Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:34

Azərbaycanda uşaqların 35 faizi hər gün 5 saatdan çox internetdən istifadə edir


Sorğu sonuclarının analizi göstərir ki, uşaqlar internetə daha çox mobil telefon vasitəsi ilə daxil olurlar.
Sorğu sonuclarının analizi göstərir ki, uşaqlar internetə daha çox mobil telefon vasitəsi ilə daxil olurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi ilə bağlı araşdırma aparıb. Azərbaycanın 11 rayon və şəhərində yaşayan 6-18 yaş aralığındakı 2 min 18 uşaq arasında sorğu da keçirilib. Sorğu sonucları göstərib ki, ölkədə uşaqlar arasında internetdən istifadə yüksək səviyyədədir. Sorğuya qatılanların 75 faizi internetdən hər gün yararlandığını bildirib. Sorğu iştirakçılarının 20 faizi internetdən hər həftə, 5 faizi isə hər ay istifadə etdiyini söyləyib. Sorğu nəticələrinə görə, uşaqların 58 faizinin fikrincə, internetsiz həyat darıxdırıcı, boş və sevincsiz olardı.

Uşaqların internetdən günlük istifadə müddəti ilə bağlı sualın analizi göstərir ki, uşaqların 35 faizi internetdə hər gün 5 saatdan çox vaxt keçirir. Sorğuya qatılanların 31 faizi hər gün 3-5 saat aralığında internetdə vaxt keçirdiyini deyib. Sorğu sonucları uşaqlar arasında onlayn tanışlıqların da yetərincə geniş yayıldığını göstərir. Sorğuda qatılan 18 yaşadək uşaqların 53 faizi (1 min 64 nəfəri) internetdə tanış olduğu şəxslə gerçək həyatda görüşdüyünü bildirib. İştirakçıların 27 faizi internetdə tanış olduğu heç kimlə görüşmədiyini, daha 20 faizi isə şəxsən tanımadığı insanlarla internetdə danışmadığını söyləyib. Sorğuya qatılan uşaqların 6 faizi internetdən tanıdığı biri tərəfindən zorakılıq gördüyünü qeyd edib.

Sorğu nəticələrinə görə, uşaqlar internetdə ən çox sosial şəbəkələrdən (Instagram, TikTok, Facebook) yararlanırlar. Respondentlərin 22 faizi internetdən ən çox sosial şəbəkələrə daxil olmaq üçün faydalandığını deyib. Respondentlərin 21 faizi internetə ən çox yazışma proqramlarından istifadə etmək, daha 21 faizi isə axtarış sistemlərindən yararlanmaq üçün baş vurduğunu vurğulayıb. Uşaqların internet istifadəsində Youtube-un (13 faiz), onlayn oyunların (9 faiz) və onlayn film saytlarının da (8 faiz) nisbətən yüksək payı var.

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Ata-anaların yanaşması

Sorğu sonuclarının analizi göstərir ki, uşaqlar internetə daha çox mobil telefon vasitəsi ilə daxil olurlar. Sorğuya qatılan uşaqların 93 faizi internetə mobil telefonla bağlandığını deyib. Sorğu iştirakçılarının 37 faizi valideynlərinin kompüter və ya telefonu ilə də internetə daxil olduğunu bildirib. Uşaqlar arasında internet-klublardan internetə bağlananların özəl payı 13 faiz civarındadır.

Sorğu sonuclarından görünür ki, Azərbaycanda ata-anaların böyük bölümü uşaqların internetdən istifadəsinə o qədər müdaxilə etmir. Sorğu iştirakçılarının 67 faizi bildirib ki, valideynləri onların internetdən istifadəsi ilə bağlı heç bir qayda qoymayıb. Sorğuya qatılanların cəmi 30 faizi onların internetə girişini ata-analarının məhdudlaşdırdığını və ya bu bağlantıya vaxt limiti qoyduğunu deyib. Sorğuya qatılanların cəmi 3 faizi ata-analarının valideyn nəzarət proqramlarından istifadə etdiyini söyləyib.

Uşaqların çoxu valideynlərinin onların internet istifadəsinə müdaxiləsindən narazıdır. Sorğu iştirakçılarının 60 faizi internetə girişlə bağlı qaydalarla razı deyil və internetdə daha çox vaxt keçirmək istəyir. Respondentlərin təxminən 6 faizinin fikrincə, belə məhdudiyyətlər valideynlərinin onlara güvənmədiyinin göstəricisidir. Sorğuya qatılan uşaqların 34 faizi ata-analarının internetdən istifadə ilə bağlı məhdudiyyətləri ilə razıdır və bu addımın onları qorumaq məqsədi güddüyünü bilir.

Sorğu nəticələrinə görə, uşaqların 67 faizi internetdən aldığı bilgiləri heç vaxt valideynləri ilə müzakirə etməyib. Daha 21 faizlik bölüm internetdən əldə etdiyi bilgiləri tək-tək hallarda ata-anası ilə dartışır. Respondentlərin cəmi 1 faizi internetdən aldığı bilgiləri hər zaman valideynləri ilə müzakirə etdiyini söyləyib.

Uşaqlar üçün 'Halal İnternet' nə vaxt reallaşacaq?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

İnternetdə təhlükələr

İnternet ortamının təhlükəsizliyi özəlliklə uşaqların internetdən istifadəsi baxımından ən çox dartışılan mövzulardan biridir. Səbəb – kiberzorakılığın bütün dünyada getdikcə daha da yayğınlaşmasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaqlar arasında keçirdiyi sorğu ölkədəki uşaqların önəmli bölümünün internetdə özünü güvəndə hiss etmədiyini göstərir. Sorğuda qatılan uşaqların 37 faizi internetdə özünü təhlükəsiz hiss etmədiyini bildirib.

Araşdırmanın nəticələrinə görə, sorğuya qatılan uşaqların 96 faizi internetdə olduğu zaman ədəbsiz bilgilərlə (şəkillər, videogörüntülər və s.) qarşılaşdığını qeyd edib. Sorğu sonucları göstərir ki, internetdən yararlanan uşaqların 85 faizi pis davranış və xoşagəlməz təkliflərlə üzləşib. İnternetdən istifadə zamanı qeyri-etik sözlərlə qarşılaşdığını bildirənlərsə sorğu iştirakçılarının 82 faizi qədərdir. Respondentlərin 45 faizi də zorakılıq və qəddarlığın nümayişinə şahid olub.

Araşdırma çərçivəsində uşaqlardan internetdə özünə təhlükə hiss edərsə, kimə müraciət edəcəyi də soruşulub. Nəticələrə görə, belə anlarda uşaqlar ən çox dostlarını bilgiləndirməyi üstün tuturlar. Sorğuya qatılan uşaqların 72 faizi internetdə özünə təhlükə hiss edərsə, dostuna məlumat verəcəyini söyləyib. Respondentlərin toplam 23 faizi valideyninə, 2.1 faizi polisə, 1.7 faizi isə müəlliminə bilgi verəcəyini bildirib.

XS
SM
MD
LG