İxrac azaldı, banklar batdı

2023-cü ildə Azərbaycanın ixracdan əldə etdiyi gəlirlərdə də ciddi azalma gözə çarpdı. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin ilk 11 ayında Azərbaycan 31.5 milyard dollarlıq ixrac gəliri əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 36.3 milyard dollar idi. Deməli, ötən illə müqayisədə Azərbaycanın ixracdan götürdüyü gəlir 4.8 milyard dollar azalıb. Eyni dövr ərzində Azərbaycanın idxala çəkdiyi xərc 12.8 milyard dollardan 15.8 milyard dollara yüksəlib. Bu üzdən, indi Azərbaycanın xarici ticarət saldosu (15.7 milyard dollar) ötən illə (23.4 milyard dollar) müqayisədə 7.7 milyard dollar və ya 33 faiz daha azdır.

2023-cü il bank sektoru üçün də itkisiz ötmədi. İl ərzində iki bank – "Günay Bank" və "Muğan Bank" bağlandı. Mərkəzi Bank bankların bağlanma qərarını onların tələb edilən göstəricilərə cavab verməməsi ilə əsaslandırdı. İl ərzində iki bankın bağlanması bank sektorunda da zəif həlqələrin qaldığını göstərir.

Maliyyə Nazirliyinin dövlət borcuna dair göstəricilərindən aydın olur ki, bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 6.5 milyard dollardır. Bu, ilin əvvəlindəki göstərici ilə müqayisədə 2.5 faiz azalma deməkdir. Amma digər tərəfdən, daxili dövlət borcunda artım qeydə alınıb. Eyni tarixdə ölkənin daxili borcunun məbləği 6.1 milyard manat olub. 2023-cü il ərzində daxili dövlət borcu 1.9 milyard manat və ya 31 faiz artıb. Beləcə, ölkənin toplam borcu il ərzində 15.6 milyard manatdan 17.1 milyard manata yüksəlib.

XS
SM
MD
LG