Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:36

Ukraynada partizan hərəkatı. Sabotaj, sui-qəsdlər, propaqanda...


Xersonda Rusiya hərbçiləri
Xersonda Rusiya hərbçiləri

Xersonda iyulun ortalarında peyda olan posterlər Rusiyanın vilayətdə planlaşdırdığı referendumu pozmağı hədəfləyir


Ukraynanın iki cənub vilayətində döyüşlərin qızışdığı bir vaxtda Rusiyanın işğal etdiyi ərazilərdə məhdud səviyyəli partizan müharibəsi də aparılır. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel yazır ki, partizanlar sabotaj, sui-qəsdlər, propaqanda və dezinformasiya kampaniyaları ilə Rusiyanın nəzarətini sarsıtmağa çalışırlar.

Fevralın 24-də başlanan işğalın ilk günlərində Rusiyanın nəzarətinə keçmiş cənubi Xerson şəhərində işıq dirəklərində, avtobus dayanacaqlarında, yaşayış binalarının bloklarında plakatlar peyda olur. “Ruslar! Sizi... döndərəcəyik”, – iyunda çəkilmiş qamburqer əti şəklinin üstünə belə bir yazı vurulmuşdu.

Xerson divarlarına yapışdırılmış posterdə deyilirdi: “Yaşamaq istəyirsən? Təslim ol!” Əlavə olunmuş QR kodunu telefonla skən edəndə isə birbaşa hökumət vebsaytına girir, orada Ukrayna əsgərinə təslim olmağın yolları göstərilir.

SBU boynuna almasa da...

Hazırda həm Xersonda, həm də qonşu Zaporojyedə döyüşlər qızışıb.

Rusiya partizan fəaliyyəti ilə mübarizə aparır, adamları saxlayır. Bu kampaniyada məqsəd “informasiya əldə etmək və adamları elə qorxutmaqdır ki, işğalı qəbul eləsinlər”, – “Human Rights Watch” insan haqları təşkilatı bildirir.

Ukraynanın SBU təhlükəsizlik agentliyi məsuliyyəti götürməsə də, müşahidəçilər Rusiyanın işğal administrasiyasına qarşı kampaniyanın arxasında bu qurumun, onun hərbi tərəfdaşının, digər hökumət agentliklərinin durduğunu düşünür.

Müdafiə Nazirliyi və hərbi kəşfiyyat isə işğal olunmuş ərazilərdə partizan qruplarının durduğunu etiraf edib.

Cəzalandırılan məmur

Ukrayna Rusiyanı təyin etdiyi məmurları satqın adlandırır, onların cəzalandırılacağını bildirir. Onlardan biri, Xerson şəhər şurasının və parlamentinin keçmiş üzvü Volodimir Saldo bütöv Xerson vilayətinə qubernator təyin edib. Saldo vaxtilə rusiyapərəst Ukrayna Regionlar Partiyasının üzvü olub. Partiya 2014-cü ildə buraxılıb.

Avqustun 5-də o, ağır vəziyyətdə Moskvaya klinikaya yerləşdirilib. Rusiya xəbər agentlikləri ilkin diaqnoz kimi zəhərlənmə haqda xəbər yayıblar. Avqustun 9-da isə o, süni nəfəs aparatında ayrılıb, huşu özündə olub.

Yerli deputat Sergey Xlan Saldonun iyunundan bəri artıq ikinci dəfədir qeyri-müəyyən şəraitdə xəstələndiyini bildirib.

Saldo xəstələnən gün Xersondan şimal-şərqdə yerləşən Nova Kaxovkanın mer müavini evinin qarşısında güllələnərək öldürülüb.

Buna görə məsuliyyəti götürən olmayıb.

Avtomobil partlayışları

Xersonda bir neçə yerli məmur avtomobillərə qoyulmuş bomba partlayışlarında öldürülüb, yaxud xəsarət alıb.

Enerhodar şəhərinin Rusiyanın təyin etdiyi meri, Zaporojyenəni Melitopol şəhərində iki nəfərin partlayışlarda xəsarət aldığı bildirilir.

Melitopola Ukraynanın təyin etdiyi mer İvan Fyodorov “The Associated Press”ə deyib ki, “müqavimət hərəkatının üç hədəfi var – Rusiya silahlarını məhv etmək, işğalçılar və onlarla əlbir olanları gözdən salmaq, qorxutmaq və düşmənin mövqeləri haqda Ukrayna xüsusi xidmətlərinə məlumat vermək”.

Referenduma qarşı

Xersonda iyulun ortalarında peyda olan posterlər Rusiyanın vilayətdə planlaşdırdığı referendumu pozmağı hədəfləyir. Xersonda və Zaporojyedə keçirilməsi planlaşdırılan səsvermələrin hədəfi bu regionları Moskvaya ilhaq etməkdir. Rusiya 2014-cü ildə Ukraynanın krım vilayətini oxşar saxta referendum yoluyla ilhaq edib.

Posterlərdə ölkəsini sevən ukraynalılara xəbərdarlıq olunur ki, Rusiya pasportlarını qəbul etməsinlər. Xerson sakinlərinə belə pasportlar paylanır. Digərində çağırış edilir ki, yerli orqanların referenduma hazırlıq gördüyü yerlərdə binaların üstünə “R” hərfi çəksinlər.

Bəzi posterlərdə isə Rusiya əsgərlərini və onlara rəğbət bəsləyənləri cırnatmağa çalışırlar. İddia edirlər ki, Ukrayna qüvvələri Xerson şəhərinə yaxınlaşır.

Başqa bir posterdə Molotov kokteylinin hazırlanması qaydaları göstərilir.

Avqustun 6-da "Sarı Lent" (ukrainca Jovta Striçka) adlı təşkilat gizli “Partizan səsi” qəzeti buraxaraq yayacağını açıqlayıb.

XS
SM
MD
LG