Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Polisdə zorakılıq görən vəkilin hekayəti


Zabil Qəhrəmanov
Zabil Qəhrəmanov

Vəkil polis idarəsində zorakılıqla üzləşməsindən prokurorluğa şikayət edib və şikayət hazırda araşdırılır.

Zabil Qəhrəmanov şikayətində göstərib ki, Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan şəxslə müdafiəçisi kimi konfidensial görüşmək istədiyini deyib. Onun sözlərinə görə, nəinki müvəkkili ilə görüşə bilməyib, hətta özünə də zor tətbiq olunub: "Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi Xanlar Məmmədov və yanında olan başqa bir polis əməkdaşı tərəfindən mənə qarşı zor tətbiq edildi. Məni polis idarəsindən çıxardılar".

Vəkil ekspertizadan keçib, üzərindəki xəsarətlər rəydə əksini tapıb. Vəzifəli şəxslərin hərəkətlərindən şikayətləri araşdırmaq səlahiyyəti prokurorluqda olduğuna görə vəkil də bu quruma şikayət edib. Gəncə şəhər Prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, şikayətlə əlaqədar araşdırmalar davam edir.

Müvəkkili ilə görüşə bilməyən vəkil

Vəkillərin hüquq-mühafizə orqanlarıyla bağlı əsas şikayətlərindən biri hüquqlarını müdafiə etdikləri şəxslə vaxtında və konfidensial şəraitdə görüşmələrinə imkan verilməməsindəndir. Elə hallar olur ki, saxlanılan şəxsin yaxınları ona vəkil tutduğu halda, həmin müdafiəçi prosesə buraxılmır, müvəkkili ilə görüşə bilmir. Müqavilə bağlanmış vəkil prosesə buraxılmadığı halda, şəxsə dövlət hesabına müdafiəçi təyin olunur. Növbəti belə halla elə vəkil Qəhrəmanov Gəncədə üzləşib.

Azad Kazımov apreldə Göygöl rayonunda işlədiyi idman zalının qarşısında saxlanılaraq Gəncəyə - Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə gətirilib. Onun saxlandığını görən dostları dərhal bu haqda ailə üzvlərinə məlumat veriblər. Kazımovun anası da vəkildir, idarəyə getsə də, oğluyla görüşə bilməyib. Ona görə Gəncə şəhərindəki 1 saylı Vəkil Bürosunun vəkillərindən Zabil Qəhrəmanovla müqavilə bağlayıb ki, təcili prosesə qoşulsun, oğluyla görüşsün, nə baş verdiyini aydınlaşdırsın.

'Vəkil 3 min istədi': Vəkil xidməti əlçatandımı? (QİYMƏTLƏR)
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

"Az sonra gəldi ki, onun dövlət hesabına vəkili var"

Qəhrəmanov deyir ki, dərhal orderi də götürüb polis şöbəsinə gedib, müvəkkili ilə görüşmək istəyib. Axşam saat 8:30 radələrindən gecə saat 2-3-ə qədər gözləsə də, Kazımovla görüşə bilməyib: "Qapıdakı polis əməkdaşına orderi təqdim elədim, Azad Kazımovun vəkili olduğunu dedim. Getdi, az sonra gəldi ki, onun dövlət hesabına vəkili var, sənə ehtiyac yoxdur. Dəfələrlə izah eləməyə çalışdım ki, şəxsin özünün və yaxınlarının seçdiyi müdafiəçi tərəfindən müdafiə olunmaq hüququ var. Xeyri olmadı. Gecəyə qədər gözlədim, getdim".

Kazımov narkotik maddə saxlamaqda şübhəli şəxs kimi tutularaq polis şöbəsinə gətirilib. Orada üzərinə baxış keçirilsə də, qanunsuz nəsə aşkarlanmayıb. Onun haqqında cinayət işi başlanmasa da, inzibati xəta protokolu tərtib edilib. İddia olunub ki, Kazımov polis əməkdaşlarına müqavimət göstərib.

"Tanımadığım adamı vəkilim kimi təqdim elədilər"

"Mən özüm də əvvəllər polis olmuşam, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi Elvin Abbasovla vaxtilə birlikdə işləmişəm. Mənə imzalamaq üçün sənədlər verildi. Dedim ki, öz vəkilim gələnə qədər heç nəyi imzalamayacağam. Tanımadığım adamı vəkilim kimi təqdim elədilər, ona etiraz elədim", – Kazımov məhkəmədə belə deyib.

Onun sözlərinə görə, səhərə qədər həmin şöbədə saxlanılıb. Ertəsi gün Kəpəz rayon Polis Şöbəsinə, oradan da məhkəməyə aparılıb. Amma məhkəmə inzibati xəta işinə də xitam verib. O, azadlığa buraxılıb.

Elçin Sadıqov: 'Təqiblər vəkillik fəaliyyətimə görədir'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Vəkil Zabil Qəhrəmanov müdafiə hüququnun pozulması, polislərin qanunsuz hərəkətlərinin tanınması üçün məhkəməyə şikayət edib. Kəpəz rayon Məhkəməsində bu şikayətə baxılarkən vəkil və müvəkkili ilə yanaşı, polis əməkdaşı da dindirilib. Hacıbaba Ağayev vəkilin şöbənin qarşısına gəldiyini, amma müvəkkili ilə görüşə bilmədiyini təsdiqləyib.

İş materiallarında Kazımovun adından ərizə var ki, maddi durumunun ağırlığına görə ona dövlət hesabına vəkil təyin olunmasını istəyir. Amma Kazımovun özünün imzası yoxdur. Qeyd olunub ki, o, "heç bir səbəb göstərmədən ərizəni imzalamaqdan imtina edib".

Məhkəmə pozuntunu tanıyıb

Kəpəz rayon Məhkəməsinin hakimi Tural Qocayev polis şöbəsində baş verənləri şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirib. Məhkəmə Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vüsal Həsənquliyevin hərəkətlərinin (vəkilin müvəkkili ilə görüşünə imkan verilməməsi-red.) qanunsuz sayılması haqda qərar çıxarıb.

Azərbaycan Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat verir. Əgər şəxsin özünün pul ödəyib özünə vəkil tutmağa maddi imkanı çatmırsa, bu halda, dövlət bu işi öz üzərinə götürməlidir. Amma istənilən halda, şəxs yüksək keyfiyyətli hüquqi yardımdan yararlanmalıdır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov 2021-ci ilin yekununda jurnalistlərə açıqlamasında bildirmişdi ki, bir il ərzində 30 minə yaxın işdə məhkəmə qərarıyla dövlət hesabına hüquqi yardım göstərilib: "30 min vətəndaşa dövlət hesabına hüquqi yardım göstərən vəkillər üzərilərinə düşən hüquq və vəzifələri layiqincə yerinə yetiriblər".

Koronavirusa yoluxan tanınmış vəkil başına gələnlərdən danışır
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

"Sözəbaxan" vəkil

Hüquqşünas Samirə Ağayeva isə monitorinqlərə əsaslanaraq deyir ki, dövlət hesabına hüquqi yardım əksər hallarda keyfiyyətsiz olur. Hüquqşünasın sözlərinə görə, əsasən, ilkin tutulma anlarında, istintaqın birinci mərhələsində belə vəkillərin xidmətindən daha geniş istifadə olunur. Ağayevanın fikrincə, bu da səbəbsiz deyil: "Çünki o vəkillər saxlanılan şəxsə qarşı baş verən qanunsuzluqlara, işgəncə hallarına göz yumurlar. Təqdim olunan sənədləri etiraz etmədən imzalayırlar. Ona görə də ilkin mərhələdə şəxsin özünün istədiyi, prinsipial, öz mövqeyini ortaya qoyan vəkildənsə, "sözəbaxan" vəkilin olması hüquq-mühafizə orqanlarının əməkdaşlarına daha çox sərf edir. Bu üzdən adamın öz vəkili qala-qala dövlət hesabına vəkil təyin edilir".

2020-ci ildə isə 21 min 913 nəfərə dövlət hesabına vəkil təyin edilib.

XS
SM
MD
LG