Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:51

Susuz Xaşaxuna bağları


Su maşını.
Su maşını.

«Sovetin vaxtında su kanalı vardı, 90-larda o da dağıldı getdi. İndi bütün kənd susuzluqdan yanır. Nə içməli, nə də suvarma suyumuz var. Quyular da quruyub».

Pərixanım Həbibova AzadlıqRadiosuna danışır ki, 40 ildir Qala kəndinin Xaşaxuna bağları massivində yaşayır. 1990-92-ci illərədək bağ sahəsindəki meyvə ağaclarını gözdolusu suvarıb. Ancaq sonralar massivdən keçən su kanalı baxımsızlıqdan dağılıb və ortaya su problemi çıxıb. İndi Xaşaxunanın dörd tərəfində su var, bircə bu bağlar massivindən başqa...

«QALADAN SU ÇƏKMƏK BELƏ MÜŞKÜL İŞDİR?»

Pərixanım Həbibova: «Bax, qızım, bu tərəfdən Şüvəlandır - su var, o tərəfdən Türkandır – orda da var, bu tərəfimiz Zirədir, bu yanda da Qaladır - oralarda da var... Bircə bizik suya həsrət... Günaşırı su maşını gəlir, hamı anbarı suyla doldurur, 2-3 gün həm bağı suvarırıq, həm də mətbəxdə, məişətdə istifadə edirik. Su almaqdan yorulmuşuq. Hər ay 80-100, elə həyətlər var ki, 150 manat suya pul xərcləyir. Axı, bar verən meyvə ağaclarını göz-görə necə qurudaq?».

Xaşaxunalılar «Azərsu» ASC-nin rəhbərindən, Xəzər rayon İcra Hakimiyyətindən, hətta prezidentdən də su istəyiblər. Pərixanım Həbibova deyir, bir neçə sakin, azı, 200 nəfərin imzasıyla təsdiqlənmiş ərizəylə «Azərsu» ASC-nin rəhbərinin qəbuluna gedib. Cavab onları məyus edib: «Dedi, bizdə pul yoxdur ora su çəkməyə... Bəs bu qədər ayrılmış pullar hara gedir, ay başına dönüm? Necə yəni, pul yoxdur... Bölgələrdəki ən ucqar kəndə də su xətti çəkilir, şəhərin burnunun ucundakı Xaşaxunaya pul tapılmır. İndi bura Şüvəlandan, Qaladan su çəkmək belə müşkül işdir ki?..».

«BEŞ İL KEÇİB, HƏRƏKƏT YOXDUR»

Lətif Bağırov 5 ildir ki, Xaşaxuna bağlar massivində bağ evi tikib köçüb. 12 sot bağ sahəsində müxtəlif ağaclar əkib. Ancaq suvarma işi, özü demiş, «belini qırıb». Deyir, əsasən də, bu vaxtlar suvarma suyuna daha çox ehtiyac olur: «Havası əla, gözəl... Torpağına nə atırsan, bitir. Demək olar ki, bütün rayonlardan meyvə ağacları gətirib əkmişəm, hamısı da «tutub», meyvə də verir. Heyvan saxlamağa da uyğun yerdir. Şəxsən özümün həyətimdə quşçuluq təsərrüfatım var. İnəyim, qoyunum var. Ancaq indi gəl hesablayaq, görək, bu meyvəçilik, quşçuluq təsərrüfatlarını saxlamaq mənə hansı məbləğə başa gəlir? Hər gün maşınla su alıram, bağı suvarıram, heyvanları suvarıram.... Burda ev tikməyə başlayanda dedilər, dövlət proqramına salınıb, layihə başlayır, su, çəkilir. Beş il keçib, hələ də hərəkət yoxdur».

İŞLƏR MƏRHƏLƏLİ GEDİR

Bağ massivində susuzluqdan evini satıb getmək fikrinə düşənlər də var. Ancaq alqı-satqı üçün gəlib əraziylə tanış olanlar susuzluqdan xəbər tutub, necə deyərlər, «qaçırlar».

Xəzər rayon su idarəsindən «Qaynar xətt»ə bildirilib ki, Bakıətrafı kəndlərin və qəsəbələrin su təchizatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramına uyğun olaraq, rayon ərazisindəki yaşayış massivlərinin su təchizatı gücləndirilir. Bu işlər mərhələli qaydada gerçəkləşdirilir. Şüvəlanda, Mərdəkanda və Binədə xeyli işlər görülüb.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Xaşaxunanın su problemi ilə bağlı ünvanlanmış sualı hələ cavablandırmayıb.

XS
SM
MD
LG