Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Bolludərədə kimin evi tikildi, kiminki qaldı


Məhəmməd Həsənovun evi
Məhəmməd Həsənovun evi

-

«Burda evləri qohumbazlıqla, yerlibazlıqla tikirlər, bərpa edirlər. 7 aydan çoxdur evin çardağı, divarları aralanıb, işıqsız, susuz qalmışıq. Gözləyirik ki, bizim də evimizə əncam çəkəcəklər. İndi xəbər tuturuq ki, evimizi qəzalı evlərin siyahısından çıxarıblar».

QƏZALI EV KİMİ SİYAHIYA SALIBLAR

Şəkinin Bolludərə kəndində yaşayan Məhəmməd Həsənov AzadlıqRadiosuna zəlzələnin ailəyə vurduğu ziyanın hələ də hökumət tərəfindən aradan qaldırılmadığını deyir.

Ötən il sentyabrın 4-də Şəkidəki zəlzələdən xeyli kənddə dağıntılar olub. Bolludərə kəndində də yaşayış evləri, uşaq bağçası və bir neçə inzibati bina qəzalı vəziyyətə düşüb.

Məhəmməd Həsənovun sözlərinə görə, hadisədən sonra qəzalı evlərin bərpası və tikintisi ilə bağlı yaradılmış komissiya üzvləri kəndə gəliblər. Başqa evlər kimi onun da evinə baş çəkiblər. Evin fotolarını çəkiblər, qəzalı ev kimi siyahıya alıb gediblər. Sonradan komissiya üzvləri iki dəfə də gəliblər:

«İŞIQSIZ, SUSUZ QALMIŞIQ»

«İkinci dəfə gələndə dedilər, «biz bu evdə olmamışıq». Dedim, «necə olmamısınız. Gəldiniz, fotolarını da çəkdiniz, özünüz də təsdiqlədiniz ki, ev qəzalıdır, siyahıya yazdınız». Dedilər, yox ki, yox...». Yenə baxış keçirdilər, yenə yazıb, pozub getdilər. Bir də baxdıq ki, kənddə icra hakimiyyətində qohumu, yaxını işləyənlərin evləri tikilir».

Məhəmməd Həsənovun evi
Məhəmməd Həsənovun evi

Məhəmməd Həsənov dəfələrlə icra hakimiyyətinə getdiyini deyir. Ancaq qəzalı evin sahibini dinləyən olmayıb:

«Bizim evi qəzalı evlərin siyahısından çıxarıblar. Evi müəyyən adamlara tikirlər. İcra hakimiyyətinə gedirəm, məni təhqir edib qovurlar. Köçkünəm, bu evi dişimlə-dırnağımla tikmişdim. Həyat yoldaşım əlil, özüm də yaşlı kişiyəm, doqquz yerdən əməliyyat olunmuşam. Yağış başımıza yağır. Aylardır ki, işıqsız, susuz qalmışıq».

«O EVƏ ZİYAN DƏYMƏYİB»

Şəkinin icra hakimiyyətindən bildiriblər ki, zəlzələ nəticəsində dağıntıya məruz qalmış evlərin təmiri başa çatıb. Hadisədən sonra çadırlara köçürülən sakinlər evlərinə qaytarılıb. Həsənovlar ailəsinə gəlincə, komissiya üzvləri baxış zamanı həmin evə zəlzələdən zərər dəydiyini müəyyən etməyib: «Kənddə çoxu fürsətdən yararlanıb evini təmir etdirmək istəyir. Komissiya üzvləri diqqətlə araşdırmamış qərar vermirlər».

Hüquqşünas Namizəd Səfərov deyir, indi iş qalıb ev sahibinin məhkəməyə müraciət etməsinə: «O işləri icra hakimiyyəti görmür, Fövqəladə Hallar Nazirliyini görür. İcra hakimiyyətinin nümayəndəsi komissiyada təmsil olunur. Ərizə ilə müraciət etsin, rəsmi cavab alsın. Rəsmi cavab alıb məhkəməyə müraciət etsin. Məhkəmə özü ekspertiza təyin edəcək, evə baxış keçiriləcək».

Beləliklə, Məhəmməd Həsənova məsələni yalnız hüquqi müstəvidə çözmək qalıb.

XS
SM
MD
LG