Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

Həbsdəki ictimai fəal: 'Camaatı ana-bacısı ilə hədələyirlər...'


Zəka Mirağayev
Zəka Mirağayev

Həbsdə olan ictimai fəal Zəka Mirağayev sosial mediada polislərin əməlləri haqqında yazdığına görə narkotiklə şərləndiyini deyir.

Onun sözlərinə görə, hazırda istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində narkotiklə şərlənmiş minlərlə insan var. O bu barədə fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb.

Z.Mirağayev oktyabrın 11-dən həbsdədir. Onun cibindən külli miqdarda narkotik çıxdığı iddia olunur. İctimai fəala Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib. Bu maddəylə suçlanan şəxs 5 ildən 12 ilədək həbs cəzası ala bilər.

“Həbsimdə rolu olan hər kəsə... hər ibadətimdə qarğış eləyirəm”

Z. Mirağayev narkotik ittihamını yalan adlandıraraq, Facebook hesabında polislər haqqında yazdığı statusdan bir neçə gün sonra həbs olunduğunu vurğulayıb:

“Yazıblar ki, guya məni küçədə tutublar. Yalandır, məni gəlib evdən aparıblar. Nəcəf adlı polis cibimə narkotiki qoydu, sonra da kamera qarşısında çıxardılar. Mənim şərlənməyimdə, həbsimdə rolu olan hər kəsə səhərdən-axşama qədər, hər ibadətimdə qarğış eləyirəm. Zülm olunan insanın ahı yerdə qalmaz. Vilayət Eyvazovun polisləri insanlara zülm eləyir...”

Cinayət işinin materiallarında təqsirləndirilən şəxs kimi onun ilkin ifadəsi var. Orada özünü təqsirli bildiyi və əməlindən peşman olduğu bildirilir. Bu barədə suala cavabında deyib ki, onu aldadaraq, həmin ifadəyə imza atdırıblar, bu üzdən, həmin sənəd saxtadır:

“Camaatı ana-bacısıyla təhdid edirlər. Döyürlər, zorlamaqla hədələyirlər. Guya siz bilmirsiz ki, polislər adamlarla necə davranır? Necə istəyirlər, elə də davranırlar”.

O, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanma şəraitindən də gileylənib. İctimai fəal deyir ki, 12 nəfərlik kamerada, bəzən, 20 nəfərdən çox adam saxlanılır. Nəticədə kameradakıların bir hissəsi gecə ya heç yatmır, ya da yerdə eləcə uzanır.

İctimai fəal təcridxana rəisi və müavininin orada saxlanılanları təhqir etdiyini də vurğulayıb.

Məhkəmədə o da aydınlaşıb ki, Z.Mirağayev yanvarın 17-də özü istədiyi vəkilin iştirakıyla yenidən ifadə verib. Ancaq həmin ifadə cinayət işinin materiallarında yoxdur.

İctimai fəal həbsindən öncə ona polislər haqqında yazılarına görə cəzalandırılacağı barədə xəbərdarlıq edildiyini də söyləyib.

Onun məhkəməsi martın 4-də davam edəcək.

Xatırlatma

Z.Mirağayev həbsindən öncə də Facebook hesabında polislərin onu narahat etdiyini yazmışdı. Onun sözlərinə görə, təzyiqlər Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktubundan sonra başlanıb.

Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi, nə istəyirsiniz edin...”, - Z.Mirağayev oktyabrın 1-də belə yazmışdı.

Z.Mirağayevin həbsindən sonra onun polislər haqqında yazılarına görə şərlənməsi barədə yaxınlarının iddialarına Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab vermiş, deyilənləri yalanlamışdı:

“Bu iddialar əsassızdır və şəxsi mülahizələrdir. Zəka Mirağayev barəsində araşdırma aparılır. O, araşdırma çərçivəsində saxlanılıb”.

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin tələbəsi olmuş Z.Mirağayev orada təhsil aldığı dövrdə fakültədə baş verənlərlə bağlı müsahibə və yaxılarına görə 2017-ci ildə məhkum olunub.

O zaman dekan müavini Nigar İsmayılzadə onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.

Yasamal rayon Məhkəməsi də tələbənin əməlində təhqir və böhtan olduğu qənaətinə gəlib, ona 1 il islah işləri cəzası kəsilmişdi. Hökmə görə, 1 il ərzində onun aylıq əməkhaqqısının 15 faiz də cərimə olaraq tutulmalıydı.

XS
SM
MD
LG