Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:30

WhatsApp 225 milyon avro cərimələndi


İllüstrativ foto
İllüstrativ foto

Qanuna görə, şirkətlərin fəaliyyəti qərargahlarının yerləşdiyi ölkələr tərəfindən tənzimlənir

WhatsApp şəbəkəsi İrlandiya hakimiyyəti tərəfindən Avropa Birliyinin datanın gizliliyi qanununu pozduğuna görə 225 milyon avro cərimələnib. Şəbəkə istifadəçiləri onların fərdi məlumatlarını Facebook ana şirkətilə paylaşdığını bildirmədiyinə görə cəriməylə üzləşib.

“Financial Times” qəzeti bunu Ümumi (Fərdi) Məlumatların Qorunması Qaydaları (GDPR) çərçivəsində ən böyük cərimələrdən biri olduğunu yazır. İrlandiyadakı qurumun kəsdiyi cərimənin məbləği ilkin təklif olunandan dörd dəfədən də çoxdur.

Cərimələr

Daha öncə isə Luksemburq iyulda Amazon şirkətini GDPR-ı pozmasına görə 746 milyon avro, İrlandiya isə dekabrda Twitter-i 450 min avro cərimələyib. Onlar datanın sızmasını 72 saat ərzində tənzimləyici orqana bildirməməkdə ittiham olunublar.

İrlandiya Datanın Qorunması Komissiyası böyük texnologiya şirkətləri ilə bağlı 20-dən çox araşdırma aparır. Amazon isə cərimədən şikayət verəcəyini bildirib.

İki illik təhqiqatdan sonra İrlandiya “WhatsApp İrlandiya”ya göstəriş verib ki, Facebook-la data paylaşımını GDPR qaydalarına uyğunlaşdırsın.

WhatsApp bu ilin əvvəlində sərt tənqidlə üzləşmişdi, istifadəçilərdən tələb edirdi ki, telefon nömrələri daxil olmaqla şəxsi məlumatlarını Facebook-la paylaşsınlar.

Şəbəkə isə cəriməyə qarşı çıxıb, 2018-ci ildə şəffaflıq tələblərinə əməl etdiyini deyib. Şirkət qərardan şikayət veriləcəyəni deyib.

Böyük sınaq

“The New York Times” qəzeti yazır ki, bu cərimə Avropanın sözügedən qanunun tətbiqində böyük sınaqdır.

265 səhifəlik qərar GDPR çərçivəsində Facebook-a qarşı ilk böyük qərardır. Çoxları üç ildir bu qanunun adekvat icra olunmadığını deyirdilər.

Qanuna görə, şirkətlərin fəaliyyəti qərargahlarının yerləşdiyi ölkələr tərəfindən tənzimlənir. Facebook, Google, Twitter, Apple və onlarla digər şirkətin Avropa ofisləri məhz İrlandiyada yerləşir, çünki burada korporativ vergilər aşağıdır, digər imtiyazlar var.

Qəzet yazır ki, bu məsələ maliyyəsi aşağı, daha çox tənqidlə üzləşən İrlandiya Datanın Qorunması Komissiyasına böyük təzyiq yaradır.

İrlandiya parlamentinin iyulda qəbul etdiyi hesabatda deyilir ki, qurum təsir gücü olmadığına görə “vətəndaşların fundamental hüquqlarını qoruya bilmir”.

“G.D.P.R.-nın böyük texnologiya şirkətlərinə qarşı qanunu İrlandiyanın onu yerinə yetirə bilməməsi səbəbindən iflic olub”, – gizlilik üzrə fəal, İrlandiya Vətəndaş Hüquqları Şurasının aparıcı əməkdaşı Coni Ryan deyib.

XS
SM
MD
LG