Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:54

Maliyyə sanksiyalarının 70%-i əməkhaqqına gedib


Vergilər Nazirliyində iclas
Vergilər Nazirliyində iclas

Vergi orqanlarının büdcədənkənar fonduna yığılan vəsaitlərin həcmi artıb. Vergilər Nazirliyinin məlumatına görə, bu ilin oktyabrın 1-nə fonda 39.5 milyon manat vəsait yığılıb. Bu, iyulun 1-i ilə müqayisədə 10 milyon manat çoxdur. Keçən ilin uyğun dövründən isə 17.7 milyon manat çoxdur.

Fonddan mətbəə xərclərinə 39.7 min, təmirə 10 min, bank xərclərinə 91.4 min, ölkədaxili ezamiyyətlərə 36.1 min manat və s. xərclənib.

MÜKAFATLAR, MADDİ YARDIMLAR...

İqtisadçı-ekspert Qalib Toğrul deyir ki, öncəliklə vəsaitlərdən istifadə ilə bağlı bu cür hesabatın verilməsi alqışlanmalıdır.

Ekspert hesabata istinadla bildirir ki, bu ilin 9 ayında daxil olan vəsaitin 70%-i «Əməyin ödənişi ilə bağlı sair ödənişlərə» sərf edilib: «Bura mükafatlar, maddi yardımlar, dövlət orqanlarında çalışan işçilərə ödənilən bütün növ müavinətlər (sosial müavinətlər istisna olmaqla) və səlahiyyətlərin icrası ilə bağlı verilən pul təminatı, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxmağa, əlavə iş saatlarına görə ödənişlərlə bağlı xərclər daxildir».

Qanunvericiliyə uyğun olaraq, mükafatlandırma kollektiv və fərdi şəkildə ola bilər və mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq, şəxsən nazir müəyyənləşdirir.

MƏLUMATLAR AÇIQLANMIR

Ekspertin sözlərinə görə, xərclərin istiqaməti göstərir ki, nazirlik vəsaiti təkcə işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mükafatlandırılmasına, həvəsləndirilməsinə, vergi orqanlarının maddi-texniki bazanın möhkəmləndirilməsinə, vergi sahəsində elmi-texniki potensialın artırılmasına yönəltməyib. Vəsait həm də nazirliyin fəaliyyəti ilə bağlı yaranmış xərclərin (kommunal, dövlət sosial sığorta ayırmaları, əməkhaqqı ilə bağlı xərclər, poçt, telefon və sair) maliyyələşdirilməsinə sərf olunub.

«Bu, Nazirliyin saxlanması yükünün bir hissəsinin Fondun vəsaitləri hesabına həyata keçirilməsi, dövlət büdcəsinin həcminin kiçildiyi indiki vaxtda yükün azaldılması baxımından səmərəlidir», – deyə o bildirir.

Belə fondların olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, DİN-in Dövlət Yol Polisi İdarəsi bu cür məlumatları ictimaiyyətdən gizli saxlayır. Vergilər Nazirliyi büdcədənkənar fondunun mənbəyi vergi orqanının sahibkarlara tətbiq etdiyi maliyyə sanksiyası məbləğinin yarısıdır. Bu ilin iyununadək fonda sanksiyanın 25 faizi yönəldilirdi. Bəzi ekspertlər deyirlər ki, ayırmaların artımı vergi orqanı işçilərinin qeyri-rəsmi «əməkhaqqı»sının aradan qaldırılması məqsədi daşıyır.

XS
SM
MD
LG