Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Vaksinlər delta variantına qarşı ‘yüksək effektlidir’


London
London

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Roçel Valenski deyib ki, delta variantının yayıldıqca vaksinlərdən yayına biləcəyi mutasiyaya çevriləcəyi ehtimalı var

COVID-19-un dünyada yoluxmaları artıran delta variantı koronavirus vaksininə müəyyən müqavimət göstərə bilər.

Dünya Səhiyyə Təşkilatının (DST) epidemioloqu Maria Van Kerxove iyunun 21-də deyib ki, ilk olaraq Hindistanda aşkarlanmış varianta qarşı vaksinlərin effektinin azalmasına müəyyən dəlil var, amma təsir heç də Cənubi Afrikadakı beta ştammındakı kimi aşağı deyil.

O yenə də vaksinlərin “yüksək effektli” olduğunu vurğulayıb.

Delta variantı dominant ola bilər

“Bu, bizim açıq-aşkar demək istədiyimiz çox vacib mesajdır. Effektdə müəyyən azalma görsək də, onlar delta variantı daxil olmaqla xəstəliyin ağırlaşması və ölümü azaltmaqda təsirlidir”, – Van Kerxove söyləyib.

Delta ştammı Portuqaliyadan Rusiyaya qədər yoluxmalarda kəskin artıma səbəb olur. Britaniya isə ayın əvvəlində bu ştammdan dolayı təkrar açılımın növbəti mərhələsini dörd ay yubadıb.

Vaksinasiyanın daha sürətlə getdiyi Birləşmiş Ştatların səhiyyə rəsmiləri deyirlər ki, bu yay delta variantı ölkədə dominant ola bilər.

Vaksinlər yoluxmaları və ölüm hallarını azaldıb. Amma vaksin olunmayanlar üzərində delta variantının hakim olmasına dəlil artır.

“Bloomberg” Helix genomika firmasının apardığı araşdırmaya istinad edib. Şirkət ölkə boyunca minlərlə COVID-19 nümunəsini təhlil edib. Vaksinasiya göstəricilərinin aşağı olduğu ərazilərdə delta variantının sürətlə yayıldığı üzə çıxıb.

İsraildə yoluxmalar

İsrailin səhiyyə rəsmiləri 12-15 yaşlı yeniyetmələri peyvəndləməyə çağırır. Ölkə vaksinasiyada yüksək göstəricilər əldə edəndən sonra qadağaların çoxunu qaldırdı, amma indi lokal səviyyədə yoluxmalar müşahidə olunur.

İyunun 21-də COVID-19-a 90-dək yoluxma təsdiqlənib ki, bu da aprelin sonunda ən yüksək göstəricidir. Yoluxmaların çoxu məktəblərdə qeydə alınıb.

Narahatlıq yaradan amil odur ki, son bir həftədə yeni yoluxmaların təxminən 30 faizi peyvənd olunmuş şəxslərlə bağlıdır. Böyük qisminə isə delta variantı səbəb olub.

Səhiyyə Nazirliyinin Baş direktoru Hezi Levi İsrailin 12-ci Kanalına deyib ki, peyvəndlənən şəxslər arasında yoluxmalar yüngül keçir. O, valideynləri yeniyetmə övladlarına peyvənd vurdurmağa çağırır.

Ölkə əhalisinin 55 faizindən çoxuna Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu bildirilir.

Mutasiya sarıdan narahatlıq

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Roçel Valenski deyib ki, delta variantının yayıldıqca vaksinlərdən yayına biləcəyi mutasiyaya çevriləcəyi ehtimalı var.

“Bu viruslar mutasiya edəndə virusdan üstün olurlar. Bu halda daha yoluxucu forma alırlar”, – Valenski “ABC News”a deyib.

“Biz məhz bunu önləməyə çalışırıq, adamları peyvənd olunmağa çağırırıq. Delta ştammının yüksək yoluxuculuğuna qarşı vaksinlərimiz işləyir. Hazırda onlar təsirlidirlər, tam effekt uçun iki doza, yaxud tam peyvəndlənmə tələb olunur”, – o vurğulayıb.

XS
SM
MD
LG