Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:52

Pandemiya vaxtı tələbə izdihamının səbəbləri…


Bakı Dövlət Universiteti qarşısında izdiham. 29 sentyabr 2021
Bakı Dövlət Universiteti qarşısında izdiham. 29 sentyabr 2021

Dünən, sentyabrın 29-da Azərbaycan ali məktəblərində yeni dərs ili üzrə dərslər başladı. Bununla da son illər koronavirus pandemiyası ilə bağlı Azərbaycandakı ali məktəblərdə, əsasən, distant formada aparılan tədris prosesindən əyani tədrisə keçildi.

Sosial şəbəkələrdə və bəzi media orqanlarında yeni tədris ilinin ilk günündə universitetlərin qarşısında uzun növbələrin və bəzi hallarda da izdihamın yaranması görüntüləri yayıldı. Bu hal Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun, tələbələrdə peyvənd olunmalarına dair COVID-pasportların yoxlanması ilə izah edilirdi.

BDU
BDU

"Mühafizəçilər universitet ərazisindən kənarda nəzarət edə bilmir"

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Turan"a bildirilib ki, tələbələrin sayının çoxluğu, birinci kursların ilk dərs gününə valideynləri ilə gəlmələri və valideynlərinin tədris bitənədək onları gözləməsi binanın qarşısında izdihamın yaranmasına səbəb olub: "Mühafizəçilər universitet ərazisindən kənarda nəzarət edə bilmir. Amma hər bir korpusda və fakültələrdə tələbələrin COVID-pasportunun mövcudluğu fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".

Qeyd olunub ki, sıxlıq tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır: "Valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər".

Təhsil Nazirliyinin mövqeyi

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə agentliyə deyib ki, bu məsələlərin tənzimlənməsi işini ali təhsil müəssisələri özləri həll etməlidir.

K.Əsədov
K.Əsədov

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, təhsil sistemi planlaşmanı və proqnozlaşmanı özündə əks etdirən vacib bir sahədir: "Hamı bilirdi ki, 29 sentyabrda ölkə üzrə, ən azı, 186 min şəxs ali təhsil müəssisəsinə gedəcək. Bu gün Azərbaycanda təkcə üç universitetin – Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Dövlət Pedaqoji Universitetinin tələbələrinin sayı 60 mindən çoxdur. Biz xəbərdarlıq edəndə ki, sıxlıq yaranacaq, onlar demişdi ki, problem olmayacaq".

"10 dəqiqə işləmək lazım idi"

Ekspertin sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün cəmi 10 dəqiqə işləmək lazım idi: "Hər bir ali təhsil müəssisəsi tələbəyə tələbə bileti verir. Xüsusən də tələbələrin sayı çox olan universitetlər smart-tələbə kartından istifadə edirlər, onu girişdə turniketə yaxınlaşdırıb binaya daxil olurlar. Ali təhsil müəssisələri həmin elektron smart sistemə TƏBİB-in COVID-pasport ilə bağlı məlumatlarını yerləşdirə bilərdi. Bu ağır və çətin proses deyil".

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

"Bu proqram ilə bağlı təkliflərimizi vermişdik"

K.Əsədovun fikrincə, problemi üztanıma proqramı vasitəsilə də həll etmək olardı: "Avtomatik üztanıma proqramı ilə tələbələrin COVID-pasporta malik olub-olmamasını 10 metrlik məsafədən müəyyənləşdirmək olardı. Sentyabrın 29-da universitetə gələn tələbə bir dəfə yoxlanılacaqdı, növbəti günlərdə isə buna ehtiyac qalmazdı, çünki üzü proqramın yaddaşında qalacaqdı. Biz bu proqram ilə bağlı təkliflərimizi vermişdik və xidmətlərimizi təklif etmişdik".

Mütəxəssis deyir ki, bu proqram təminatı tələbələrin sürətlə yoxlanıb keçməsinə və 10 metrlik məsafədən temperaturlarının ölçülməsinə imkan yaradır: "Bununla da sıxlıq aradan qaldırılacaqdı və təhlükəsizlik təmin olunacaqdı. Hazırda isə bizə məlumatlar daxil olur ki, bu gün artıq növbələr yaranmasın deyə, tələbələri yoxlamadan universitetlərə buraxırlar".

Ekspertin bu dediklərinə Təhsil Nazirliyindən, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 30-na kimi ümumilikdə 483 min 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 513-nün vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG