Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:38

Kremlin 'Z' brendi və svastika


Sankt Peterburq
Sankt Peterburq

Rusiyalı filosof Mixail Epşteyn müasir rus cəmiyyətini “şizo-faşizm” adlandırır, bunun “faşizmlə savaş maskası altında gizlənən faşizm” olduğunu deyir

Latın əlifbasının Z hərfi Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə dəstək simvoluna çevrilib. Əlbəttə ki, Rusiyada, bəzi rusiyalılar üçün. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Robert Koalson bu simvolun bir çox rusiyalıda “narahatlıq, qorxu, başqa mənfi hisslər” yaratdığını da yazır.

Rusiyada və xaricdə bir çoxları bu aqressiv simvolu faşist emblemi kimi görürlər. Siyasi şərhçi Vitali Portnikov Z simvolunu “stilli yarımsvastika”, digər şərhçilər isə “Zvastika” adlandırırlar.

Deputatın etirazı

Martın 16-da Sibirin Novosibirsk şəhərində bələdiyyə orqanının iclasında müstəqil deputat Xelqa Piroqova təklif edib ki, şəhərə, avtobuslara, digər nəqliyyat vasitələrinə Z simvolunun yapışdırılmasına nə qədər vəsaitin xərcləndiyi iclasın gündəliyinə salınsın.

“Sakinlərdən xeyli mesaj alıram, onlar bu simvolla bağlı tədbir görülməsini istəyirlər. Onu sevmirlər. Bu onlarda narahatlıq, qorxu, digər mənfi hisslər oyadır”, – Piroqova AzadlıqRadiosu-nun Siberia.Realities portalına deyib.

Şəhər Şurasının sədr müavini Yevgeni Yakovenko isə Piroqovanı və müharibəyə qarşı çıxan digərlərini islah əməyə məhkum olunası “milli satqınlar” adlandırıb.

Z hərfi fevralın 24-də Ukraynaya müdaxilə edən Rusiya hərbi texnikasının üstünə vurulub. Rusiya ordusu hərfin mənasını izah etməsə də, təhlilçilər onun Qərb (Zapadnıy) Hərbi Dairəsinə işarə etdiyini düşünürlər. Bu nişan Rusiya avadanlığını Ukrayna silahlı qüvvələrinin texnikasından fərqləndirir.

Kremlin “brendi”

“Müharibə başlayandan sonra bir həftə içində Kremlin təbliğatçıları mistik assosiasiyaları olan Z simvolundan öz məqsədləri üçün istifadəyə başladılar”, – “Conflict Intelligence Team” müstəqil monitorinq qrupunun hərbi təhlilçisi Ruslan Leviyev deyir. “Onlar müxtəlif sadə izahlar da düşündülər, guya Z ‘Qələbə üçün’ (Za pobedu) deməkdir”, – o, sözlərinə əlavə edir.

V (Vostoçnıy) latın hərfindən də eyni cür, amma daha az istifadə olunur.

Leviyev Z-nin Kremlin “brend”inə çevrildiyini qeyd edir. Putin hökuməti narıncı-qara rəngli Müqəddəs Georgi lentlərindən isə 2-ci Dünya müharibəsində qələbənin anım mərasimlərində istifadə edir. Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsi vaxtı isə bu lentlər dəstək ifadəsinə çevrildi.

Son həftələr Z simvolu Rusiyada hər yerdə görünməyə başlayıb. Mərkəzi Seçki Komissiyası onu loqosuna salıb.

Kemerovo Vilayətinin qubernatoru Sergey Tsivilyov Kuzbas regionunun rəsmi adının KuZbass kimi yazılmasına göstəriş verib.

Hər yerdə “Z”

Kreml Rusiyada Ukraynaya hücumu “müharibə” adlandırmağı yasaqlayıb, “xüsusi əməliyyat” termini işlədilir. RT dövlət telekanalı Ukraynadakı müharibəyə “Z Xüsusi Əməliyyatı” deyir, Z loqosu olan qısaqol köynəklər buraxır.

Rusiyada yerləşən “Wildberries” onlayn mağazası Z hərfi olan müxtəlif məhsullar buraxır, məsələn, avtomobillər üçün şüşə stikerləri.

Çevik polis alayının nişanlarında Z görünməyə başlayıb.

Dövlət müəssisələrində isə Z simvoluna həsr olunmuş “fleş-moblar” təşkil olunur.

“Şizo-faşizm”

“Rusiya klinik dəliliyə doğru gedir. Müharibə olacağını təsəvvür etmirdim, amma oldu. Bu o deməkdir ki, başqa reallıqda yaşayıram, bunları qavraya bilmirəm”, – Moskvada yaşayan siyasi təhlilçi Dmitri Oreşkin AzadlıqRadiosu-nun Ukrayna xidmətinə deyib.

ABŞ-da dərs deyən rusiyalı filosof Mixail Epşteyn müasir rus cəmiyyətini “şizo-faşizm” adlandırır, bunun “faşizmlə savaş maskası altında gizlənən faşizm” olduğunu deyir.

“Şizo-faşizm faşizmin bir növ karikaturasıdır. Ancaq ciddi, təhlükəli və aqressiv karikaturadır. Şizo-faşizm azadlıq, demokratiya, xarici və ‘digərləri’ sayılan hər şeyə isterik nifrət deməkdir. Bu, daimi düşmən və satqın axtarışıdır”, – o, AzadlıqRadiosu-nun “North.Realities” portalına deyib.

“Milli satqınlar”

Putin martın 16-da “milli satqınları” pisləməklə bu təəssüratı daha da gücləndirmiş oldu. O, istənilən cəmiyyətin əsl satqınları “təsadüfən ağzına girmiş milçəklər kimi tüpürüb atacağını” söyləyib.

Doxa onlayn tələbə nəşrinin martın 16-da yaydığı xəbərə görə, Moskvada tələbə fəallar Dmitri İvanovOlqa Mişikin yaşadığı binaların üstünə Z simvolu və xəyanət ittihamları yazılıb.

Sankt Peterburqda da fəallara qarşı oxşar qorxutma texnikası haqda xəbərlər gəlir.

Müharibəyə qarşı çıxanların şəxsi datasının sosial media kanallarında yayıldığı xəbər verilir. İnsan haqları fəalı Daniil Berman martın 17-də Facebook-da yazıb ki, Moskvadakı İstintaq Komitəsinə bütün “iqtisadi işləri” tezliklə bağlamağa dair qeyri- rəsmi göstəriş verilib, çünki apreldə “dövlətin düşmənləri və milli satqınlara qarşı işlər çox olacaq”.

Bu arada Almaniyada Adolf Hitler rejiminə qarşı çıxanlardan cəsarət alanlar rusiyalılar da var.

Martın 16-da Sibirin İrkutsk şəhərində bir etirazçı mərkəzi meydanda əlində bircə ağ qızılgül tutub.

1940-cı illərin əvvəlində Münhendə Ağ Qızılgül hərəkatı nasist rejiminə dirənişə çağıran vərəqələr paylayırdı. Qrupun üç əsas lideri 1943-cü il fevralın 22-də edam olundular.

XS
SM
MD
LG