Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:48

Londonda Zamirə Hacıyevaya aid edilən 1 milyon funtluq üzük tutulub


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Britaniya mətbuatı yazır ki, Milli Cinayət Agentliyi “Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş qadına” dair təhqiqatın gedişatında qiyməti 1 milyon funt sterlinqdən baha brilyant üzüyü aşkar edib.

Üzüyün Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya aid olduğu xəbər verilir.

Bu da xəbər verilir ki, üzüyü Hacıyevanın sərvətini araşdıran xəfiyyələr yüksək prestijli cəvahirat firmasında aşkar ediblər.

Zamirə Hacıyeva Britaniyanın yeni İzahedilməz Sərvət Qanununun ilk hədəfi olub. Bu qanun əcnəbi rəsmilərin və onların ailə üzvlərinin Britaniyada gizlətdikləri şübhəli sərvətin aşkar olunmasını nəzərdə tutur.

Zamirə Hacıyevanın əri Cahangir Hacıyev Azərbaycanda dövlət bankında külli miqdarda vəsaitin fırıldaq yolu ilə mənimsənilməsində ittiham edilərək həbsxana cəzasına məhkum olunub.

Agentliyin üzüyün 6 ay müddətində saxlanması üçün yanvarın 14-də verdiyi vəsatətə Londondakı Uestminister Məhkəməsində baxılıb. Məhkəmə sənədlərindəki məlumatdan bəlli olur ki, üzük təmir üçün Cartier zərgərlərinə verilibmiş.

Sözü gedən üzüyün şəkli Britaniya Milli Cinayət Agentliyinin rəsmi saytında dərc olunub
Sözü gedən üzüyün şəkli Britaniya Milli Cinayət Agentliyinin rəsmi saytında dərc olunub

Üzüyün brilyant qaşının ölçüsü 8.9 karatdır. Bu da qeyd olunur ki, üzüyü Hacıyevanın əri qızı Leyla Mahmudova üçün alıbmış. Onu Cartier ustalarına təmir üçün ötən iyul ayında veriblər.

Xəbər verilir ki, hazırda həm Londondakı mülkünü qoruyub saxlamaq, həm də Azərbaycana ekstradisiya olunmamaq üçün məhkəmə mücadiləsi aparan Zamirə Hacıyeva sözü gedən dinləmədə olmayıb. Beləliklə Milli Cinayət Agentliyinə üzüyü 6 müddətinə saxlamaq üçün məhkəmə icazəsi maneəsiz verilib.

Dinləməyə sədrlik edən hakim Michael Snow deyib ki, “üzük və Cahangir Hacıyev arasında aydın sübut olunan əlaqə var”.

Hökmdə deyilir: “...cənab Hacıyevin böyük fırıldaqçılıqda ittiham olunması belə bir ehtimal yaradır ki, üzük müsadirə oluna biləcək əmlak hesab edilə bilər”.

Bu o deməkdir ki, Britaniyanın Milli Cinayət Agentliyi Zamirə Hacıyeva barəsində araşdırmanın davam etdiyi müddətdə üzüyü etibarlı seyfdə saxlaya bilər.

Ötən noyabrda MCA dünya şöhrətli Christies hərrac evinə Zamirə Hacıyevanın qızı tərəfindən verilmiş 400 min funt sterlinqlik zinət əşyalarını tutmuşdu.

Həmin 49 ədəd zinət əşyasının saxlanması üçün müstəntiqlərə may ayınadək vaxt verilib.

XS
SM
MD
LG