Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:33

Savaş və şərab: Ukrayna sənayesinin mübarizə və uğurları


Heorhiy Molçanov Nikolayev yaxınlığındakı "Slivino Village" şərab zavodunda raketin yanında dayanır.
Heorhiy Molçanov Nikolayev yaxınlığındakı "Slivino Village" şərab zavodunda raketin yanında dayanır.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi bir çox ukraynalı üçün sanki yaşamını ertələmək, həyatını sonraya saxlamaq demək oldu. Şərabçı Heorhiy Molçanov da öz işini yarımçıq qoymağa məcbur qalıb. O öz şərabdadma zalı və qonaq evinin tikintisini hərbi təlimlərin və Rusiya ordusu hücumlarının sədaları altında başa çatdırıb. O, buraların çox da səs-küylü olmadığını və bu il yaxşı məhsul yetişdiyini deyir. "Üzüm bağımızda təkcə bir raket var", - Molçanov sakitcə dilə gətirir.

Aliide Neylorun məqaləsində deyilir ki, ötən ilin martında Nikolayev bölgəsinə soxularaq hava limanını ələ keçirməyə çalışan Rusiya qoşunları Xersonla Odessa arasındakı bu sıx məskunlaşmış şəhəri atəşə tutmağa başladı. Martın 29-da bir qanadlı raket bölgə hökumətinin binasına düşərək 37 nəfəri öldürdü.

Molçanov da, başqaları da belə bir ortamda işləməyə davam etdilər. Şəhərin yaxınlığında dayanan Rusiya qoşunları Ukrayna ordusunun həmin ilin payızında keçirdiyi və Xersonun azad edilməsi ilə nəticələnən uğurlu əks-hücuma davam gətirməyib geri çəkilməli oldu. Ancaq Rusiyanın şəhərə hücumları bu gün də davam edir.

Ukrayna şərabı hələ çox yenidir

Oçakovdan 60 kilometr uzaqlıqda yerləşən Beykuş üzüm bağları və şərabçılıq müəssisəsi də buna bənzər təhlükəli vəziyyətdə fəaliyyət göstərir. Burada çalışan Svitlana Tsıbak deyir ki, nə qədər çətin olsa da, "cəsur və çalışqan həmkarlarımız bu iki ildə çox yaxşı məhsul yetişdiriblər". Ukraynanın kiçik şərabçılıq müəssisələri müharibədən çox əziyyət çəksə də, dünyanın Ukrayna şərabına diqqəti artmaqdadır. Bu, qismən də Rusiyanın hücumundan qaynaqlanır. Ukrayna siyasətçiləri bu imkanı gözdən qaçırmamağa başlayıblar.

"Slivino" və "Beykuş" bu gün Ukraynada mövcud 26 şərabçılıq müəssisəsinin arasındadır. 2018-ci ildə 52; 2013-cü ildə isə 100-ə belə müəssisə varmış. 2014-cü ildə isə Rusiya "Maydan" etiraz hərəkatına və Kremlyönlü prezident Viktor Yanukoviçin devrilməsinə Donbas bölgəsində münaqişə ocağı yaratmaq və Krımı ilhaq etməklə cavab verib. Londonda yaşayan somelye (şərab bilicisi – red.) Dmitro Qonçaruk deyir ki, iqlim və torpaq şərtlərinə görə kiçik şərabçılıq müəssisələrinin əksər hissəsi Nikolayev bölgəsində cəmləşib.

Molçanov atası ilə birlikdə Nikolayev yaxınlığındakı "Slivino Village" şərab zavodunda işləyir.
Molçanov atası ilə birlikdə Nikolayev yaxınlığındakı "Slivino Village" şərab zavodunda işləyir.

Ukrayna şərabı hələ çox yenidir. İstehsalçı və alıcılar onun dünyada get-gedə daha çox tanınacağına ümid bəsləyirlər. Ukraynalı ekspertlər onun hazırda İngiltərənin yeni yaranmaqda olan şərab sənayesi ilə oxşar yerdə olduğunu deyirlər.

"10-15 ildən sonra Ukrayna şərabının gələcəyi var", - Odessada Ukrayna şərablarının satışı üzrə ixtisaslaşan "MyWine" barının keçmiş rəhbəri Yevhen Safonovun sözləridir.

Qonçaruk bu proqnozla razıdır: "Onlar sınamalıdırlar". Onun sözlərinə görə, Ukraynada şərabçı bilik və təcrübəsi sovetlər dönəmində, demək olar, məhv edildiyindən indi şərabçılar SSRİ-dən əvvəlki dövrə aid hər hansı informasiyanı axtarırlar.

"Telti-Kuruk" üzümü yalnız Ukraynada var

Qonçaruk ilk dəfə Ukrayna şərabını Britaniyaya idxal etmək haqda düşünəndə yalnız Ukraynada bitən qeyri-adi üzüm sortlarına fokuslanmaq istəyirdi. Məsələn, "Telti-Kuruk" üzümü yalnız Ukraynada var: "Bu yüzillər öncə Türkiyə, yaxud Ermənistandan gətirilib. Odessa bölgəsində çox yetişdirilirmiş. Sovet dövründə hər şeyi dəyişdirib soyuğa və xəstəliyə davamlı sortlarla əvəzləyiblər".

Şabo adlı bir şərabçı bu sortu xilas etməyi bacarsa da, o da Qorbaçovun antialkoqol kampaniyasının mənfi təsirindən qaça bilməyib. Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ardınca dünyada Ukrayna şərablarına tələbat kəskin artıb. "Ötən ilin martından bəri çox böyük tələbat var. İlin çox bölümündə tələbat azalmayıb və hər kəs Ukrayna şərabı axtarıb. …Hər şeydən öncə, insanlar maraqlanır, axı Ukraynada şərab hazırlandığını heç bilmirdilər. Elə bilirdilər ki, bu çox soyuq bir ölkədir – Rusiya kimi bir yerdir. Bu şərabın olması belə onları təəccübləndirdi", - Qonçarukun sözləridir.

Nikolayev vilayətinin Parutino kəndi yaxınlığındakı üzüm bağında işçilər məhsul yığırlar.
Nikolayev vilayətinin Parutino kəndi yaxınlığındakı üzüm bağında işçilər məhsul yığırlar.

"Savaş hər şeyi əlimizdən aldı"

Rusiyanın hücumu Ukrayna şərabçılarının işinə bir yandan yardım etsə də, o biri yandan çox çətinləşdirib. Üzüm sahələrində dağıntı, ölüm və bomba partlayışları bir yana, məhsulu daşımağa gərəkən vaxt da uzanıb.

Molçanov deyir ki, istər daşıma, istərsə traktorlar üçün lazım olan yanacaqla bağlı çox böyük problem var. Onun sözlərinə görə, insanlar yanacaqdoldurma stansiyalarında saatlarla gözləyəndən sonra yenə də heç nə ala bilmədən əliboş qayıdırlar: "Bütün təchizat zəncirləri qırılıb. Bəzi kimyəvi maddələr, əkmək istədiyiniz bəzi ağaclar yox… Çox sayda insan sadəcə ərazini tərk edir… Bütün bunları yenidən qurmaq üçün heç nə edə bilmirsən".

Üstəlik, ötən ilin martında Ukraynadakı əsas şüşə zavodunun bombalanmasından sonra şərab şüşələri də tapılmır. "Şüşə və işçilərin olmaması üzündən şərabı qablaşdıra bilməmişik", - Tsıbak deyir.

Rusların çapıb-talaması da şərab işində çalışanlara çox böyük ziyan vurur. Xerson bölgəsində yerləşən keçmiş "Knyaz Trubetskoy", indiki "Stoik" şərabçılıq müəssisəsi həm bombardmanlardan dağılıb, həm də Rusiya işğalı dövründə ağır qarətə məruz qalıb. "Müharibə hər şeyimizi əlimizdən aldı – şərab oğurlandı, şüşələr sındırıldı, işçilərimiz zorakılıqdan qaçıb getməli oldu, anbarlarımız bombalandı", - "Stoik" şirkəti aprel ayında Instagram-da belə yazıb.

"Biz ianə yolu ilə əsgərlərimizə dron veririk"

Şərab istehsalçıları, imkan daxilində, döyüşçülərə və çevrədəki icmalara da yardım göstərməyə çalışırlar. Nikolayevdə su təchizatı problemləri yarananda sakinlər çox zaman Molçanovun sexinə gəlib öz konteynerlərinə buranın təmizlənmiş suyunu doldururdular. Molçanov qrant sayəsində ətraf bölgələri də su ilə təchiz edə bilib. Tsıbak "Beykuş" şərabçılıq müəssisəsinin Ukrayna ordusuna dəstək verdiyini deyir: "Biz ianə yolu ilə əsgərlərimizə dron veririk. Ukraynada və onun xaricində xeyriyyə tədbirləri keçiririk. İllərdənqalma və özəl vintaj şərablarımızla hərraclar keçiririk".

XS
SM
MD
LG