Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:06

Bakıda 4-yaşlı qızın döyülüb öldürülməsi işi: yeni iddialar...


Uşaq zorakılığı
Uşaq zorakılığı

Bakının Xəzər rayonu, Qala qəsəbəsində 4-yaşlı Məryəm Hüseynlinin döyülüb öldürülməsi, meyitin isə quyuya atılması ilə bağlı xeyli vaxtdır məhkəmə araşdırmaları gedir. Uşağın ölümünə görə qonşuluqda yaşayan, eyni zamanda, atası ilə dost olan Mehman Mansurov cinayət məsuliyyətinə cəlb edilib. Doqquz aydır həbsdə olan Mansurov istintaq dövründə Məryəmi özü döyüb öldürməsi haqda ifadə versə də, məhkəmədə fərqli danışıb.

Azyaşlının öldürülməsi ilə bağlı araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Oktyabrın 19-da məhkəmədə Mansurov deyib ki, uşağı özü yox, qeyri-rəsmi həyat yoldaşı öldürüb. O iddia edib ki, hadisə günü – yanvarın 23-də işdən evə qayıdanda birlikdə yaşadığı Xəyalə adlı qadın artıq Məryəmi öldürmüşdü: "Mən ancaq onunla birlikdə meyiti büküb, aparıb quyuya atmaqda iştirak eləmişəm. Uşağın öldürülməsindən mənim xəbərim olmayıb".

"Uşağa baxacaq başqa heç kimim yox idi"

2018-ci il təvəllüdlü Məryəmin 1 yaşı tamam olmamış onun anası Günellə atası Taleh Allahyarov ayrılıb. Uşaq atasının yanında qalıb.

Allahyarov ifadəsində deyib ki, nənəsi də onlarla birlikdə yaşayırdı, amma uşağa baxmaq istəmirdi. Ona görə də işə gedəndə uşağı qonşuluqda yaşayan, 11 ildir dostluq etdiyi Mehmangildə qoyurdu. O evdə Mansurovun qeyri-rəsmi birlikdə yaşadığı Xəyalənin də uşaqları olub: "Xeyli vaxtdır ki, onlar gedəndə uşaqları mənim yanımda qoyurdular, mən də işə gedəndə onlara verirdim Məryəmi. Çünki uşağa baxacaq başqa heç kimim yox idi".

Allahyarovun sözlərinə görə, iki gün sonra işdən qayıdanda dostuna zəng edib, uşağı gətirməsini istəyib. Dostu öncə uşağın xalası qızıgildə olduğunu, sabah gətirəcəyini bildirib. Ertəsi gün isə başqa bəhanə gətirib.

Məryəmin atasının polisə şikayətindən sonra məsələnin üstü açılıb. Uşağın meyiti yaşadıqları ərazidə 10 metrə yaxın dərinliyi olan quyudan tapılıb.

"Dedi ki, meyiti gizlətməyə kömək elə"

Uşağı öldürməkdə suçlanan Mansurov əvvəlki ifadələrində demişdi ki, hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törədib: "Ağlayırdı, yatmağa imkan vermirdi. Onu sakitləşdirə bilmirdik. Buna görə döydüm...".

Amma oktyabrın 19-da məhkəmədə ifadəsində deyib ki, Xəyalə Məryəmin onlara gətirilməsinə etiraz edirdi, uşağa baxmaq istəmirdi. O isə qadının narazı olmasını uşağın atasına deyə bilmirdi: "Hirslənəndə onu vururdu. Hadisə günü də əsəbiləşib döyüb, uşaq ölüb. Mənə dedi ki, meyiti gizlətməyə kömək elə. Mən də elədim...".

Mansurovun dediyi halların araşdırılması, onun səsləndirdiyi fikirlərinin doğru olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəmənin bu cinayət işini istintaqa qaytarması istisna olunmur.

Atası da həbs olunub

Azyaşlının atası Taleh Allahyarov da hadisədən sonra həbs olunub. O da uşağa əzab verməkdə suçlanır. Hadisədən sonra Allahyarovun evdə tavandan asılmış kəndiri uşağın boynuna keçirdiyi, bunu videoya çəkib həyat yoldaşına göndərdiyi məlum olmuşdu. Allahyarov bu əməlinə görə həbs edilib.

Ona CM-in 133.2.4 (əzab vermə-yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Uşağı öldürməkdə suçlanan Mehman Mansurova qarşı CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Bu maddədə 9 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG