Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:27

Yerevan deyir ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması qərarını Moskvaya bildirib


Armen Qriqoryan
Armen Qriqoryan

Rəsmi Yerevan bildirib ki, bundan sonra Zvartnots beynəlxalq hava limanında yalnız Ermənistan Respublikasının öz sərhədçiləri olacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Məclisdə jurnalistlərlə söhbəti zamanı deyib.

Hazırda Ermənistanın əsas hava limanında həm Ermənistan, həm də Rusiya sərhədçiləri var. Onlar sərhəd pasport-buraxılış xəttində birgə xidmət edirlər.

Armen Qriqoryansa bəyan edib ki, Yerevanın mövqeyinə görə Zvartnots hava limanında yalnız Ermənistan sərhədçiləri xidmət çəkməlidirlər:

"Müstəqillik dövründə Ermənistan müxtəlif sahələrdə qabiliyyətlər əxz edir və hazırda Ermənistan aeroporta tamamilə nəzarət etmək iqtidarındadır. Ermənistan bu barədə aydın mövqeyini Rusiyaya rəsmi məktubla bildirib”.

Moskva təkzib etmişdi

Bununla belə Kremlin sözçüsü Dmitri Peskov martın 6-da deyib ki, Moskva Rusiya sərhədçilərinin Yerevan aeroportundan çıxarılması ilə bağlı heç bir rəsmi bildiriş almayıb.

Bundan daha əvvəl Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan demişdi ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması “düzgün” olardı.

Milli Məclisin spikeri demişdi ki, o Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərini qoruyacağından əmin deyil:

“Biz öz sərhədlərimizi özümüz qoruyacağıq. Amma mən onların bizim sərhədlərimizi qoruyacağından əmin deyiləm. Siz necə, əminsiniz? Bu dəfələrlə isbat olunub ki, onlar qorumurlar, üstəlik hər şeyi edirlər ki, bu sərhədlər daha zəif olsun. Onlar Dağlıq Qarabağa gəlib orda nə etdilər? Erməni xalqını ordan yola saldılar. Hadisələr başa çatandan iki-üç saat sonra Rusiya sülhməramlılarından beş nəfəri öldü. Onlar erməniləri çölə atdılar. Qorumaq belə olur? Bir gün də sizi və məni Zvartnots hava limanından yola salacaqlar”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG