Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:19

Yerevan Bakıya atəşkəs pozulmalarını birgə araşdırmağı təklif edib


Teğ kəndi yaxınlığında keşikçi postları (Arxiv fotosu)
Teğ kəndi yaxınlığında keşikçi postları (Arxiv fotosu)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Azərbaycanı yeni hərbi təcavüzə hazırlaşmaqda ittiham edəndən bir neçə gün sonra Yerevan Bakıya Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması hallarının birgə araşdırılmasını təklif edib.

Ermənistanın baş naziri Nikol Paşinyan bu ideyanı iyunun 15-də səsləndirmişdi. Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı sərhədin müxtəlif sektorlarında atəşkəsi pozmaqda ittiham edən bir neçə bəyanatlar vermişdi.

Ermənistan tərəfi bu iddiaları qətiyyətlə rədd edirdi.

Paşinyanın ofisi iyunun 22-də bildirib ki, Yerevan atəşkəsin pozulması iddialarının birgə araşdırılması üçün “ikitərəfli təhqiqat mexanizmi” adlı təklifi “adları çəkilməyən” diplomatik kanallarla Bakıya çatdırıb. Yerevan bu mexanizmin detallarını açıqlamayıb.

Avropa dərhal alqışlayıb

Azatutyun yazır ki, Avropa İttifaqı bu təklifi özünün Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Toyvo Klaar vasitəsilə çox çevik bir şəkildə alqışladığını bildirib.

X platformasında yazdığı postda Klaar bildirir ki, Aİ vaxtilə buna bənzər təmasları Gürcüstanda təşkil edib və indi belə köməyi Ermənistan və Azərbaycana da göstərməyə hazırdır.

Azatutyun bildirir ki, Azərbaycan tərəfi iyunun 24-də hələlik bu təklifə münasibət bildirməmişdi.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 22-də Ermənistanı razılaşmanı pozmaqda ittiham etmişdi. Yerevan bu iddiaları da rədd edib.

Bakı bundan əvvəl Ermənistanın hər iki tərəfin sərhəd boyunca qoşunlarını geri çəkmək barədə təklifini dəfələrlə rədd edib.

“Yeni təcavüz” xofu

Müşahidəçilər Bakının ikitərəfli araşdırmalara dair təklifi də qəbul etməyəcəyini, əvəzində sərhəd boyunca gərginliyi saxlamağa çalışacağını deyirlər.

Xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda dəfələrlə gileylənmişdi ki, Bakı Ermənistan sərhədini sülh müqaviləsinin tərkib hissəsi kimi tanımağa həvəsli deyil, üstəlik Naxçıvana Ermənistanın yurisdiksiyasında olmayan dəhliz tələb edir.

Azərbaycan prezidenti İlham Əliyev isə sülh müqaviləsinin imzalanmasının Ermənistanın öz konstitusiyasını dəyişdirməsindən asılı olduğunu bəyan edib.

Əliyev konstitusiyanın dəyişdirilməsi tələblərini aprelin sonlarında yenidən gündəmə gətirmişdi.

Bu, Ermənistanın Qazax rayonunun dörd kəndini Bakının nəzarətinə qaytarması ərəfəsində baş verirdi.

İyunun 19-da Ermənistan XİN bildirib ki, Azərbaycan noyabrda COP29 sammitindən sonra Ermənistana qarşı “yeni təcavüzə” başlaya bilər.

Nazirlik bildirirdi ki, Bakı Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsindən narazıdır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG