Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:54

Yəmən husiləri kimdir və İsrailə niyə düşmən olublar?


Yəmən husiləri
Yəmən husiləri

Yəmən husiləri İsraildən və Qəzza zolağından 1500 kilometrdən də artıq aralı olmalarına baxmayaraq oktyabrın 31-də paytaxt Sənadan dron və raket hücumları edərək İsrail-HƏMAS münaqişəsinə qoşulduqlarını elan ediblər.

Reuters agentliyi bu dini qruplaşma barədə müəyyən məlumatları verib.

Tarix

1990-cı illərin sonlarında Yəmənin uzaq şimalındakı bir husi ailəsi şiə İslamının Zeydi təriqətinin dirçəlişi hərəkatının başlandığını elan edib.

Bir zamanlar bütün Yəməni idarə edən bu təriqətin yaşadığı bölgə sonralar yoxsullaşıb və marginallaşıb. Təriqət və Yəmən hökuməti arasında qarşıdurma böyüyüb və husi silahlıları bir neçə dəfə hökumətlə partizan müharibəsi aparıblar. Onların qonşu Səudiyyə Ərəbistanı ilə də qısa toqquşması olub.

Husilərin Ciddədəki Səudiyyə neft qurğularına hücumlarından biri
Husilərin Ciddədəki Səudiyyə neft qurğularına hücumlarından biri

Yəmən müharibəsi

Yəmən müharibəsi 2014-cü ildə Səna husilər tərəfindən qəsb olunduqdan sonra başlanıb. Öz sərhədi boyunca şiə İranının təsirindən narahat olan Səudiyyə 2015-ci ildə husilərə qarşı Qərb tərəfindən dəstəklənən beynəlxalq koalisiya yaradıb.

Husilər ölkənin şimalında və başqa iri əhali məntəqələrində nəzarəti ələ alıblar, beynəlxalq birlik tərəfindən tanınan Yəmən hökuməti isə Ədən şəhərinə sığınıb.

2015-ci ildə Yəməndə qısamüddətli sabitlik yaranıb. Səudiyyə müharibədən çıxmaq məqsədilə husilərlə danışıqlar aparıb.

Amma husilərin İsrail üzərinə son hücumları Səudiyyə Ərəbistanı üçün də münaqişə riski yaradıb.

İsrail üzərinə hücumlar

Oktyabrın 31-də husilərin hərbi sözçüsü Yəhya Sari televiziya ilə verdiyi bəyanatda elan edib ki, İsrail istiqamətində çox sayda ballistik raket və dronlar buraxılıb və “fələstinlilərin qələbəsi naminə” gələcəkdə İsrail üzərinə daha çox hücumlar olacaq.

Sarinin sözlərinə görə münaqişə başlanandan bəri husilər İsrail üzərinə üç hücum ediblər. Beləliklə də onlar oktyabrın 28-də Misirdə partlayışlarla nəticələnmiş dron hücumunun arxasında olduqlarını təsdiqləyiblər. Oktyabrın 19-da isə ABŞ donanması Yəməndən atılan üç qanadlı raketi vurub.

Husi döyüşçülərindən biri İran generalı Qassem Süleymaninin portreti ilə
Husi döyüşçülərindən biri İran generalı Qassem Süleymaninin portreti ilə

Hücumlardan məqsəd nədir?

Özünü İranın dəstəklədiyi “müqavimət xəttinin” bir hissəsi hesab edən husilər HƏMAS İsrailə hücum edəndən bəri fələstinliləri dəstəklədiklərini bildiriblər.

Sari İsraili Yaxın Şərqdəki sabitsizliyə görə ittiham edib və deyib ki, İsrailin Qəzzaya hücumları “münaqişənin çevrəsini” genişləndirib.

Sözçü bildirib ki, “İsrail təcavüzünü dayandıranadək” husilərin hücumları davam edəcək.

Təriqətin başlıca devizi “Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət və İslama qələbə” şüarıdır.

İranla bağları

Husilər özlərinin raket və dron qabiliyyətini Yəmən müharibəsi dövründə Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin neft qurğularını və başqa infrastruktur obyektlərini vurmaqla nümayiş etdiriblər.

Səudiyyənin başcılıq etdiyi koalisiya İranı husiləri təlimləndirməkdə, silahlandırmaqda və maliyyələşdirməkdə ittiham edib.

Qruplaşma İranın əlaltısı olmasını danır və bildirir ki, öz silahlarını inkişaf etdirir.

XS
SM
MD
LG