Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:17

Tarixçi ‘iki Ukrayna’, etnikləşmə, ‘yumşaq avtoritarizm’ haqda


Yaroslav Hrıtsak
Yaroslav Hrıtsak

“Kobud desək, Putin kimi liderin Ukraynada qələbəsini, 2004-05-ci illərdə Narıncı İnqilabın, 2013-14-cü illər Avromaydanın Rusiyada qələbəsini təsəvvür edə bilməzsiniz”

Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edir. Bu il həmin tarixdə Rusiyanın bu ölkəyə qarşı irimiqyaslı hücumunun altı ayı da tamam olur.

Tanınmış tarixçi, Lvovdakı Ukrayna Katolik Universitetinin professoru Yaroslav Hrıtsak AzadlıqRadiosuna müsahibəsində deyir ki, fevralın 24-də işğal başlamazdan iki həftə sonra artıq bunun uzunmüddətli müharibə olacağı, ukraynalıların bir millət kimi mövcudluğuna real risk yarandığı ortada idi. Çünki Rusiya Prezidenti Vladimir Putin ukraynalıları müstəqil dövləti, milli mədəniyyəti olmaq hüququndan məhrum etmək istəyir.

“Bu milli müharibədir, çünki heç kəs bundan yayına bilməz: Digər tərəfdən, bu hamımıza təsir göstərəcək və hamımız işğalçılara dirəniş göstərmək məsuliyyətini paylaşırıq”, – tarixçi bildirir.

Ukraynalılar yaxşı və pis nəsə edəndə...

Qərbin bu fevralda Ukraynanı yenidən “kəşf etməsi”, Avropada ərazi baxımından ən böyük, 40 milyon əhalisi olan ölkəni Qərbin çətin anlamasını tarixçi köhnə klassik oriyentalizmlə izah edir. Belə ki, Qərbdə çoxları üçün Şərqi Avropa vəhşi, ekzotik yerdir, burada münaqişə normal bir şeydir.

“İkinci səbəb Qərb elitalarının çoxunun Ukraynaya Rusiyanın imperiya tarixi prizmasından baxmasıdır. Qərbdə tarixi xronikaların çoxunda Şərqi Avropa 1920-ci ilin rus mühacirləri tərəfindən formulə edilir. Onlar Ukraynanı mənimsəyərək siyasi azadlıqdan məhrum ediblər. Britaniyalı tarixçi Norman Deyvisin dediyi kimi, ukraynalılar yaxşı bir iş görəndə rusiyalı kimi təqdim olunublar, pis nəsə edəndə ukraynalı, yaxud millətçi kimi”, – deyən tarixçi Sovet İttifaqı dağılandan sonrakı 30 ilin Ukrayna və Rusiya arasındakı fərqləri üzə çıxardığını vurğulayır.

“Kobud desək, Putin kimi liderin Ukraynada qələbəsini, 2004-05-ci illərdə Narıncı İnqilabın, 2013-14-cü illər Avromaydanın Rusiyada qələbəsini təsəvvür edə bilməzsiniz”, – o söyləyir.

Üç oyunçu

Bir çox təhlilçilər və şərhçilər “iki Ukrayna”dan danışırlar – avropapərəst qərb və rusiyapərəst şərqdən. Belə bir bölgünü tənqid edən Hrıtsak deyir ki, Ukraynanın müstəqilliyi üç, müttəfiq sayılmayan oyunçunun kompromisi nəticəsində mümkün olub: Kiyevdə Sovet Ukraynasını təmsil edən millətçi kommunistlərin, millətçi yönümlü qərbi Ukrayna elitasının və çox vaxt yaddan çıxın Donbas şaxtaçılar hərəkatının. Sonuncu Sovet İttifaqının axırlarında ən güclü sosial hərəkatlardan biri idi.

“Birincilər hakimiyyətdə qalmaq istəyirdi, ikincilər Polşa, yaxud Çex Respublikası kimi dövlət qurmaq, üçüncülərsə iqtisadi tələblərinin təmin edilməsini. Donbas şaxtaçıları əvvəlcə Rusiyaya üz tutdular, sonra Kremlin onlara fikir vermədiyini anlayaraq Kiyevə bel bağladılar.

Ukrayna müstəqilliyini elan edəndən dərhal sonra bu gerçək olmayan alyans parçalandı, bu oyunçular rəqibə çevrildilər. Buna görə də həmin məqamda vahid Ukraynadan danışmaq çətin idi.

Yadımdadır, gəncliyimdə Lvovda Kiyevə xarici şəhər kimi baxırdıq. Birinci və ikinci Maydandan (Narıncı inqilab və Avromaydan hərəkatı) sonra bu dəyişdi, Kiyev əsl Ukrayna paytaxtına çevrildi”, – tarixçi vurğulayır.

Dnepr güc mərkəzi kimi

Hrıtsak əvvəlki Dnepropetrovsk, indiki Dneprin üçüncü güc mərkəzinə çevrilməsinə də toxunur. Ukraynanın ən güclü sənaye şəhəri müəyyən müddət Sovet İttifaqını idarə edib, çünki sovet elitasının böyük hissəsi oradan idi, Leonid Brejnev və ailəsi daxil olmaqla. Müstəqil Ukraynanın bəzi siyasi xadimləri, keçmiş prezident Leonid Kuçma və keçmiş baş nazir Yuliya Timoşenko da oraya bağlı olub.

“Dnepr elitası mafiya hesab etdiyi Donetsk elitası ilə rəqabət aparırdı. Onlar deyirdilər ki, Dnepr heç vaxt (Donetsk vilayətindən olan keçmiş prezident Viktor) Yanukoviçə səs vermir.

2014-cü ildə, Avromaydan etirazları vaxtı, Krımın ilhaqı, Donbasda müharibənin başlanğıcında Lvov-Kiyev-Dnepr Ukrayna dövlətçiliyinin sütununa çevrildi”, – Hrıtsak söyləyir.

Tarixçinin sözlərinə görə, müharibəyədək Odessa və Xarkov o qədər də etibarlı sayılmırdı, hətta rusiyapərəst mövqeyə yaxın olduqları düşünülürdü. Ancaq müharibə onların qəti şəkildə ukraynayönlü olduğunu, merlərinin Rusiyaya qarşı mövqe tutduğunu, hətta ictimaiyyət arasında qismən Ukrayna dilində danışdıqlarını ortaya qoydu.

Ukrayna müharibədən necə çıxacaq

Tarixçi bu müharibədən sonra Ukraynada iki qarşılıqlı tendensiya gördüyünü deyir.

Birincisi, Ukraynanın etnikləşməsidir, 1973-cü il Yom Kippur mühüribəsindən sonra İsrailə bənzər şəkildə, yəni, etnik, dini və ola bilsin, hətta linqvistik xətlərə əsaslanan çox güclü milli kimliyin yaranması. “Bu, yumşaq avtoritarizmin yeni formasıyla üzə çıxacaq – ‘insan sifətli avtoritarizmlə’. Zelenski və komandası artıq hakimiyyəti möhkəmləndirir. Müharibə həmişə bu imkanı yaradır.

İkinci tendensiya isə Ukraynanın Avropa İttifaqına qoşulmaq yoluna daxil olması, müharibənin dağıntılarının bərpası üçün iqtisadi dəstək almasıdır, yəni çoxdan müzakirə olunan yeni Marşal Planıdır. Bu yolla dinamik demokratiya qurmaq ümidləri gerçəkləşər və Ukrayna iqtisadi anlamda bir növ Şərqi Avropanın pələnginə çevrilər”, – deyən tarixçi əsas faktorun müharibənin nə qədər çəkəcəyindən asılı olduğunu vurğulayır. Çox uzansa, birinci ssenarinin gerçəkləşməsi daha realdır: “Məsələn, daha beş il uzansa, nə baş verəcəyini bilmirik. Müharibənin müddəti də Qərbin dəstəyindən asılıdır”.

XS
SM
MD
LG