Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:40

Yerevanda partlayışda ölənlərin sayı 16-ya çatıb


Ermənistan, "Surmalu" ticarət mərkəzində partlayış,14 avqust 2022
Ermənistan, "Surmalu" ticarət mərkəzində partlayış,14 avqust 2022

Axtarış-xilasetmə işləri davam edir

Yerevanda “Surmalu” ticarət mərkəzində partlayışda ölənlərin sayı 16-ya çatıb.

Bu barədə bu gün – avqustun 16-da Ermənistanın Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

3 nəfər itkin sayılır, onlardan biri İran, biri Rusiya vətəndaşıdır.

Partlayışda 61 nəfər yaralanıb.

“Surmalu” ticarət mərkəzində müxtəlif mal və məhsulların topdan satışı həyata keçirilirdi. FHN pirotexnika anbarında iki güclü partlayışdan sonra yanğın baş verdiyini bildirir.

Axtarış işləri, yanğın ocaqlarının söndürülməsi davam edir.

***

Avqustun 15-də, səhər 8-ə olan məlumata görə, Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış və yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Fövqəladə Hallar Nazirliyinin təmsilçisi Qari Armaqanyan AzadlıqRadiosunun erməni xidmətinə – Radio Azatutyuna deyib ki, ölənlərdən dördünün kimliyini müəyyənləşdirmək mümkün olub.

16 nəfərin itkin düşdüyü bildirilir.

Bir gün öncə açıqlanmış məlumatda azı 60 yaralının olduğu vurğulanırdı.

Armaqanyan hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.

***

Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralı sayı isə 60-a çatıb. Hələ də ticarət mərkəzinin tam söndürülmədiyi bildirilir.

Avqustnun 14-də Ermənistanın paytaxtı Yerevanda "Surmalu" ticarət mərkəzində partlayış olub. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, yanğın başlayandan bir qədər sonra mərkəzdə partlayış olub.

Təcili yardım stansiyasından verilən məlumata görə, 11 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib. Xidmət yaralı sayının arta biləcəyini bildirir. FHN -dən isə ən azı bir nəfərin öldüyü, 20-yə yaxın yaralının olduğu bildirilib.

Nazirliyin mətbuat katibi Hayk Kostanyan bildirib ki, tez alışan partlayıcı maddələrin partlaması davam edir. "Azatutyun" radiosunun məlumatına görə, müxtəlif tibb müəssisələrinə 30 vətəndaş müraciət edib.

Məlumata görə ...."8 nəfər orta ağır vəziyyətdə Erebuni tibb mərkəzinə, 14 nəfər Şenqavit tibb məntəqəsinə yerləşdirilib, onlardan 9-nun vəziyyəti orta ağırdır, 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb."

Səhiyyə Nazirliyindən verilən məlumata görə, paytaxtın müxtəlif xəstəxanalarında indiyə qədər ( (yerli vaxtla 15:30-a) 26 zərərçəkmişə tibbi yardım göstərilib.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlarda ticarət mərkəzində pirotexnika məhsullarının partlaya biləcəyini güman edirlər, lakin səlahiyyətlilər bu məlumatı hələ təsdiqləməyiblər.

Yerevan, 14 avqust 2022
Yerevan, 14 avqust 2022

"Surmalu"nun müxtəlif mal və məhsulların topdan satışı üzrə ticarət mərkəzi kimi fəaliyyət göstərdiyi bildirilir.

XS
SM
MD
LG