Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:20

Strip-klublara, tatu salonlarına çevrilmiş sığınacaqlar


Donetskdə sığınacaq
Donetskdə sığınacaq

Kiyevdə hakim orqanlar 4 min 500-ə yaxın yeraltı məkanın 19 faizinin istifadəyə hazır olmadığını açıqlayıb

AzadlıqRadiosu-nun Ukrayna xidməti ölkənin cənubunda vacib liman şəhəri olan Xersonda hava hücumları və artilleriya bombardmanından qorunmağın çətin olduğunu bildirir.

Rusiyanın Ukrayna ilə sərhədə 130 min əsgər yığdığı bildirildiyi bir vaxtda 44 milyon əhalisi olan ölkədə bomba sığınacaqlarının durumu öyrənilir. Sakinlərə Soyuq müharibə dövrünün sığınacaqlarının azından harada yerləşdirildiyi xəbər verilir.

Paytaxt Kiyevdən 545 kilometr cənubda yerləşən Xersonda Şəhər Şurası bu ayın əvvəlində hesabatında qeyd edirdi ki, 139 sığınacağın çoxu biznes məkanlarına – bərbərxanalara, tatu salonlarına çevrilib. Onillərin baxımsızlığı bəzilərini istifadəyə yararsız edib.

Hədəfdə olan Xerson

Rusiyanın ilhaq etdiyi Krım yarımadası Xersondan 150 km şimalda yerləşir. Ukraynanın kəşfiyyat rəsmiləri Moskvanın Krımda 33 minlik daimi əsgəri qüvvə, müasir donanma, quru və hava silahları yerləşdirdiyini bildirir. Rusiya Ukrayna ilə sərhədindən Krıma uzanan hissəni tutmağa qərar verərsə, bu liman şəhəri hədəf olacaq. Rusiyanı Krıma hazırda bircə körpü birləşdirir.

Xerson Şəhər Şurasının mülki müdafiə departamentinin aparıcı mütəxəssisi Oleh Holovati deyir ki, “sığınacaqların çoxu bərbad vəziyyətdədir”.

Bir səbəb odur ki, 280 min sakini olan şəhərdəki sığınacaqların cəmi 17-si dövlətə məxsusdur. Qalanları kondominium birliklərinə, yaxud özəl obyektlərə məxsusdur, bəzi hallarda sənədlərdə heç sahibi göstərilmir.

“Ona görə də vətəndaşları kondominium, yaxud xidmət şirkəti başçılarından zirzəmilərdə sığınacaqların bərpasını tələb etməyə çağırırıq”, – Holovati deyib.

Su sızanı da var, su çənləri olanı da

“Naddnipryanska Pravda” çap evinin altında yerləşən sığınacaqlarda birinə yeraltı suların sızdığı bəlli olub. Digərlərinə ya çıxış məhduddur, ya da sadəcə qıfılıdırlar.

Normal təchiz olunmuş sığınacaqlar şəhərə məxsusdur. Bir yerli xəstəxanadakı sığınacağa 300 nəfər yerləşə bilər. Bu məkanda 300 litrlik su çənləri, kanalizasiya sistemi, hava təchizatı xətləri, generator, fövqəladə çıxış olduğu deyilir.

Ancaq zirzəmilərdə yerləşən əksər sığınacaqlardan bir saatdan dörd saatadək istifadə etmək olar.

Ukraynanın şərqindəki münaqişə ölkənin qalan yerlərinə keçərsə, mülki müdafiə siqnalı çalınacaq. Bu zaman vətəndaşlar radio və televizorları söndürüb təlimat gözləməlidirlər. Ötən ilin iyununda dərc olunmuş kitabçada qeyd edilir ki, sığınacaqlara üz tutanlar özləri ilə şəxsiyyət sənədləri, su, pul, dərman, vacib ərzaq aparmalıdır.

Rəsmi məlumatda ölkə üzrə 21 min sığınacaqdan cəmi 11 faizinin işlək olduğu bildirilir.

Kiyev, Xarkov kimi böyük şəhərlərdə yeraltı keçidlər, parklama sahələrindən sığınacaqlar kimi istifadə oluna bilər.

Böyük şəhərlərdə vəziyyət

Xarkov regionunun paytaxtı Rusiya ilə sərhədin 40 kilometrliyindədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bu ərazini Rusiyanın potensial hədəfi adlandırmışdı. Yanvarda sığınacaqların auditi aparılıb. 300 sığınacaq və 4 min zirzəmidən 80 faizə qədərinin istifadəyə hazır olduğu bildirilir. Paytaxtın 1.4 milyonluq əhalisi üçün sığınacaqların onlayn, interaktiv xəritəsi də hazırlanıb.

Kiyevdə isə hakim orqanlar 4 min 500-ə yaxın yeraltı məkanın 19 faizinin istifadəyə hazır olmadığını açıqlayıb. Xersondakı kimi, burada da bir çox zirzəmilərin biznes məkanına, striptiz klubuna çevrildiyi üzə çıxıb.

Kiyevin mərkəzində böyük stadion yaxınlığında yerləşən klubun sahibi mediaya müsahibəsində söz verib ki, şəhərə hücum olarsa, adamların içəri girməsinə icazə verəcək.

Yaxınlıqda yaşayan parlament üzvü Lesya Vasilenko isə Twitter-də zarafatla yazıb ki, ümid edir, “fövqəladə vəziyyətdə üz nəzarəti çox sərt olmayacaq”.

XS
SM
MD
LG