Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:44

Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]


Kassandra (Cassandra). Yunan mifologiyasının qəhrəmanı.
Kassandra (Cassandra). Yunan mifologiyasının qəhrəmanı.

Ötən ilin martında yunan mifologiyasındakı 12 titandan 6-sı Azərbaycana «gəlmişdi». Yox, söhbət dram teatrında eramızdan çox-çox əvvəl baş vermiş əfsanəvi Troya müharibəsinin səhnələşdirilməsindən getmir. Sadəcə, Vergilər Nazirliyində yunan allahlarının adlarını daşıyan 6 şirkət qeydiyyatdan keçmişdi.

Bu işin içində başqa bir müəmma olmasaydı, qəribə bir hal kimi qarşılanmazdı. Adları heç bir anlam daşımayan şirkətlər saysız-hesabsızdır. Qəribəlik isə o idi ki, ictimaiyyətə onsuz da məhdud həcmdə təqdim olunan kommersiya təşkilatlarının dövlət reyestri məlumatlarında bu şirkətlərin rəhbərlərinin adları qeyd olunmamışdı.

YUNAN TANRILARI ƏLİYEVLƏRƏ BAĞLI ŞİRKƏTLƏRLƏ EYNİ ÜNVANDA

«Kronos İstehsalat» MMC (VÖEN 1403365391), «Bront Satış» MMC (1403365821), «Erida İdxal və İxrac» MMC (1403365541), «Tefida Xidmət» MMC (1403365411), «Sterop Təmir Tikinti» MMC (1403365671) və «Feba Satış» MMC (1403365261) hamısı eyni gündə - 2016-cı il martın 9-da təsis olunmuşdu. Hər birinin ilkin kapitalı 10 manat, hüquqi ünvanı isə Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 9 idi. Keçmiş zamanda ona görə yazırıq ki, bu şirkətlərin 5-i artıq mövcud deyil.

Sənədlər.
Sənədlər.

Şirkətlər mart ayında yaransalar da, dövlət reyestri məlumatları 3 ay sonra – iyunun 8-də Vergilər Nazirliyinin mətbu orqanı olan «Vergilər» qəzetinin Xüsusi buraxılışında (№22, 333) ictimaiyyətə açıqlandı. Bu azmış kimi, həmin şirkətlər haqqında nazirliyin elektron məlumat bazasında da heç bir informasiya yox idi.

Sənədlər.
Sənədlər.

AzadlıqRadiosu qəzetdə dərc olunan qeydiyyat məlumatlarının natamamlığı və dövlət reyestri məlumatının gizli saxlanması ilə bağlı Nazirliyə yazılı sorğu ilə müraciət etməli oldu. Lakin 7 iş günü keçsə də, «İnformasiya əldə etmək haqqında» Qanunun tələbinə zidd olaraq, sorğuya cavab verilmədi. İyul ayında təkrar müraciətdən də səs-soraq çıxmadı. «Yunan tanrıları»nı hansısa gizli bir əl qoruyurdu.

Sənədlər.
Sənədlər.

Qeyd etmək lazımdır ki, «Süleyman Rüstəm küçəsi, ev 9» ünvanında 100-dək şirkət qeydə alınıb. Bunların bir çoxu birbaşa və ya dolayı «Ata Holding» və «Synergy Group»la bağlıdır. Panama dövlət reyestrindəki sənədlərə əsasən, «Ata Holding»ə prezident ailəsinin üzvləri nəzarət edir. «Synergy Group» şirkətində əsas paya sahib olan Əşrəf Kamilov isə «Ata Holding»də kiçik paya sahibdir.

ÜÇ GÜN KEÇMƏDİ Kİ…

Şirkətlərin naməlum təsisçilərinin onları «qeybə çəkmək» – ləğv etmək niyyəti haqda isə tam təsadüf nəticəsində xəbər tuta bildik. Vergilər Nazirliyinin elektron məlumat resursunda onların ləğv prosesində olması haqda yazılırdı. Yunan tanrıları kimi şirkətlər də əbədi deyil: yarandıqları kimi bir vaxt gedəsidirlər. Di gəl ki, bu prosesin özü belə sirr pərdəsi altında idi. Biz hələ «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulmasını demirik.

Sənədlər.
Sənədlər.

Vergilər Nazirliyinin elektron məlumat resursunda adıgedən şirkətlərə dair məhdud informasiya, yəni ləğv prosesində olan şirkətin adı və eyniləşdirmə nömrəsi verilirdi. Digər məlumatlar (hüquqi ünvan, nizamnamə kapitalı, hüquqi təmsilçi və s.) əlçatımlı deyildi. Şirkətlərin ləğvi haqqında ictimaiyyət və kreditorlar media vasitəsilə məlumatlandırılmamışdı. Qanunvericiliyə görə, bu cür məlumatlandırma «Vergilər» qəzeti vasitəsilə baş verir.

Məsələ ilə əlaqədar nazirliyin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət etdik. Burada məsələnin araşdırılacağını dedilər.

Lakin nazirliyə müraciətdən 3 gün keçməmiş «yunan tanrıları» artıq yox idilər: Azərbaycana məhdud məsuliyyətli cəmiyyətlər qiyafəsində enmiş Okeanın bacısı «Tefida», Ayı təcəssüm etdirən «Feba», mübahisə ilahəsi «Erida», Zamanın mücəssəməsi «Kronos» və təpəgöz «Bront» (şimşək) haqda bildiklərimiz yunan mifologiyasında yüz illərdən bəri deyilənlərdən o yana getmir. Onlar sirli şəkildə gəldikləri kimi mübhəm də getdilər ...

TENDER DƏ UDUB

Amma yunan miflərindəki titanlardan biri – təpəgöz Sterop (gurultu) hələ ki buradadır. Vergilər Nazirliyinin məlumat bazasında «Sterop Təmir Tikinti» MMC-nin ləğv olunmağa hazırlaşması haqda bir söz deyilmir. Digər şirkətlər kimi onun haqqında da burada geniş bilgi verilmir.

Sənədlər.
Sənədlər.

Elə bu şirkətlərin 4-nə rəhbərlik etmiş şəxslər (Rəşad Rauf oğlu Əfəndiyev, Mahir Fərrux oğlu Kərimov, Elxan İsfəndiyar oğlu Həsənov və Elman Arzuman oğlu Əsgərov) haqda da hər-hansı məlumat yoxdur.

Yunan mifologiyasını bu günümüzə daşımış bu şirkətlərin böhranın tüğyan etdiyi iqtisadiyyata nə kimi səmərəsi olduğunu demək çətindir. Hələlik məlum olan bircə faktdır: yaranmağından bir müddət keçmiş «Kronos İstehsalat» MMC dövlətə məxsus «Azəristiliktəchizat» ASC-nin tenderində iştirak edib və qalib gəlib. Nasos və mühərriklərin ehtiyat hissələrinin satın alınması ona tapşırılıb. Buna görə şirkətə nə az, nə çox – 45 min 178 manat 42 qəpik pul ödənilib.

TANRILAR KİMİ

Hüquqşünas Xalid Bağırov deyir ki, qanunvericiliyə əsasən, biznes qurumlarına dair kommersiya sirri daşımayan məlumatlar ixtisaslaşmış mediada dərc edilməli və onların elektron resurslarda açıq istifadəsinə ödənişsiz şərait yaradılmalıdır: «Milli qanunvericilikdə məlumatların gizlədilməsinə görə dövlət orqanına qarşı məsuliyyət tədbiri nəzərdə tutulmayıb. Bununla belə hər bir şəxs bu məlumatı müraciət etməklə qeydiyyat orqanından almaq hüququna malikdir».

Hüquqşünas şirkətlərin ləğvi ilə bağlı prosedurların tamamlanmasını da hüquqi baxımdan mübahisəli hesab edir. Çünki, şirkətlər ləğv olunarkən bu haqda mediada bildiriş dərc etdirməli və həmin bildiriş təsisçilərin qərarına əlavə olunmalıdır. Barəsində söz açdığımız şirkətlər isə özlərini, yumşaq desək, yunan allahları kimi aparıblar – Yerdəki qanunlara saymazyana yanaşmaqla. Görünür, onlar digər yunan tanrısı Ədalət ilahəsi Femidanın bu ərazidə olmamasına güvənirlər.

XS
SM
MD
LG