Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:46
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan Fransa səfirinə nota təqdim edib

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Məlumatda deyilir ki, “görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını səfirə təqdim edilib”.

Məlumatda daha sonra bildilir:

“Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb”.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Türkiyə Fransa Senatının qətnaməsini 'qəbuledilməz' sayır

Rəsmi Ankara Fransa Senatının hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnaməsini "qəbuledilməz" adlandırır.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "bu qərar beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və ATƏT-in Minsk qrupunun üzvü olan ölkənin qərəzliliyinə dəlalət edir".

Noyabrın 25-də qəbul olunmuş qətnamədə Azərbaycanın hərbi əməliyyatları pislənir, işğaldan azad etdiyi ərazilərdən silahlı qüvvələrini dərhal çıxarması tələb olunur.

Türkiyə XİN isə Fransa senatorlarının bu çağırışlarını "qeyri-ciddi, gülünc, qərəzli və gerçəklikdən uzaq" anlayışın təzahürü kimi dəyərləndirir.

"İstərdik ki, Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişənin indiki mərhələsində Fransa düzgün nəticələr çıxararaq real sülhün bərqərar olmasından ötrü konstruktiv yanaşma tutsun", – bəyanatda vurğulanır və Türkiyənin bu kontekstdə Fransa ilə işləməyə hazır olduğu deyilir.


Xankəndində avtobuslar işləyir

Dağlıq Qarabağın mərkəzi Xankəndidə ictimai nəqliyyatın işi bərpa olunub. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhərdə ictimai nəqliyyat və yol nəqliyyatının tənzimlənməsi, eləcə də elektrik və su təminatı bərpa olunub. Mülki şəxslər evlərinə qayıdırlar", – məlumatda deyilir.

Məlumata görə, Rusiya sülhməramlıları köçkünlərin qayıdışı zamanı təhlükəsizliyi təmin edir, yerli hakimiyyət orqanlarına yolları təmizləməkdə, infrastrukturun bərpasında yardım göstərir.

Ermənistan Minsk qrupunun saxlanmasını istəyir

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə telefon söhbəti aparıb. AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, Ayvazyan Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şoferlə danışıb.

Ayvazyan Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin bərqərar olmasının və sülhməramlıların yerləşdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan XİN-in məlumatına görə, nazir və həmsədrlər "Qarabağda humanitar böhran şəraitində ermənilərin maraqlarının müdafiəsi və hüquqlarının bərpası"na toxunublar, bu kontekstdə müvafiq beynəlxalq təşkilatların prosesə cəlb olunmasının vacibliyini qeyd ediblər.

Ayvazyan ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yeganə beynəlxalq format kimi saxlanmasının vacibliyini vurğulayıb.

Azərbaycan parlamenti isə noyabrın 26-da Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağrılması üçün Azərbaycan hökumətinə çağırış edib. Bu barədə Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməsinə etiraz olaraq Milli Məclisin qəbul etdiyi bəyanatda bildirilir.

Davamı

XS
SM
MD
LG