Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:33

Xəzər Konvensiyası – Rusiya maraqlarını “tam təmin edən” sənəd


Foto arxivdəndir
Foto arxivdəndir

Xəzərin hüquqi statusunu müəyyən edən sənədin – Konvensiyanın bütün sahil ölkələri tərəfindən imzalanması ötən bazar gününün ən əsas xəbəri idi.

5 sahil ölkəsinin başçıları və bir sıra beynəlxalq ekspertlər Konvensiyanın qəbulunu “böyük diplomatik uğur” kimi qiymətləndiriblər. 22 illik qızğın mübahisələrdən sonra bu, ümumən belə görünür.

Lakin sənədin detallarına vardıqda onun qəbulunu bu qədər uzun müddətdə ləngitmiş bir çox mübahisələrin açıq qaldığı bəlli olur.

Rusiyanın Kommersant qəzeti yazır ki, Xəzəryanı ölkələr SSRİ dağılandan bəri dəniz dibinin bölünməsi barədə razılığa gələ bilmirdilər. Onlar faktiki olaraq heç indi də razılığa gəlməyiblər.

5 ölkə hətta Xəzərin dəniz və ya göl olması barədə fundamental coğrafi məsələdə də razılaşmayıb. Nəticədə sənəddə kompromis “su hövzəsi” terminindən istifadə olunub.

Bölüşdürülən hələlik yalnız daxili və ərazi sularıdır. Bu məsələdə həmişə inadkar mövqe tutan İranhətta Konvensiyanın qəbulundan sonra da sərhəd məsələsinin açıq qaldığını, bu sənədin ümumiyyətlə İran parlamentindən keçməsi zərurətini bəyan edib.

Xəzərin karbohidrogen yataqlarının sahibliyi barədə məsələ də açıq qalıb.

İran Azərbaycanın iddia etdiyi Sərdar-Cəngəl yatağında artıq qazma işləri aparıb. Öz növbəsində Azərbaycan və Türkmənistan arasında Kəpəz, Azəri, Çıraq (türkmən variantında Serdar, Osman və Omra) yataqlarının sahibliyi üstündə mübahisə formal olaraq qalır.

Moskva: Türkmənistan, İran, Azərbaycan öz mübahisələrini özləri həll etsinlər

Konvensiyada yalnız bu qeyd edilir ki, “dəniz dibi və təkinin sektorlara bölünməsi qonşu və ya qarşı sahildəki ölkələr arasında ümumən qəbul edilmiş prinsip və hüquq normaları nəzərə alınmaqla həyata keçirilməlidir”.

Rusiya xarici işlər nazirinin müavini Griqory Karasin deyib ki, Moskva Azərbaycan, İran və Türkmənistanın yerin təki haqqında razılaşmanı öz aralarında, bu müzakirələrə bütün beşliyi “dartmadan” əldə etməsini istərdi.

Xəzərin Azərbaycanla mübahisəli hissəsində İran platforması
Xəzərin Azərbaycanla mübahisəli hissəsində İran platforması

Kommersant yazır ki, Konvensiya əvvəllər beş ölkə arasında barışmaz mübahisələrə səbəb olan bir məsələyə də aydınlıq gətirib. Bu Xəzərin dibi ilə Türkmənistan qazını Azərbaycana və Avropaya nəql edəcək TransXəzər Qaz Kəmərinin çəkilişi məsələsi idi. Rusiya bunun qəti əleyhinə idi.

İndiki sənəddə aydın şəkildə deyilir ki, Xəzərin dibilə kəmərlər çəkilə bilər və bunun üçün yalnız kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı lazımdır.

Kommersant yazır ki, bu formal olaraq Türkmənistandan Azərbaycana sualtı kəmərin çəkilməsi qarşısındakı maneəni qaldırır. Amma...bu Konvensiya ilə birlikdə imzalanmalı olan protokol əslində kəmər tikintisinə bütün 5 ölkənin razılığını tələb edir. Bu, Xəzərdə həyata keçirilən layihələrin ətraf mühitə mümkün təsirinin qiymətləndirilməsi barədə protokoldur. Bax bunun üçünsə, bütün sahil ölkələrinin icazəsi lazımdır.

Kommersant yazır ki, “beləliklə İran və Rusiya Türkmənistan-Azərbaycan kəmərininin çəkilişini ən azı ləngitmək üçün alət əldə etmiş olublar”.

Rusiyanın ən böyük marağı – hərbi hegemonluq

Qəzetin yazdığına görə bu Konvensiyada Rusiyanın ən əsas marağı nəzərə alınıb.

Bu konkret olaraq Xəzərdə sahil ölkəsi olmayan dövlətlərin gəmilərinin üzməsini qadağan edilməsi barədə müddəadır.

Rusiya Xəzərdə ən böyük hərbi qüvvəyə malikdir, qalan ölkələrə isə “bütün tərəflərin maraqları nəzərə alınmaqla ağlabatan ölçüdə hərbi quruculuq” icazəsi verilir.

Rusiyanın Xəzərdəki hərbi hegemonluğu rəsmiləşdirilib - Şəkildə prezident Putin (solda) və müdafiə naziri Sergey Shoigu
Rusiyanın Xəzərdəki hərbi hegemonluğu rəsmiləşdirilib - Şəkildə prezident Putin (solda) və müdafiə naziri Sergey Shoigu

Kommersant bunu da yazır ki, Rusiyanın müdafiə naziri Sergey Shoigu Rusiya Xəzər donanması bazasının Həştərxandan Azərbaycana daha yaxın Kaspiyskə köçürülməsinin planlaşdırıldığını bəyan edib.

Grigory Karasin isə deyib ki, bu Konvensiyada Rusiya silahlı qüvvələrinin maraqları “tam həcmdə” təmin olunub.

Xəzərin ərazi sularına bölünməsi geniş neytral sular ərazisi yaradır ki, bu akvatoriya Rusiya hərbi gəmilərinin sərbəst üzməsinə və yaxın keçmişdə olduğu kimi regionun istənilən nöqtəsinə raket zərbələri endirə bilməsinə rəsmi imkan yaradır.

Tehranı və Aşqabadı Moskva dilə tutub

Guardian yazır ki, Rusiya indiyədək Türkmənistan qazının Avropaya nəqlinə imkan yaratmayıb və qəbul olunmuş Konvensiyada da bu məsələ çox yayğın ifadə olunub.

Guardian-ın “bu nə deməkdir” sualına sammit iştirakçılarından biri “kim bilir?” cavabını verib: “Bunu sizə hüquqşünaslar deyəcəklər”.

Qazaxıstanın xarici işlər naziri Kairat Abdrakhmanov deyib ki, dəniz dibinin bölüşdürülməsi metodologioyası beş sahil dövləti arasında əlavə razılaşma ilə tənzimlənəcək.

Guardian yazır ki, İran 1820-ci ildə Rusiyaya məğlub olduqdan sonra Xəzərdəki hegemonluğunu itirib və indi Tehranın Konvensiyanı imzalaması Rohaninin tənqidçiləri tərəfindən xəyanət aktı kimi qiymətləndirilə bilər.

Lakin digər tərəfdən İran, ABŞ sanksiyalarının bərpa olunduğu bir vaxtda özünün regional qonşuları ilə üz-göz olmamağa üstünlük verib.

Bununla belə bəzi İran mənbələri Rohaninin bu Konvensiyanı son ana qədər imzalamaq fikrində olmadığını yazırlar.

Financial Times yazır ki, İranın yola gətirilməsində Putinin administrasiyası həlledici rol oynayıb.

Verisk Maplecroft firmasının Mərkəzi Asiya üzrə baş təhliçisi Camilla Hagelund deyib ki, “Rusiya son irəliləyişdə hərəkətverici qüvvə olub, lakin Moskvanın əslində nədə isə güzəştə gedib-getmədiyini zaman göstərəcək”.

Təhlilçi deyib: “Təhlükəsizlik baxımından Rusiya udan tərəfdir. Lakin Xəzərlə bağlı birmənalı olmayan qalan məsələlər açıq qalır. Bu Konvensiyanın real həyatda necə işləyəcəyi bilinmir".

FT yazır ki, Rusiya Aşqabadı da razı sala bilib. Moskva bildirib ki, türkmən qazının öz ərazisi ilə nəqlini bərpa etməyə hazırdır.

Türkmən qazı heç kimə lazım deyil?

Reuters yazır ki, Azərbaycan və Türkmənistan arasında 620 milyon barrel ehtiyatı olan Kəpəz/Serdar yatağı üstündə mübahisə də hələlik həllini tapmayıb.

TransXəzər Qaz Kəmərinin çəkilməsi perspektivi ilə bağlı da bir çox potensial əngəllər qalır.

Wood Mackenzie konsaltinq firmasının Xəzər üzrə baş təhlilçisi Ashley Sherman deyir ki, Konvensiyanın imzalanması böyük diplomatik irəliləyiş hesab olunsa da, onun enerji sektoruna təsiri çox məhdud olacaq.

“Biz TransXəzər Qaz Kəmərinin çəkilməsini hətta uzaq perspektivdə də qeyri-real hesab edirik. Əlbəttə hüquqi status bir sıra kommersiya və strateji maneələrə daha çox aydınlıq gətirəcək”.

Sherman ümumilikdə Konvensiyanın cənubi Xəzərdəki enerji layihələrini canlandıracağını düşünür.

O deyir ki, hazırda dayandırılmış və ya dondurulmuş yataqların məsələsi gündəliyə gələ bilər.

Lakin Reuters yazır ki, hazırda Xəzərdə neft və qaz hasilatı günə 2 milyon barrel təşkil edir və mübahisəli yataqların istismarına başlanması bu rəqəmə elə də ciddi təsir etməyəcək.

Sherman deyib ki, “mübahisəli yataqlardakı ehtiyatlar Azərbaycanın Azəri/Çıraq/Günəşli və Qazaxıstanın Kaşaqan kimi supernəhəng yataqları ilə müqayisəyə gələ bilməz”.

Bloomberg saytı isə Oksford Enerji Tədqiqatları İnstitutuna istinadən yazır ki, Azərbaycan və Avropa İttifaqı türkmən qazının Xəzərin qərb sahilinə gətirilməsini istəsələr də və Kreml buna qarşı olsa da, bu layihə hazırda heç bir tərəfi ciddi narahat etmir.

İnstitutun təhlilində deyilir ki, hazırkı bazarda türkmən qazı o qədər də sərfəli deyil. Beləki hələ tikilməmiş kəmərlə gəlməli olan türkmən qazı başqa variantlarla müqayisədə - məsələn Rusiyadan əlavə təbii və ya maye qaz alınması variantları ilə rəqabətə qadir deyil.

XS
SM
MD
LG