Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:54

Xüsusi karantin rejimində qiymətlər necə dəyişib?


Moldovada bazar, arxiv foto
Moldovada bazar, arxiv foto

2020-ci il martın 13-də Azərbaycanda pandemiyadan qaynaqlanan xüsusi rejim elan edilmişdi. Artıq bir çox məhdudiyyət aradan qaldırılıb, ancaq ölkədə sözügdən rejim hələ də davam edir. Özəlliklə quru sərhədlərinin bağlı qalması vətəndaşlar arasında böyük narazılıq doğurur.

Pandemiya dönəmi istər ölkədə, istərsə dünyada bahalaşmayla yadda qaldı. Bunun əsas səbəbi məhdudiyyətlər üzündən təchizat zəncirinin pozulmasıydı. Daşıma xərclərinin artması qlobal bazarlarda qiymətləri ciddi ölçüdə yüksəltdi. İç amillər də durumu çətinləşdirdi.

Yanacaq bahalaşdı, kommunal xərclər artdı. İdxaldan böyük asılılıq qiymətlərə daha da artırıcı təsir göstərdi və bu proses hələ sürməkdədir.

Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqladığı bilgilər də ölkədə bahalaşmanın çox yüksək səviyyədə olduğunu təsdiqləyir.

DSK hər ay yüzdən çox qida məhsulunun orta bazar qiymətini açıqlayır. Bu göstəricilər 2020-ci və 2023-cü ilin martın 1-nə olan qiymətlərin müqayisəsini aparmağa imkan verir.

Hər iki dövrdə DSK 130 fərqli məhsulun orta bazar qiymətini açıqlayıb. Həmin göstəricilərdən aydın olur ki, 2020-ci il martın 1-də 130 fərqli məhsuldan oluşan səbətin dəyəri 608 manat idi. 2023-cü il martın 1-də eyni 130 məhsuldan ibarət səbətin toplam qiyməti 798 manata yüksəlmişdi.

Bu, ərzaq səbətinin xüsusi karantin dövründə 31.3 faiz bahalaşması anlamına gəlir.

Xankəndi sakini: 'Mağazalar yenə boşalır, qiymətlər azı iki dəfə bahalaşıb'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Həmin 130 fərqli məhsulun 26-da, yəni bütün səbətin 20 faizində bahalaşma hətta 50 faizi ötüb. Səbətdəki məhsulların 61 faizndə isə bahalaşma 20-50 faiz arasında olub. Eyni dövr ərzində qiyməti ucuzlaşan məhsul qeydə alınmayıb. Sadəcə iki məhsulun -limonla cevizin orta bazar qiyməti üç il boyunca dəyişməz qalıb.

Ən çox bahalaşan məhsullar: çörək, yağ, tərəvəz

Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, əhalinin qida rasionunda nisbətən çox yer tutan məhsullarda bahalaşma daha yüksəkdir. Bu, əslində, əhalinin hiss etdiyi inflyasiyanın komitənin açıqladığı rəqəmlərdən daha yüksək olduğunu deməyə əsas verir.

Rəsmi bilgilərə görə, ötən il ölkədə illik inflyasiya 13.9 faiz, sırf qida inflyasiyası isə 20 faiz olub.

DSK-nın rəqəmlərinə görə, son üç ildə ölkədə ən çox bahalaşan iki qida məhsulu sarımsaq (125 faiz) və qarabaşaqdır.(106 faiz) Bu iki məhsulun qiyməti xüsusi karantin rejimi dövründə iki dəfədən çox artıb. Ən çox bahalaşma qeydə alınan üçüncü məhsul günəbaxan yağıdır.

Bu məhsulun qiymətindəki bahalaşma 95 faizi ötür. Son zamanlar müxtəlif yağ çeşidlərinin dəyərində kəskin artım gözə çarpır. Məsələn, eyni dövrdə qarğıdalı yağının orta bazar qiyməti də 76 faiz artıb. Marqarin 50 faiz, kərə yağı isə 21 faiz bahalaşıb.

Soğan və kartof da ilk onluqda yer alan məhsullar arasındadır. Pandemiyadan öncə ilə müqayisədə soğan 90, kartof 80 faiz, tərəvəz məhsullarından lobya 86, badımcan 77 faiz bahalaşıb. Xiyar və pomidor, uyğun olaraq, 64 və 36 faiz daha baha satılıb.

Un məhsullarında da xeyli qiymət artımı olub. Məsələn, əvvəl Azərbaycanda çovdar çörəyinin dəyəri 74 faiz, əla növ buğdadan bişirilən çörək 66 faiz, qarışıq undan hazırlanan çörək 65 faiz daha bahadır. Un da eyni müddət ərzində 46 faiz bahalaşıb.

Ət məhsulları və içkilər də bahalaşıb

Azərbaycanda əhalinin qida rasionunda ət məhsulları geniş yer tutur. Rəsmi rəqəmlərə görə, pandemiyadan öncə ilə müqayisədə ən çox toyuq ətinin qiyməti artıb.

Bu məhsulun orta bazar qiyməti pandemiyadan öncə ilə müqayisədə 28 faiz yüksəlib. Yumurta qiymətlərindəki bahalaşma da eyni səviyyədə olub. Deyilən müddətdə mal ətinin 1 kiloqramı 24 faiz, qoyun ətinin eyni miqdarı 20 faiz bahalaşıb.

Müxtəlif içki növlərində də pandemiyaöncəsiylə müqayisədə ciddi qiymət artımları qeydə alınıb.

Məsələn, koka-kola içkisinin 1 litrinin qiyməti pandemiyadan öncə ilə müqayisədə düz 40 faiz bahalaşıb. Ayran 37 faiz daha baha qiymətə satılıb. Meyvə şirələrinin qiymətində 25 faiz artım olub. Satışdakı su qiymətlərinin də 1 litrində 27 faizlik artım baş verib.

Bahalaşma spirtli içkilərdən də yan ötməyib. Beləki pivə - 32 faiz, şərab - 27 faiz, araq - 16 faiz bahalaşıb. Siqaret qiymətlərindəki artım isə 32 faiz olub.

Azərbaycanda əhalinin xərclərində ərzaq məhsulları əsas yer tutur. Ötən ilin nəticələrinə görə, ölkədə təkdənsatış ticarət dövriyyəsinin 56.3 faizi azuqənin payına düşüb.

Bu baxımdan, belə ciddi bahalaşma son illər Azərbaycanda əhalinin sosial rifah səviyyəsinə ciddi təsir göstərib.

XS
SM
MD
LG