Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:54

Ukrayna dövlət çevrilişinin qarşısının alındığını bildirir


Ukraynada təhlükəsizlik xidməti – SBU iyunun 30-da iddia edildiyinə görə Kiyevdə iğtişaş törətməyə hazırlaşan fəallar qrupunun saxlandığını bildirib.

İstintaqın məlumatına görə qrupa “hələ 2015-ci ildən anti-Ukrayna fəaliyyəti ilə tanınan ictimai təşkilatın” həmtəsisçisi başçılıq edib.

Məlumatda qeyd olunur ki, sözü gedən fəallar “veçe” keçirmək adı ilə Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən kənarlaşdırıldığını elan etməliymişlər.

Onlar bunun ardınca Verxovna Radanın binasını ələ keçirməyi və parlamentin işini bloklamağı planlaşdırırdılar.

SBU bildirir ki, iğtişaşlar haqqında məlumatları yerli və xarici media resursları yaymalı idilər.

Məlumatda qeyd olunur ki, fəallar qrupu ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirməyi planlaşdırırdı, bu isə Rusiyanın xeyrinə olardı.

Qrupun təşkilatçısı bu məqsədlə Kiyevdəki, Dneprdəki və başqa regionlardakı ictimai təşkilatların nümayəndələrini bu prosesə cəlb etməli idi.

Bu da iddia edilir ki, onlar məxfilik məqsədilə müxtəlif messencerlərlə əlaqə saxlayır və üç nəfərlik qruplarla toplaşırmışlar.

Saxlananların sayı barədə məlumat verilmir. SBU saxlananların adlarını da açıqlamayıb.

“Rusiya izi”

İyunun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Dövlət Mühafizəsi Idarəsinin rəisi Sergey Rudu vəzifəsindən azad etmişdi.

Bundan əvvəl SBU həmin idarənin Zelenskiyə, habelə SBU-nun rəhbəri Vasili Malyuka, baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanova və başqa vəzifəli rəsmilərə sui-qəsd hazırladıqları deyilən iki polkovnikini həbs etmişdi.

Qurumun məlumatına görə qəsdçilər Rusiya FTX-nin casus şəbəkəsinə daxil idilər.

Bunun ertəsi günü SBU Kiyevdə guya Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU-nun hazırladığı terror aktlarının qarşısının alındığını iddia etmişdi.

Məlumatda deyilirdi ki, SBU hadisələri qabaqlaya bilib və bu işdə “Rusiya izini” təsdiqləyən sübutlar əldə olunub.

Saxlananlar konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin qəsb olunmasına cəhd maddələri ilə ittiham olunurlar.

Bu maddə ilə onları 10 illik həbsxana cəzası və əmlaklarının müsadirəsi gözləyə bilər.

XS
SM
MD
LG