Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:19

«Birinci xanımın restoranı aşpazla birgə Marbelyadan gətirilib»


Mehriban Əliyeva
Mehriban Əliyeva

-

Ukrayna və Dağlıq Qarabağ münaqişələrini nə birləşdirir; Azərbaycanla Ermənistanda vətənpərvərlik eyforiyasını həmişə nəzarətdə saxlamaq mümkün olmaya bilər – 20 may Qərb mediasının icmalı.

«Gələn ay Bakıda keçiriləcək «Formula 1» yarışlarında sürət maşınları Bakının gözqamaşdıran mərkəzindən, beşulduzlu otellərin, bahalı «Brioni» və «Chopard» mağazalarının yanından şütüyəcək. Bu maşınlar ölkənin daha az işıqsaçan dayanıqsız iqtisadiyyatı, despotik siyasi sistemi və Dağlıq Qarabağ münaqişəsinin də yaxınlığından ötüb keçəcək. Axı belə bir sürət bu keçmiş sovet respublikasında qeyri-təhlükəsizliyin əlamətlərini aşkarlamağa imkan vermir». «The Economist» dərgisi «Gələcəyin Bakısı» adlı məqaləsində «Formula 1»in Azərbaycandan ötrü şan-şöhrət layihəsi olduğunu vurğulayır.

Ölkədə baş verənləri göstəririk - Youtube Kanalımıza abunə olun

Məqalədə deyilir ki, 2003-2015-ci illərdə neft və qaz gəlirləri 119 milyard dollar olub və bu pul infrastruktura, silahlara, mənasız layihələrə xərclənib. Pulun bir hissəsi ölkənin güclü şəxslərinin ofşor hesablarına axıb. Ancaq neft ucuzlaşınca, musiqinin də səsi kəsildi. İndi Bakıda taksi sürücüləri də qiymətlərin qalxmasından, Qran-pri yarışlarına boş məsrəflərdən gileylənirlər.

«Ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edən siyasi klanların da yerləri silkələnib. Postunu atasından alan avtoritar prezident İlham Əliyev indiyədək Qərbin neft və qaz layihələrinə söykənib. Ancaq indi ölkəsini daha da müasirləşdirmək, yoxsa diktaturaya sürükləmək arasında seçim etməlidir», - yazıda oxuyuruq.

Məqalədə vurğulanır ki, 2014-cü ildə Kiyevdə Maydan hərəkatından sonra Azərbaycan Rusiyanın repressiv taktikasını təkrarladı. Lakin Rusiyanın Krımı ilhaqı etməsi Əliyevi də əndişələndirdi. İndi cənab Əliyev Qərblə münasibətlərinin bərpasına çalışır. Vaşinqton səfərindən öncə 10-dan çox siyasi məhbusu azadlığa buraxdı. Amma iki tanınmış məhbus, ReAL Hərəkatının lideri İlqar Məmmədov və araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbsdə saxlandı. Hərəkatın katibi Natiq Cəfərli deyir ki, onlara kiçik bizneslərdən, hətta SOCAR-dan yeni üzvlər qoşulmaqdadır.

«On ilə islahatlar planlaşdırırdıq. İndi onları daha tez həyata keçirməliyik», - prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyir. Onun sözlərincə, ölkədə böyük infrastruktur qurulub, ancaq çatışmayan cəhət insan kapitalıdır.

«Azərbaycan illərdir iqtisadiyyatını şaxələndirməkdən danışır. İndi bu «boş ritorika» reallığa çevrilməkdədir, - bir Qərb diplomatı belə deyir. İslahatlar modeli kimi Malayziya qəbul olunur. Elita inanır ki, siyasi sistemə toxunmadan iqtisadi islahatları idxal edə bilər. Bakı küçələrinə London taksilərini də belə gətirdilər, Birinci ledinin sevimli restoranı isə aşpazı, çəngəl-bıçağı, hər şeyi ilə birlikdə Marbelyadan (İspaniyanın cənubundan şəhər – red.) gətirilib», - «The Economist» yazır.

Yazıda qeyd olunur ki, Azərbaycanda islahatları həyata keçirəcək bürokratik sistem olmasa da, parlaq Qərb təhsilli gənclər var. Məsələn, Kembric Universitetində doktorluq dərəcəsi almış Tale Ziyadov Bakının yeni limanında azad ticarət zonasının rəhbəridir. O deyir ki, «bütün ölkənin islah olunmasını gözləməyə vaxt yoxdur».

Dərgi Azərbaycan Diplomatik Akademiyasını – ADA-nı yeni elitanın təlim düşərgəsi adlandırır. Burada dərslər ingiliscədir, əsas heyət də xaricilərdir. Rektoru, Birinci ledinin 75 yaşlı əmisi Hafiz Paşayevin sözlərincə, missiyaları «tələbələrin azad düşünə biləcəyi özəl mühit yaratmaqdır».

«Keçmiş sovet fiziki olan cənab Paşayev yaxşı bilir ki, ADA məzunları sonucda daha çox səlahiyyət naminə indiki elitanı sıxışdıracaq. 1980-ci illərdə sovet intelligensiyası da belə etmişdi. Ancaq Paşayev ölkənin ən güclü ailələrindən birinin üzvüdür, elitanın idarəolunan şəkildə əvəzlənəcəyinə ümid edir, Gürcüstan və Ukraynadakı kimi radikal formada deyil».

«Klan-köklü avtokratiyanın belə bir modernləşdirmə proqramını uğurla reallaşdıracağı şübhə doğurur, ancaq millətçilik də güclü motivatordur. Cənab Paşayev iddialı şəkildə deyir ki, «məqsədimiz ölkəni dünyada aparıcı mövqeyə çıxarmaqdır». Ola bilsin, ADA bu yöndə uğur qazansın. Ancaq neft quyuları və sürət maşınlarının bol olduğu bir ölkədə rüşvətxorluq və korrupsiyaya meyllilik də güclüdür», - «The Economist» yazır.

Qarabağda erməni artilleriyası
Qarabağda erməni artilleriyası

UKRAYNA VƏ QARABAĞI NƏ BİRLƏŞDİRİR

«Ukrayna münaqişəsi kimi, Dağlıq Qarabağda da toqquşmaların bitməsini hədəfləyən diplomatik təşəbbüsləri Rusiya-Qərb qarşıdurması qəlizləşdirəcək». «Stratfor» Araşdırmalar Mərkəzi postsovet məkanındakı bu iki münaqişəni müqayisə edir və vurğulayır ki, son günlər Qarabağ münaqişəsi ilə bağlı diplomatik danışıqlar qızışsa da, irəliləyişə ümid azdır.

İki ölkə prezidentinin 16 may Vyana görüşündən sonrakı günlər də cəbhə xəttindən atəşkəsin pozulması xəbərləri gəlməkdədir. Bu da görüşdə deyilənlərlə Qarabağ əməliyyatları arasındakı uyğunsuzluğu göstərir, eyni zamanda Ukraynanın şərqindəki böhranla oxşarlıqları ortaya qoymuş olur.

Təhlildə qeyd olunur ki, hər iki münaqişədə Rusiya və Qərbin iştirakıyla gərgin vasitəçilik prosesi gedir. Rusiya və Qərb bu bölgələrdə maraqlarını qorumağa çalışır və bir-birinə qarşı ziddiyyətli mövqeləri prosesi qəlizləşdirir.

«Bu səbəbdən, hər iki münaqişənin həlli mümkünsüz olub. Lokal ziddiyyətlər və təcavüzlə bir arada böyük oyunçuların rəqabəti və münaqişə tərəfləri üzərindəki nüfuzu öz təsirini göstərməkdədir. Diplomatik danışıqlar heç də həmişə münaqişənin həllini hədəfləmir. Bəzi ölkələr, özəlliklə, Rusiya özünü bacardığı qədər problemin həllinə çalışan kimi göstərir, hətta böyük vasitəçi kimi çıxış edir, əslində isə, hər iki böhranı idarəolunan səviyyədə saxlayır».

«Stratfor» qeyd edir ki, münaqişələrdə kompromis və irəliləyiş potensialı həmişə var, amma gərək siyasi məsələlər əsas təhlükəsizlik komponentlərinin icrasıyla üst-üstə düşsün. «Nə Dağlıq Qarabağda, nə də Ukraynanın şərqində atəşkəs razılaşmalarına davamlı əməl olunur. Bu baş vermədikcə, ağızdolusu öhdəliklərin verildiyi nə qədər görüş, diplomatik sammit keçirilir, keçirilsin, münaqişələr qalacaq».

Qazaxda Azərbaycan ordusuna dəstək aksiyası
Qazaxda Azərbaycan ordusuna dəstək aksiyası

EMOSİYALAR QIZIŞARSA...

«The Economist» də Dağlıq Qarabağ münaqişəsindən yazır. Məqalədə aprelin əvvəlindəki dördgünlük toqquşmalardan söz açılır, bunun Bakıda 20 il öncəki məğlubiyyətdən bəri ilk qələbə kimi qeyd olunduğu vurğulanır.

«Psixoloji baxımdan, Stalinqrada bənzəyirdi. Yəni bu toqquşmalar sübut elədi ki, biz qələbə çala bilərik», - ADA Universitetinin rektor müavini Fariz İsmayılzadə deyib.

Məqalədə qeyd olunur ki, Rusiya bu münaqişədə həm vasitəçi, həm də tərəfdir: Ermənistanda hərbi bazaları var, hər iki tərəfə silah satır. Bu münaqişə Moskvaya bütün bölgəni asılı durumda saxlamağa imkan verir. «Rusiya olmasaydı, münaqişəni çoxdan həll etmişdik», - Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

«Türkiyə, İran və Rusiyanın – hamısının Cənubi Qafqazda maraqları var, heç biri müharibənin böyüməsini istəmir. Ancaq Azərbaycanla Ermənistanda vətənpərvərlik eyforiyasını nəzarətdə saxlamaq həmişə mümkün olmaya bilər. Çox vaxt Qafqazda emosiyalar elə qızışır ki, səbəb də yaddan çıxır», - «The Economist» yazır.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG