Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:46

'Yaşıl kitab'ın Oskar alması zarafatdır?


«Yaşıl kitab»ın rejissoru Peter Farrelly
«Yaşıl kitab»ın rejissoru Peter Farrelly

«Yaşıl kitab» (Green Book) filmi bu il ən yaxşı film nominasiyasında Oskar mükafatına layiq görüldü. Ancaq bəzi müşahidəçilər filmin bu mükafata layiq olmadığını düşünürlər.

«Observer» jurnalı yazır ki, xoş, ancaq problemli yol əhvalatı olan bu film rasizmə haqq qazandıran «populist güc balladası, psixoseksual kostyum dramediyasıdır» (drama və komediyanın qarışığı – tərc.). Müəllifin fikrincə, film həm də yetərincə «yanıldıcıdır».

Ciddi rəqib saymırdılar, amma...

2017-ci ildə «Ay işığı» (Moonlight) filmi «ən yaxşı film» nominasiyasında Oskar mükafatına layiq görüləndə çoxları bunu əsl dəyişikliyin baş verdiyi an kimi gördülər. «Bu, inkişaf kimi görünürdü. Sanki divar ovxalanıb dağılaraq film yaradıcılığının növbəti nəslinə yol açırdı», – yazıda deyilir. Ötən il «Rədd ol» (Get Out) filmi Oskar ala bilmədi. Ancaq filmin geniş müzakirə olunması, dörd nominasiyada namizədliyinin irəli sürülməsi Amerika Kino Akademiyasının nəhayət ki, öz üzvlərinin tərkibinə yenidən baxdığı haqda düşüncələrə güclü dəstək idi. Artıq illərdir ki, tənqidçilər bu qurumun tərkibində kifayət qədər müxtəlifliyin olmamasını qabardırlar. Qurumun tərkibində müxtəlifliyin artırılması həm də gələcəkdə belə filmlərə yolun açılması deməkdir.

«Yaşıl kitab» filminə gəlincə isə, bu film meynstrim sorğulara liderlik etmir, kütlələri birləşdirmirdi. Üç favorit filmin arasında olsa da, kino industriyasını yaxından izləyən müşahidəçilərin böyük əksəriyyəti onu ciddi rəqib hesab etmirdilər. Hətta mükafatla bağlı proqnoz verənlərin çoxu onun qələbəsini ən pis hal ssenarisi kimi görürdü.

Filmin ağ adamların prizmasından çəkildiyini, auditoriyasının öz keçmiş günahları ilə bağlı rahatlıq tapmasına köməyini nəzərə alsaq, bu başadüşüləndir. Müəllif hesab edir ki, film guya qəhrəmanlıq və bağlılıq haqda olan hekayəni nəql etmək naminə əsas qəhrəmanı dəyərdən salır və «meynstrimin rəğbətini qazanmaq naminə həqiqəti görməzdən gəlir».

«Yaşıl kitab» 1960-cı illərdə ABŞ-ın cənubunda irqi münasibətlər haqdadır. Filmin hekayəsini real personaj, italyan əsilli amerikalı sürücü Tony Vallelonga və onu işə götürmüş tanınmış pianoçu Don Shirley nəql edir. Tony Vallelonga Don Shirley-ni qastrollara aparır.

Tənqidlər

Filmin yaradıcıları faktlarla bağlı ciddi səhvlərə yol verdiklərindən, özəlliklə də Shirley ailəsi tərəfindən tənqid olunurlar. Ancaq film həm də təpədən-dırnağa bir Afrika-amerikalı hekayəsinin qara olmayan obrazın dili ilə nəqlinə görə tənqid edilir.

Rejissor Peter Farrelly mükafatı qəbul edən zaman söylədiyi nitqdə filmin sevgidən qaynaqlandığını desə də, Shirley-yə təşəkkür etməyi unutdu.

Tanınmış rejissor və ictimai fəal Spike Lee filmin qələbəsi elan olunanda zalı tərk edib və çıxışlar bitənədək öz yerinə qayıtmayıb. Səhnə arxasında isə o, əlində tutduğu şampan qədəhinə işarə edərək, reportyorlara «Bu, altıncı qədəhimdir və səbəbini də siz bilirsiniz», - deyib.

Spike Lee-nin «Qara klan üzvü» (BlacKkKlansman) filmi də «ən yaxşı film» kateqoriyasında namizəd göstərilmişdi. Bu nominasiyada qalib olmasa da, «ən yaxşı adaptasiya olunmuş kinossenari» nominasiyasında qalib oldu. Bu bir neçə sevilən filmə imza atmış Spike Lee-nin ilk Oskar qələbəsidir.

Maraqlıdır ki, 1990-cı ildə Spike Lee-nin «Doğru olanı et» (Do The Right Thing) filmi «Miss Deyzinin sürücüsü» (Driving Miss Daisy) filminə uduzub. Spike Lee özünəxas yumorla reportyorlara deyib ki, «hər dəfə kimsə kiməsə sürücülük edəndə mən uduzuram».

XS
SM
MD
LG