Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:03

Yekəxana sakinləri örüş yerlərinin satılmasından danışır


Örüş yeri (arxiv fotosu).
Örüş yeri (arxiv fotosu).

“İslahatlar vaxtı həmin torpaqlar örüş sahəsi kimi kəndlilərin ümumi istifadəsinə verilib. İndi hissə-hissə iş adamlarına satılır. Halbuki örüş sahəsi satıla bilməz”, - Göyçayın Yekəxana kəndinin sakinləri AzadlıqRadiosu-na belə deyirlər.

Kənddəki örüş sahələrinin bir ucdan satıldığını söyləyən kəndlilər bildirirlər ki, Şıxlı dağı deyilən ərazidə təxminən 70 hektar örüş sahəsinin artıq 20 hektarı əllərindən alınmaq üzrədir. Kənd sakini Eyvaz Həsənov danışır:

“Kənddə 150-yə yaxın ailə təsərrüfatı var. Hər ailənin də həmin örüşdə, azı, 5-6 baş heyvanı otlayır. Hətta 30-40 baş heyvanı otlayan ailələr də var. Üstəlik, qonşuluqdakı Şahsoltanlı kəndinin heyvanları da bu örüşdə otarılır. İndi özünüz düşünün, örüş sahəsi əldən çıxsa, bu qədər insan heyvanını harada otaracaq?”.

Buna da bax:​ Gəncədə əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd əlcək çıxdı

“İndi sussaq, bir azdan...”

Kənd sakinlərinin sözlərinə görə, örüşün bir hissəsinə sahiblənmək istəyən işadamının əraziyə yaxın yerdə çoxlu üzüm bağı və balıqçılıq təsərrüfatı var. Örüşün də bir hissəsini alıb ki, təsərrüfatına qatsın.

Kənd sakini Zaur Qurbanov deyir, indi sussalar, sonra gec olacaq:

“İndi sussaq, bir azdan örüşün bir hissəsi, daha sonra yerdə qalan hissəsi də əldən gedəcək. Susmaq – razılaşmaqdır, bizsə imkan verməyəcəyik. Mal-qaramızı otarmağa başqa sahəmiz yoxdur. Şıxlı dağındakı örüş iki kəndin örüşü sayılır”.

Buna da bax:​ Zabrat sakinləri: 'Siz deyin, burda insan yaşayarmı?'

İcra hakimiyyəti: “Yaxınlarda bir cavab verilər”

Kəndlilər yerli icra hakimiyyətinə müraciət etsələr də, az sonra örüş yerində ölçmə işlərinin aparıldığını görüblər. Bu işi yerinə yetirənlər bildiriblər ki, örüşün bir hissəsini satın almış işadamının sahəsini ölçüb-biçirlər. Qəzəblənən kəndlilər bu dəfə Prezident Administrasiyasına və Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər.

Göyçay Rayon İcra Hakimiyyətində olaya belə reaksiya veriblər: “Məsələni başçıya çatdırarıq, araşdırılar, yaxınlarda bir cavab verilər”.

Buna da bax:​ Yeni binadan mənzil alıb, təmir etdirib, amma yaşaya bilmir...

Hüquqşünas: “Örüş yeri satıla bilməz”

Hüquqşünas Vaqif Alıyev deyir ki, örüş yeri kimi ayrılan torpaq sahəsi hazırda istifadə olunursa, satıla bilməz:

“Söhbət kənd təsərrüfatı təyinatlı torpaqdan gedir. Belə torpaqlardan ya istifadə olunur, ya da müəyyən müddətdən sonra geri alınır. Kənd təsərrüfatı torpaqları üzərində alqı-satqı qurmaq qanunsuzdur. Ümumi istifadədə olan torpaq sahəsi başqasına satıla bilməz. Sadəcə, Nazirlər Kabineti tərəfindən geri alına bilər”.

Hüquqşünas kəndlilərin məhkəməyə müraciət etməsini məsləhət görür.

XS
SM
MD
LG