Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:36

Ukrayna ordusuna ərzaq 2-3 dəfə baha satılır – araşdırma


Arxiv fotosu
Arxiv fotosu

AzadlıqRadiosunun Ukrayna xidmətinin “Schemes” (“Sxemlər”) araşdırma qrupu ən azı dörd iri kontraktorun Ukrayna Müdafiə Nazirliyinə ordu üçün nəzərdə tutulan ərzağı bazar qiymətlərindən baha satdığını üzə çıxarıb.

“Schemes”in tapıntıları şirkətlərin 2023-cü ilə aid kontraktlarına əsaslanır. Qrupun Müdafiə Nazirliyi ilə əlaqəli bir neçə mənbədən əldə etdiyi kontraktların ümumi həcmi 1,14 milyard dollar təşkil edir. Onların ikisindən başqa heç biri daha öncə ictimaiyyətə açıqlanmayıb.

Dövlət Vergi Xidmətinin sənədlərindən görünür ki, bu təchizatçıların Ukrayna silahlı qüvvələrinə satdığı kartof, alma, kələm və yumurtanın qiyməti 2022-ci ilin dekabrı və 2023-cü ilin yanvarında vergi orqanlarına bəyan edilmiş qiymətdən 2-3 dəfə artıqdır. Səkkiz ərzaq kontraktorundan beşinin tam vergi məlumatları açıqdır.

Kontraktorların adları gizli saxlanılır

Avropa İttifaqı (Aİ) və Qərb dəstəkçilərinin təzyiqi altında korrupsiya ilə mübarizə aparmaq öhdəliyi götürən hökumət bu cür uyğunsuzluqların olduğunu inkar etsə də, qiymət problemi qalmaqdadır.

Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından bəri Ukrayna ordusunun kontraktları dərc olunmur, kontraktorların adları isə gizli saxlanılır.

Ancaq bu ilin yanvarında “Dzerkalo Tıjnya” həftəlik qəzetinin dərc etdiyi araşdırma hər şeyi dəyişdi. Araşdırma nəticəsində Kiyevdə fəaliyyət göstərən “Aktıv” şirkətinin orduya yumurtanı satış qiymətindən 2,5 dəfə baha satdığı üzə çıxdı.

Martın 13-də isə Bohus.info saytının təchizatla bağlı araşdırmasında Dnepr şəhərində fəaliyyət göstərən “Harna Strava” şirkətinin adı ictimaiyyətə açıqlandı.

Arqument

“Schemes”in adlarını Müdafiə Nazirliyinin kontraktlarından əldə etdiyi digər altı təchizatçı şirkətsə adlarının açıqlanmasına razılıq verməyib.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ordunun kontraktorlarının adlarının özlərinin razılığı olmadan açıqlanması Ukraynanın milli maraqlarına ziddir və Ukrayna ordusunun logistika sistemi sahəsində Rusiyanın hücumuna üstünlük qazandıra və “insan itkilərinə” səbəb ola bilər.

İstər Müdafiə Nazirliyi, istərsə də təchizatçıların özləri ərzağa görə nazirlikdən pul alındığını inkar edirlər. Onlar iddia edirlər ki, pul ərzağın hərbi hissələrə, onların olduğu nöqtələrdə çatdırılması xidməti üçün alınır.

“Schemes”in hesabatında araşdırılan şirkətlərin çoxu cəbhə xəttində olmayan mövqelərdəki hərbi anbarlara irihəcmli çatdırmalar edir.

Ukrayna ordusu bu anbarlardan əsgərlər üçün yemək götürür.

“Bəzi birliklər öz yeməklərini özləri alırlar”

Ancaq Ukrayna parlamentinin Antikorrupsiya komitəsinin rəhbəri, hakim “Xalqın Xidmətçisi” partiyasından seçilmiş millət vəkili Anastasiya Radina hesab edir ki, bu sistem "təchizatdan sui-istifadə mənbəyidir”.

Müdafiə Nazirliyi təchizatçılarının xidmətinə ərzağın kataloqdakı 409 məhsul arasından seçilməsi, çatdırılma, dondurulma və əvəzetmə də daxildir.

“Reallıqda isə, hərbi birliklər ərzağı Müdafiə Nazirliyinin təchizatçılarından, özü də kataqloqdakından qat-qat az növdə alırlar… Bəzi birliklər öz yeməklərini özləri alırlar və yemək planlarını da özləri hazırlayırlar”, – Radina deyir.

Nəticə etibarilə Müdafiə Nazirliyinin “xidmətlər adı ilə aldığı ərzaq Sərhəd Xidmətinin aldığı, yaxud satış şəbəkələrində olan eyni məhsullardan dəfələrlə bahadır”, – Radina deyir.

Millət vəkili ordunun “süni xidmətlərdənsə” qida məhsulları almasını və ən çox rast gəlinən bazar qiymətinə əsasən maksimum qiymət təyin etməsini tövsiyə edib.

İşdən çıxarılanlar olub

“Dzerkalo Tıjnya”nın araşdırmasından sonra yaranan ictimai narazılıq nazirliyin təchizat şöbəsinin rəhbəri Bohdan Xmelnıtskinin işdən çıxarılmasına, nazir müavini Vyaçeslav Şapovalovun istefasına və Dövlət Təhqiqat Bürosunun (DBR) nazirliyin satınalmaları ilə məşğul olan bir neçə şəxslə bağlı araşdırmaya başlamasına səbəb olub.

Hətta bir müddət Müdafiə Naziri Oleksiy Reznikovun taleyi ilə bağlı da şayiələr meydana gəlmişdi.

Öncə “Dzerkalo Tıjnya”nın araşdırmasında iddia olunanları inkar edən, onları qarayaxma kampaniyası adlandıran Müdafiə Nazirliyi sonradan geri çəkilərək problemi həll etməyə çalışdığını bildirib.

Kontraktların müddəti qısaldılandan sonra...

Nazirlik fevralın 20-də qida təchizatı şirkətlərinin “inflyasiya və digər xərcləri” bəhanə gətirərək nazirlikdən daha çox pul tələb etməsinin qarşısını almaq üçün onlarla kontraktları 3 ayadək qısaltdığını elan edib. Nazirlik bu addımın ərzaq qiymətlərinin azalması demək olduğunu bildirsə də, “Schemes” bütün ərzaq kateqoriyaları üçün qiymətlərin azaldığını müşahidə etməyib.

Yumurta, yanvarda meydana gələn təchizat qalmaqalının mərkəzində idi. Müdafiə naziri Reznikov "texniki səhv" nəticəsində “Aktıv” şirkətinin kontraktında bir kiloqram əvəzinə 1 ədəd yumurtanın qiymətinin 17 hrıvna (46 sent) kimi göstərildiyini iddia etmişdi. Onun bu iddiası sosial mediada məsxərə obyektinə çevrilmişdi.

“Aktıv”ın Müdafiə Nazirliyinin dərc etdiyi yenilənmiş qiymət siyahısında 47% endirim görünsə də bu, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında Dövlət Vergi Xidmətinə bəyan edilən məbləğdən 64% yüksəkdir.

Kartof

Müdafiə Nazirliyinin resursları israf etməsinin ən çox nəzərə çarpan indikatorlarından biri kartofdur.

Təchizat qalmaqalından öncə təchizatçıların siyahılarında kartofun bir kiloqramı 17,7 - 27 hrıvna (48-73 sent) kimi göstərilirdi. Qiymətlərə yenidən baxılmasından sonra isə təchizatçılardan biri köhnə qiyməti saxlayıb, qalanı isə qiymətləri 29-38% endirib.

Ancaq “Schemes”in əldə etdiyi vergi sənədlərində hətta qiymətlərin düzəldilməsindən sonra belə beş təchizatçıdan dördünün orduya kartofu bəyan etdiyindən 40-50% daha baha satdığını görmək mümkündür.

Üstəlik, “Schemes”in Kiyevdə azı beş milli supermarket şəbəkəsində apardığı müşahidələrə əsasən, bu yenilənmiş qiymətlər belə orta bazar qiymətlərindən azı iki dəfə yüksəkdir. Bihus.Info-nun müxbiri Alisa Yurçenko da martın 13-də apardığı araşdırmada eyni nəticələri əldə edib.

XS
SM
MD
LG