Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:46

Erməni yazıçı Bakıda başına gələnləri danışır


Vahe Avetian
Vahe Avetian

Erməni yazıçısı: “Bakıya səfərimi zarafatla miniHəcc adlandırdım”

“Mən Azərbaycana gəlməkdən ötrü dövlətdən, hakimiyyətdən icazə almaqdan imtina edirəm”. Son dəfə bu sözlərlə mediada bir daha boy göstərən Vahe Avetian həm ünlü yazıçıdır, həm siyasətçidir, həm də dissidentdir. İsveçdə mühacir həyatı yaşayan və gözlənilmədən Bakıya “uçan” Vahe ötən həftə elə Bakı hava limanındanca geri qaytarılıb. O, olub-bitənləri AzadlıqRadiosu-na danışıb.

Buna da bax:​ Qarabağı Azərbaycanın parçası sayan erməni dissident...

– Vahe, Azərbaycana səfərdən nə umurdunuz?

– Bir il öncə Xocalıda baş verənlərə görə, azərbaycanlılardan üzr istəmişdim. Düşündüm ki, bunun məntiqi sonluğu şəxsən mənim Xocalı qurbanları abidəsi önünə gül qoymağım olmalıdır. Dini ayrıseçkiliklə bağlı bir çox düşüncəm var. Bir erməninin azərbaycanlıyla məsciddə necə dua etdiyini öz nümunəmdə göstərmək istərdim. Mən yazıçıyam, bu mövzuda çox yazmışam. Ardıcıl olmaq lazımdır. Danışdığın şeyləri reallaşdırmalı, əməldə göstərməlisən. Bu üzdən, Bakıya səfərimi zarafatla miniHəcc adlandırdım. Mən siyasətçiyəm və bu məsələnin çox üzü var, yəni bu, inkişaf edəcək. Mənim addımım tarixdə bəlkə bir nöqtədir: 25 il sonra Azərbaycana silahsız, dostluqla, barışla bir erməni gəlib. Bu, faktdır. Burda çox şeyi bizim cəmiyyətlərimiz – istər azərbaycanlılar, istərsə ermənilər araşdırmalıdır. Araşdırmalıdırlar ki, rəhbərlərimiz bizim fikirlərimizi, bizim arzularımızı nə dərəcədə ifadə edə bilirlər? Bax bu, təhlil edilməlidir. Mən bura Mao Tszedun (Mao Zedong) kimi gəlməmişdim. Bura bir vətəndaş olaraq gəlmişdim, bir başqa vətəndaşın yanına düşüncə yemiylə gəlmişdim. Bu barədə çox danışa bilərəm, burda çox şeylər var. Bir addım atmazdan öncə mən çox götür-qoy edirəm. Sadəcə, bu qəflətən, gözlənilmədən baş verəndə düşünürlər ki, mən bu addımı düşünmədən atmışam. Belə deyil.

Erməni yazıçısı: 'Bakıya səfərimi zarafatla miniHəcc adlandırdım'
Gözlə

No media source currently available

0:00 0:07:13 0:00

– Siz Bakıya vizasız gəlmişdiniz. Azərbaycan hakimiyyətinin sizə viza verəcəyinə ümid edirdiniz?

– Bəli. Düşünürdüm ki, elə həmin gün Azərbaycan hakimiyyəti qərar verərək bu qanunu ləğv edəcək.

Buna da bax:​ Erməni tarixçi Ə.Əylislini ittiham edir: "Tariximizi azərbaycanlaşdırıb"

– Nəyi ləğv edəcək?

– Mən düşünürəm ki, ölkələr arasında vızaya ehtiyac yoxdur. Yəni mənim Azərbaycan xalqına xidmətimdən yararlanaraq, belə addım atılacaq. Belə bir imkan vardı, ancaq ondan yararlanmadılar. Bu, pisdir... Düzü, məni Azərbaycana buraxacaqlarını düşünmürdüm. Əslində, mən bunun necə işləyəcəyini bilirdim... Mən Azərbaycana gəlməkdən ötrü dövlətdən, hakimiyyətdən icazə almaqdan imtina edirəm. Qafqazda insan azad gəzməlidir, ümumiyyətlə, bütün dünyada insan azad gəzib dolaşmalıdır. Özəlliklə Qafqazda insan azad olmalıdır. Belə bir qanun diktatura qurulmuş Ermənistanda da yoxdur, Gürcüstanda da. Azərbaycanın da bu cür qanuna ehtiyacı yoxdur. Dostcanlı ermənilər bura gəlib-getsələr, Azərbaycana da pis heç nə olası deyil. Hətta bir az da çoxunu deyim. Amerikadan, Avropadan olan bəzi dost ermənilər Azərbaycana investisiya qoya, gəlib biznes qura, hətta turizmlə bağlı Azərbaycana pul qazandıra bilərlər. Çox şey etmək olar.

– Necə düşünürsünüz, Azərbaycan və Ermənistan toplumları buna hazırmı? Aralarındakı problemi yoluna qoyublarmı ki indi də birgə iş qurmaq, pul qazanmaq barədə düşünsünlər?

– Mən də həm xalqdan, həm də hakimiyyətdən soruşmaq istərdim: İnsanlar, siz ölmək istəyirsiniz, yoxsa yaşamaq? Oyanın, nəhayət! Yetər! Mən heç kimə yad adam deyiləm. Mən qafqazlıyam. Mən İsveçdə azad, firavan həyat yaşayıram. Bəlkə də məni buraya 25 ildən sonra Tanrı göndərib siz əzizlərimə deyim ki, insanlar, doğmalar, siz böyük stresslər, psixoloji sarsıntılar yaşamısınız, savaş, zəlzələ, soyuq, aclıq, - çox şey görmüsünüz. Artıq siz üzülməyəsiniz deyə, kimsə deməlidir ki, dayanın, oyanın, siz ətalətlə yuvarlanıb gedirsiniz, axı. Bu qıraqdan da görünür, sakitləşin!..

Buna da bax:​ Qarabağda ermənilər arasında sorğu - rayonlar Azərbaycana qaytarılsa...

– Sizin Azərbaycana gəlişiniz çox dartışıldı. Aradan 20-25 il ötüb, çoxları Qarabağda olanları, ölümləri, itkiləri hələ unutmayıb və barışa hazır deyil. İki xalqın yaxınlaşmasından sonra torpaqların işğal altında qalmasından qorxanlar var. Bəziləri də sizin bura gəlişinizi təxribat-provakasiya kimi dəyərləndirir...

– Mən səfərimlə barış barədə fikirləri provakasiya edirəmsə, bunu, provakasiya sayın. Bu, pis provakasiya deyil. İnsanlar qorxurlarsa... Nədən qorxurlar ki? Mən o insanları öldürməmişəm. Mən insanların öldürülməsinin əleyhinəyəm. Mən qonşu kimi gəlmişəm. Deyirəm ki, belə hadisələr baş verib, amma gəlin sizinlə danışa bilən ermənilərin olmasından yararlanın. Ümumiyyətlə, siz barış prosesini necə təsvvür edirsiniz? O necə baş verir? Yuxarıdan iki prezident göstəriş verir ki, sakitləşin, vəssalam? Yoxsa biz iki xalq olaraq, bir araya gəlib danışmalı, bir-birimizi sakitləşdirməliyik? Bu prosesi necə təsəvvür edirsiniz?

– Bunu kimdən soruşursunuz?

– Bizi dinləyən hər kəsdən. Mən adi adam kimi gəlmişəm. Bir-birinin evinə qonaq gedən adi adam kimi. Rəsmi nümayəndə heyəti ilə və ya qorxunc görkəmli cangüdənlərlə gəlməmişəm. Sadəcə, silahsız və barışla gəlmişəm bura. Gəlmişəm deyəm: “Gəlin sakitləşək və problemlərimizi çözək!..”.

– Vahe, hava limanında sizinlə necə davrandılar?

– Məni heç kim incidə bilməz. Sizi əmin edirəm, Bakıya gəlsəm, mənə nə mühafizə lazım olacaq, nə də başqa şey. Adi bakılı kimi gəzərəm şəhərdə. Bir bakılıdan çox incidilmərəm. Özümü müdafiə etməyi də gözəl bacarıram. Mənim azərbaycanlılara, bakılılara qarşı önyarğım yoxdur. O ki qaldı qarşılanmağıma, Azərbaycan hakimiyyəti mənimlə bütün dissidentlərlə necə davranırsa o cür davrandı, hər hansı fərq yoxdur. Sadə adamlar, xidmət başında olan işçilər, kodeks, şərəf anlayışı olan zabitlər çox-çox normal, çox yaxşı davrandılar. Mənim onlara salamlarımı yetirin. Hamısı gözəl insanlar idi, orda kəskintəhər bir söz belə eşitmədim.

Buna da bax:​ W. Saroyanın romanı Hollywood filmi oldu

– Bu ilin aprelində Azərbaycan hakimiyyəti hərbi döyüşlərlə bəzi əraziləri geri qaytardığını bəyan etdi. Ardınca - sentyabrda Ermənistan rəhbərliyi hərbi parad keçirdi və “İskander” raket kompleksini nümayiş etdirdi. Hər iki halda cəmiyyətlər bir müddət coşub-daşdı, özlərini qalib kimi hiss etdi. Avropadan bu mənzərə necə görünür?

– Mən Azərbaycanın hərbi hücuma keçdiyini düşünmürəm. Düşünürəm ki, hərbi əməliyyatı Kreml, “KQB” keçirdi. Nəyisə ora, nəyisə bura çəkdilər, bu tərəf raket göstərdi-filan. Bunun hamısı Kremlin oyunudur. Bu baş verənlərə nə azərbaycanlıların, nə də ermənilərin dəxli var.

– Sonda Azərbaycana nə sözünüz var?

– Salam-əleyküm. Salamlarımı çatdırın. Bir də bütün azərbaycanlılara sülh və xoşbəxtlik arzulayıram.

XS
SM
MD
LG