Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

'Vergi əməkdaşları işləməyə imkan vermir'


Illüstrasiya
Illüstrasiya

►Sahibkar məhz vergi işçilərinin qanunu pozmağa sövq etdiklərini, sonra da gəlib cərimələdiklərini deyir

“Məndən kassa aparatını və 50 manat da pul götürdülər ki, iri kassa aparatı gətirəcəklər. Dedilər ki, o aparat gəlincə, işimə davam edə bilərəm. Amma 5 gündən sonra elə özləri gəlib sexi bağlatdırdılar”.

Vasif Şahnəzərov kiçik sahibkardır. Daha doğrusu, olmağa cəhd göstərib, di gəl, sözlərinə görə, vergi əməkdaşları onu bu istəyinə peşman ediblər.

Buna da bax: Prezident vergi yükünü azaltmaq üçün sərəncam verdi

Ötən ilin sentyabrında sahibkar olmaq istəyib

Bakı sakini danışır ki, ötən ilin sentyabrında Yasamal rayonu, Alatava yaşayış massivində bir çörək sexi götürüb ki, işləyib ailəsini dolandırsın. Təzə işin xeyir-bərəkətini görməsə də, qalmaqalını yaşayıb:

“İşlər elə yenicə yoluna düşürdü ki, vergi işçiləri sexin qapısını kəsdirdilər. Dedilər, kassa aparatı qoymalısan. Məndə kassa aparatı vardı, sadəcə, hələ istifadə etmirdim. Gedib aparatı gətirdim, dedim, bu da aparat.... Başqa nə sözünüz var? Dedilər, yox, bu balacadır, gərək yekəsindən olsun. Sexi bağlayıb yollandım Vergilər Departamentinə ki aparat məsələsini həll edim. Elə yoldaykən zəng vurdular ki, “qayıt geri, özümüzün kassa aparatı satan şirkətdə yaxınlarımız var, aparatı ondan daha ucuz alarsan. Mən də inandım”.

Sahibkara təklif ediblər?

Sahibkarın sözlərinə görə, vergi işçilərinin sözü onu saxlayıb. Təkrar görüşə başqa iki nəfər də qatılıb. Vergi işçiləri onları kassa aparatı satan şirkətin əməkdaşları kimi tanıdaraq, sahibkara təklif ediblər ki, özündəki kassa aparatını, üstünə 150 manat da qoyub, həmin şəxslərə versin. O da razılaşıb. Öz kassa aparatını və istənən pulun 50 manatını verib onlara. Yerdəqalan 100 manatı isə aparat gələndən sonra ödəyəcəyinə razılaşdırıb:

“Özləri təklif etdilər ki, “aparat gəlincə, işindən-gücündən qalma, sexi aç, işində ol, 1-2 günə aparat da gəlib çıxar”. Mən də inanıb işimə davam etdim. 5 gün beləcə çalışdım, 6-cı gün elə özləri gəldilər ki, sexi aparatsız işlətdiyinə görə cərimələnirsən. Qurban adlı vergi əməkdaşı idi. Dedim, pulum da, kassa aparatım da sizdədir. Özünüz icazə verdiniz ki, aparat gəlincə işləyə bilərəm. Dedi, “çox o tərəf bu tərəf edərsən, cinayət işi açarıq, yaxşısı budur, cəriməni ödə, sexi də bağla”. Mən də vergi işçilərinin hərəkətindən şikayət etməyə başladım”.

Buna da bax: Vergidən gələn pullar azalıb

“Bu dəfə... şöbə rəisi gəlib”

Söylədiyinə görə, şikayətlər vergi əməkdaşlarını daha da qəzəbləndirib. Bu dəfə onunla danışmağa Vergi Departamentinin şöbə rəisi gəlib:

“Dedi, bizdən şikayətlənmisən, obyekti bağlamalısan. İcarə müqaviləmi göstərdim, hər işimin qanuni olduğunu, kassa aparatını vergi əməkdaşlarının apardığını bildirsəm də, qulaq asmadı. Dedi, “elə cərimə yazaram ki altından çıxmazsan”. Məcbur qalıb sexin işini dayandırdım. Sex sahibini necə hədələmişdilərsə, qaça-qaça gəldi ki: “yığış, çıx burdan, mənə başağrısı olma!..”. Onu da deyim ki, məndən sonra həmin sex sahibi oranı kassa aparatı olmadan işlədir”.

Vergilər Departamenti: “Heç bir sübutun yoxdur”

Bildirir ki, beləcə, sahibkarlıq fəaliyyətinə son verib. Ortada kassa aparatı da gedib, pul da... Sex sahibinə öncədən ödədiyi 3 aylıq icarəhaqqı da geri qaytarılmayıb. Ölkənin ən aşağı məmurundan tutmuş, prezidentinədək, - hamıya yazıb. Şikayətləri Vergilər Nazirliyinə, oradan Vergilər Departamentinə göndərilir. Departamentdən də ona bildirilir ki, “vergi işçilərini ittiham etməyə heç bir sübutun yoxdur”.

Vergilər Nazirliyinin mətbuat xidmətindən “Qaynar xətt”ə deyiblər ki, sahibkarın şikayətləri araşdırılacaq və nəticəsi barədə özünə məlumat veriləcək. AzadlıqRadiosu da olub-bitənləri xəbərləyəcək.

XS
SM
MD
LG