Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:32

Zelenski: Döyüşlərə fasilə verilməsi Moskvanın işinə yarayardı


Ukrayna və Estoniya prezidentləri Tallində keçirilən mətbuat konfransında
Ukrayna və Estoniya prezidentləri Tallində keçirilən mətbuat konfransında

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 11-də Estoniyaya səfəri əsnasında deyib ki, Rusiyaya qarşı döyüş əməliyyatlarında hər hansı fasilə yalnız Moskvanın xeyrinə işləyər.

Tallində keçirilən mətbuat konfransında belə bir suala cavab verən Ukrayna prezidenti izah edib ki, Moskva yaranmış fasilədən silah-sursat ehtiyatını artırmaq üçün istifadə edərdi.

Zelenskinin sözlərinə görə “heç bir siyasi dialoqa gətirib çıxarmayacaq belə fasilə yalnız Rusiyanın işinə yarayacaq, çünki Moskva hazırda çox böyük raket və dron qıtlığı çəkir”.

Ukrayna prezidenti iddia edib ki, özü istehsalatı qura bilməyən Rusiya hazırda sözü gedən silahları İrandan və Şimali Koreyadan almağa məcburdur:

"Biz bu qıtlığın onların döyüş meydanındakı duruşuna necə təsir göstərməsinin şahidiyik. Fasilə vermək? Riskə girmək? Rusiyaya 2-3 il də vermək? Neyləyək? Sonra köçüb gedək? Biz belə riskin altına girməzdik”.

Estoniya da Rusiya ilə barışığın əleyhinədir

Ukrayna prezidenti habelə qeyd edib ki, onun müşahidələrinə görə Rusiya əhalisi arasında Ukraynaya qarşı müharibəyə dəstək artmır.

Zelenskinin sözlərinə görə “rusiyalılar bu müharibəni, sanksiyaları öz üzərlərində hiss etməyə başlayıblar”.

Birgə mətbuat konfransında çıxış edən Estoniya prezidenti Alan Karis də deyib ki, Avropada və Qərbdə Ukrayna və Rusiya arasında mümkün barışıq mövzusunu qaldıran bəzi qüvvələr var.

Onun sözlərinə görə bu, adətən “qeyri rəsmi görüşlərdə, kuluarlarda” baş verir.

Estoniya prezidenti də Zelenskinin sözlərinən qüvvət olaraq Rusiya ilə barışıq ideyasını rədd etdiyini, müharibənin Ukraynanın qələbəsinədək davam etdirilməsinə tərəfdar olduğunu deyib.

Balaca Estoniyadan böyük dəstək vədi

Karis habelə Ukraynaya verilən Qərb silahlarından isitfadəyə qoyulmuş məhdudiyyətləri tənqid edib.

O bildirib ki, Ukraynaya bu silahlarla Rusiya ərazisinə zərbə endirilməsinə imkan yaradılmalıdır.

Rusiya ərazisinə zərbələr endirilməsinə dair xəbərlər tez-tez verilir. Kiyev bu zərbələrin əksəriyyətini şərh etmir. Üstəlik bu zərbələr üçün hər hansı Qərb silahlarından istifadə olunduğunu hətta Rusiya tərəfi də iddia etmir.

Zelenski habelə Estoniyanın baş naziri Kaya Kallasla görüşüb. O qarşıdan gələn dörd il ərzində ölkəsinin ÜDM-nin 0.25 faizini Ukrayna üçün hərbi yardımlara ayıracağını vəd edib. Bu, ümumilikdə 1 milyard avrodan çox edir.

Zelenski Ukraynanı qətiyyətlə dəstəkləyən Baltika ölkələrinə onun ölkəsinin müharibədəki gələcək strategiyasının müzakirə olunduğu bir vaxtda səfər edib.

Ukraynada müharibə mövqe döyüşləri fazasına keçib və son zamanlar Qərb ölkələrinin Ukraynaya yardımlarının davam edəcəyinə müəyyən şübhələr yaranıb.

XS
SM
MD
LG