Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:06

Xankəndiyə komendant təyin edilib


Sərdar Səfərov Xankəndidə prezident İlham Əliyevə raport verir.
Sərdar Səfərov Xankəndidə prezident İlham Əliyevə raport verir.

Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinin komendantı təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bildirib.

1973-cü il təvəllüdlü S.Səfərov 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, son olaraq bu ilin yanvarında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.

Xankəndidə Azərbaycan bayrağı

Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində (keçmiş Əsgəran rayon mərkəzi) Azərbaycan bayrağını ucaldıb.

1990-ci illərin əvvəlində Azərbaycanın şəhər statusu verdiyi Xocalı şəhəri 1992-ci il fevralın 26-da işğal edilmişdi.

Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, həmin vaxt 613 şəxs həlak olmuşdu. Şəhər sakinlərindən əlavə olaraq 1 min 275-nin əsir və girov götürüldüyü bildirilirdi.

Xankəndi. 15 oktyabr 2023
Xankəndi. 15 oktyabr 2023

***

Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

AZƏRTAC-ın xəbərinə görə, oktyabrın 15-də daha əvvəl isə prezident Ağdərə şəhərində Azərbaycan bayrağını ucaltmışdı.

Ağdərə şəhəri hazırda Azərbaycanın Tərtər inzibati rayonuna daxildir. Ləğv edilən Ağdərə (Mardakert) rayonu vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarından biri olub.

1988-ci ildə Qarabağda münaqişə başladıqdan sonra Azərbaycan hökuməti ona nəzarəti itirmişdi. Amma 1992-ci ildə Ağdərə rayon mərkəzində Azərbaycan silahlı qüvvələrinin nəzarəti bərpa edilmişdi. Bununla belə, 1993-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyindən az sonra, iyunun 27-də ona yenidən nəzarət itirildi.

Xankəndi (Stepanakert) şəhərində isə 1991-ci ildən sonra Azərbaycan bayrağı dalğalanmırdı.

Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın mərkəzi olub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə (Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG