Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Ukrayna Rusiyanın Macarıstana qaz tranzitini dayandırdığını deyir


Arxiv fotosu
Arxiv fotosu

Macarıstana qaz göndərişinin kəsilməsi digər avropalı müştərilərin qazla təchizatına təsir göstərməyib

Ukrayna Rusiyanın Gazprom şirkətin Macarıstana təbii qaz tranzitini dayandırdığını bildirir. Bir neçə gün öncə Rusiyada dövlətin nəzarətində olan qaz nəhəngi Gazprom Budapeştlə uzunmüddətli qaz kontraktı imzalayıb.

Ukrayna qaz kəməri operatorunun oktyabrın 1-də verdiyi bu açıqlama Rusiyanın Avropaya qaz təchizatı sarıdan əndişələri gücləndirə bilər. Bu arada Avropada qazın rekord həddə bahalanması da gərginlik yaradıb.

Gazprom-dan dərhal şərh almaq mümkün olmayıb.

Ukraynaya təsiri

Macarıstana qaz göndərişinin kəsilməsi digər avropalı müştərilərin qazla təchizatına təsir göstərməyib. Macarıstan isə Türk Axını daxil olmaqla digər marşrutlarla Rusiya qazını alacaq.

Ancaq bu məsələ Ukraynanın tranzit haqlarından gəlirini azaldır, Ukraynanın Macarıstandan qazı təkrar idxal etməsini çətinləşdirir.

“Gazprom-un qaz marşrutlarını inhisara alması AB qaz bazarlarının işləməsinin fundamental prinsipləri – rəqabətlilik və şəffaflıq haqda sual yaradır”, – Ukrayna Qaz Nəqli Sisteminin başçısı Sergey Makoqon deyib.

Ukraynanın kəmərlər şəbəkəsi Rusiyanın Avropaya qaz ixracında dominant marşrut olub. Ancaq son illər yeni sualtı kəmərlər gündəmə gəldikcə durum dəyişib.

Şimal axını-2 kəməri isə Rusiyanın gələn ildən qazı birbaşa Almaniyaya nəql etməsinə şərait yaradacaq. Ukrayna Birləşmiş Ştatlar və bəzi digər ölkələrlə birlikdə xəbərdarlıq edib ki, Şimal axını-2 Gazprom-un Avropanın qaz bazarlarına təsirini artıracaq.

Gazprom-a ittiham

Avropada və digər yerlərdə qazın rekord həddə bahalanması qış mövsümü ərəfəsində narahatlığı daha da artırıb. Avropanın bəzi deputatları Gazprom-u bazardakı dominant mövqeyindən istifadə edərək qiymətləri qaldırmaqda suçlayır.

Macarıstanla oktyabrın 1-dən qüvvəyə minən saziş çərçivəsində həmin ölkəyə Serbiya və Avstriya ərazisindən ildə 4.5 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Kiyevlə Budapeşt arasında son illər Ukrayna məktəblərində macar dilindən istifadəylə bağlı da gərginlik var.

Macarıstanın Baş naziri Viktor Orban qaz razılaşmasıyla bağlı Ukraynanın tənqidini qəbul etmir.

“Bizə qaz lazımdır. Reallıq budur. Rusiyalılarla razılaşmalısınız”, – Orban ictimai radioya deyib.

XS
SM
MD
LG