Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Wes Anderson-un sevimli filmləri


Wes Anderson
Wes Anderson

Wes Anderson-un 4 Oskara layiq görülmüş «The Grand Budapest Hotel» filmini çox adam bəyənir. Film həm qəribəliyi, həm maraqlı geyim və dekorasiyaları, həm də bütövlükdə xiffət oyadan tərziylə ürəklərə yol tapıb.

ABŞ-ın Milli İctimai Radiosu (NPR) filmi «matryoşka triosu» adlandırıb («matryoşka» bir rus oyuncağı çeşididir. Taxtadan yonulan ananın içərisindən ard-arda, adətən 5 uşaq çıxır – red.). Bu bənzətmə, görünür, filmdə olayların maraqlı gediş və intensivliyindən qaynaqlanır. «The New York Times» qəzetinin yazarı Dave Itzkoff-sa filmi «barok tərzi» geyimlərə və incə pirojnalara görə bəyənib: «Biz Anderson-un başını açsaydıq, onun içində nə tapardıq?», - deyə o soruşur və ardınca cavabını da verir: «İçi çərpələngin ipi, İsveçrə ordu bıçaqları və uzaqdan yönəldilən oyuncaqlarla dolu köhnə-küşkül siyirtmə və bir səliqəli qutu».

«İdeya mənbəyimə çevrilib»

Hyustonda doğulmuş Anderson ömrünün çox hissəsini Nyu-Yorkda yaşasa da, hazırda partnyoru, livanlı yazıçı, kostyum dizayneri və səs aktrisası Juman Malouf və qızı Freya ilə birlikdə Parisdə yaşayır.

Hər bir sənətkar kimi, Anderson-un da tarix və ənənələrə bağlılığı var. Onun özü də sevdiyi film və rejissorların adını çəkməkdən çəkinmir. Texasda böyümüş rejissorun bir neçə favorit, yəni gözdə siyahısı var.

«Rozmarinin uşağı» (Rosemary’s Baby) (Roman Polanski, 1968): «Hər zaman bu filmin mənə böyük təsiri olub, ideya mənbəyimə çevrilib. Bu film mənim favoritlərimdən biri olub», - Wes Anderson «Rotten Tomatos» saytına belə söyləyib.

«Mexaniki portağal» (A Clockwork Orange) (Stanley Kubrick, 1971).

«Cənnətdə təlaş» (Trouble in Paradise) (Ernst Lubitsch, 1932): «Heç bilmirəm artıq kimsə belə bir film çəkə bilərmi – həmin o ideal ton, sufle kimi bir filmdir (Sufle – 18-ci yüzilin əvvəllərində Fransada ortaya çıxan, əsas elementi bişmiş yumurta olan bir yeməkdir. Yumurta sarısına və çırpılmış yumurta ağına digər qida maddələri də artırılır, duzlu və ya şirin yemək kimi süfrəyə verilir – red.). Şirniyyatdır». Rejissorun həmin film haqqında söylədiklərindəndir.

«Onu sevdiyimi unutmamışam»

«Ayın hökmü» (Moonstruck) (Norman Jewison, 1987): «Mən bu senarini həmişə sevmişəm. Nyu-Yorka çox yaxşı yanaşmadır», - yenə rejissorun sözləridir.

«Uğurun şirin qoxusu» (Sweet Smell of Success) (Alexander Mackendrick, 1957): «Nyu-York filmlərinin klassik bazası. Filmin görüntüsü təmiz ağ-qara Nyu-Yorkdur. Clifford Odets də çox gözəl dialoqlar yazır».

«Növbəti dayanacaq - kənd» (Next Stop, Greenwich Village) (Paul Mazursky, 1976): «Bu filmi illər əvvəl görmüşəm və çox şeyi xatırlamasam da, onu sevdiyimi unutmamışam. Paul Mazursky-nin filmlərini çox sevirəm. O, nyuyorkludur və gözəl senarist və rejissordur», - bu da Anderson-un sözləridir.

«Madam de…» (The Earrings of Madame de…) (Max Ophuls, 1953): «Max Ophuls mükəmməl film çəkib», - Anderson qəzetə müsahibəsində belə deyib.

«XIV Lüdovikin hakimiyyətə gəlişi» (The Taking of Power by Louis XIV) (Roberto Rossellini, 1966): «Lüdoviki oynayan adam öz replikalarını heç fransız dilini bilməyən adam üçün də inandırıcı səsləndirə bilmir. Ancaq yenə də heyrətamizdir… Yaxşı aktyorluq əslində nə deməkdir? O Tag Gallagher kimdir?», - rejissor xoş fikrini maraqlı sualla bitirir.

Anderson-un digər sevimli filmləri barədə dedikləri

«Bütün riskləri ölç» (Classe tous risques) (Claude Sautet, 1960): «Mən Claude Sautet-nin böyük fanatıyam, özəlliklə «Qışda qəlb» (Un coeur en hiver) filminin».

«Öldürücü mələk» (The Exterminating Angel) (Luis Buñuel, 1962): «O, mənim qəhrəmanımdır. Mike Nichols … deyib ki, Buñuel haqda hər gün düşünür. Məncə, mən də eləyəm. Ən azı, günaşırı».

XS
SM
MD
LG