Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:23

Prezidentin Amerika səfərindən təkcə siyasi yox, iqtisadi nəticələr də gözlənilir


İlham Əliyev Mərkəzi Azəri neft yatağında
İlham Əliyev Mərkəzi Azəri neft yatağında
Azərbaycanın coğrafi mövqeyi Amerikaya neft-qazla zəngin olan Türkmənistan və Qazaxıstandan yararlanmağa imkan verir

İlham Əliyevin Amerikaya səfəri barədə «Azadlıq» radiosu məlumat yayandan indiyə qədər əsasən səfərin siyasi tərəfləri müzakirə olunur. Amma ABŞ Dövlət Departamentinin son açıqlaması prezidentlərin görüşündə Amerika ilə Azərbaycan arasında enerji məsələlərinin də diqqətdə saxlanılacağını deməyə əsas verir.


Düzdür, Azərbaycanın öz təbii ehtiyatları ilə bağlı əsas müqavilələr bağlanıb, regionun ən böyük layihəsi – BTC reallaşmaq üzrədir. Amma Azərbaycanın coğrafi mövqeyi Amerikaya neft-qazla zəngin olan digər keçmiş Sovet ölkələrindən, konkret desək, Türkmənistan və Qazaxıstandan yararlanmağa imkan verir. Ekspertlərin fikrincə, Amerika axır vaxtlar Qazaxıstanın enerji layihələrinin Rusiyanın təsir dairəsinə keçə biləcəyindən narahatdır. Bu ölkənin prezidenti Nursultan Nazarbayev Rusiyanın dövlət başçısı ilə görüşündə demişdi ki, Qazaxıstan neft və qazının Rusiya vasitəsilə nəqlini artırmaq istəyir.


Bundan başqa, ortada zəngin neft yataqları olan Türkmənistan amili də var. İndi Türkmənistan öz qazını ancaq Rusiya vasitəsilə satır. Ekspertlərin fikrincə, elə buna görə də Amerika və Azərbaycan prezidentləri enerji layihələrindən danışsalar, ilk növbədə Transxəzər – Türkmənistan və Qazaxıstan qazının Xəzərin dibiylə Azərbaycana, ordan da Avropa bazarlarına çıxarılması layihəsi üzərində dayanacaqlar.


Politoloq Rasim Musabəyov: "Rusiya indi layihənin reallaşmasının əleyhinədir, İran da həmişə buna qısqanclıqla yanaşıb. Rusiya maraqlıdır ki, Qazaxıstan nefti BTC-yə yox, öz ərazisindən Novorossiyskə çıxsın".


Transxəzərin reallaşması üçün layihənin tərəfləri olan ölkələr bir araya gəlməlidirlər. Azərbaycanla Türkmənistan arasında isə həll edilməmiş məsələlər hələ qalır. Türkmənistanın «Sərdar», Azərbaycanın «Kəpəz» adlandırdığı yatağın hansı ölkəyə məxsus olması hələ ki, mübahisəlidir. Xəzərin statusunun müəyyənləşməsində də Türkmənistanla Azərbaycanın mövqeyi üst-üstə düşmür.


Politoloq Zərdüşt Əlizadə deyir ki, Corc Buşun İlham Əliyevə bir tövsiyəsi də Türkmənistanla münasibətləri qaydaya salmaqla bağlı ola bilər: «Mən əminəm ki, o deyəcək ki, Türkmənistanla münasibətləri qaydaya sal. Hətta bəlkə dedi ki, Türkmənistandan Azərbaycana bir qaz kəməri də çək».

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun fikrincə, sadalanan məsələlərlə yanaşı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulunun sürətləndirilməsi də müzakirə mövzusu olacaq. İndi Azərbaycan qanunları bank və sığorta bazarına beynəlxalq investisiyaların qoyulmasını məhdudlaşdırır. Bu təşkilata qəbul həmin məhdudiyyətləri aradan qaldıra, deməli, Amerika investisiyalarının Azərbaycana daha rahat daxil olmasına səbəb ola bilər.

Energetika məsələləri üzrə ekspert İlham Şaban isə hesab edir ki, prezidentlər neft pullarından səmərəli istifadə barədə də danışacaqlar, neft pullarını terrorizm və narkomaniyanın maliyyə mənbəyi olmaqdan qorumağın əhəmiyyəti xüsusi vurğulanacaq.


XS
SM
MD
LG