Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:57

Uşağın anası: 'Mən orda yazmamışam ki, Mehman uşağımı zorlayıb'


Həbs.
Həbs.

“Xəbər gəldi ki, Mehmanı polis şöbəsinə aparıblar. Qohum getdi, gəldi və dedi ki, şöbədə ona narahatçılığa əsas olmadığını bildiriblər. Alver etdiyi yerdə yerləşən təndirxanadakı qadının uşağını özüylə çaya çimməyə aparıb, qadın da narahat qaldığından, polisə şikayətlənib. İndi rəis bir az tənbeh edib buraxacaq. Beş gün keçdi, Mehman gəlib çıxmadı. Altıncı gün eşitdik ki, onu şöbədə 5 gün saxlayandan sonra Şəki təcridxanasına göndəriblər”.

İsmayıllı sakini Rəhilə Hüseynova həyat yoldaşı, 3 uşaq atası Mehman Hüseynovun başına gələnlərdən danışarkən, AzadlıqRadiosu-na söyləyib bunları.

Buna da bax:​ 'Üzbəüz bina dağıldı, canımıza qorxu düşdü'

“Biz buna inanmadıq”

Anadangəlmə xəstəliyi üzündən, ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməyən Mehman Hüseynov bir küncdə yeşik qoyub meyvə-tərəvəz satmaqla ailəsini dolandırırmış. Ötən il avqustun 13-də qəfildən polisə aparılması ailədəki rahatlığı pozub. Rəhilə xanım danışır ki, həyat yoldaşı Şəki təcridxanasına aparılandan sonra polisə gedərək səbəbi ilə maraqlanıb. Ona bildirilib ki, Mehman Hüseynov çaya apardığı uşağa cinsi təcavüz edib:

“Müstəntiq dedi, Mehman uşağa çayda təcavüz edib. Biz buna inanmadıq, heç indi də inanmırıq. Mehman çaya çimməyə gedəndə, o uşaq da düşüb dalınca ki “məni də özünlə apar”. O da aparıb. Sadəcə, uşağın anası xəbər tutanda, Mehmana qəzəblənib. Bu da başadüşüləndir. Çünki o qadının bir məktəbli övladı bir il əvvəl özünü asıb. Ana digər iki övladının üstündə əsir. Belə bir vaxtda icazəsiz uşağı çaya aparmaq ananı qəzəbləndirib. O da polisə gedərək, şikayət edib”.

Buna da bax: Sahibkardan üçfazalı sayğaca görə 3 min istədilər

“Rayonda hamı bilir ki...”

Rəhilə Hüseynovanın sözlərinə görə, ondan tələb olunan 15 min manat müstəntiqə çatdırılmadığından, Mehmana işgəncə verərək məzmununu bilmədiyi ifadələrə qol çəkdiriblər:

“Həyəti satlığa qoyduq, alan olmadı. Gəlin, kimdən istəyirsiniz maraqlanın, rayonda hamı bilir ki, biz Mehmanla şöbədə olanda hamıya yalvarırdıq ki, evimizə müştəri tapsınlar, sataq, pulu polisə verək. Qohum-qonşu - hamı bizim həyətə görə müştəri soraqlayırdı ki, Mehmanı çıxaraq. Müstəntiq məni çağırdı və “aləmə yaymısan ki, evi bizə pul vermək üçün satışa qoymusan. Daha bundan sonra istəsəm də, kömək edə bilmərəm”, -deyərək üstümə acıqlandı. Bununla da Mehmanın taleyi həll olundu. Saxta ittihamlarla məhkəməyə çıxarıb ötən il dekabrın 22-də 13 il 6 ay cəza kəsdilər. Mehman məhkəmədə axıradək ittihamları rədd elədi. Hakim dedi, mən orda olmamışam, bilmirəm ki, yalan danışırsan, yoxsa düz...”.

Buna da bax:​ ‘Qurtuluş-93’ün sahibsiz itləri

Rəhilə xanım deyir, həyat yoldaşını məhkəməyə gətirilib aparılarkən görüb və həyat yoldaşı müstəntiqi ona göstərərək “torbamı bu tikdi, mən günahsızam”, - deyib.

“Polislər ərizəmin qulağından tutub...”

Cinsi təcavüzə məruz qaldığı deyilən 11 yaşlı oğlanın anası deyir, müstəntiq onun övladının gələcəyini ləkələyib:

“Mən polis şöbəsinə gedəndə ərizə yazmışam ki, Mehman mənim uşağımı məndən xəbərsiz çaya aparıb. Bəlkə elə zorlamağa, ya suda boğmağa aparıb, niyə özbaşına aparıb? Ərizəni yazanda da əsəbi olmuşam. Mən orda yazmamışam ki, Mehman uşağımı zorlayıb. Bilməmişəm ki, polislər ərizəmin qulağından tutub, o tərəf-bu tərəfə sürüyərək istədikləri kimi çevirəcəklər. Mənim uşağım tərtəmiz çıxıb. Müstəntiqsə sənədləri saxtalaşdırmaqla, uşağıma böhtan atmaqla uşağın gələcəyini ləkələyib. Bir övladım özünü öldürüb, müstəntiq ikinci övladımın həyatının qəsdinə durub. Sabah uşaq böyüyüb, o hökmü oxuyub gedib özünü asanda, qanı təmiz uşağın adını öz məqsədləri üçün ləkələyən polisin üstündə qalacaq.

Mənim uşağımı heç kəs zorlamayıb, polis həm Mehmanı bədbəxt edib, həm də övladımın gələcəyini məhv edib”.

Buna da bax:​ Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?

“Şikayətimi geri götürmüşəm”

Uşağın anasının sözlərinə görə, sonradan şikayətini geri götürüb. Məhkəmədə də bildirib ki, Mehman Hüseynovdan şikayətçi deyil, ərizəni də qəzəbindən yazıb. Mehman onun övladına belə bir hərəkət etsəydi, şikayət etmək nədir, onu əlləri ilə boğardı. Hətta ana dövlət qurumlarına da məktub yazaraq Mehman Hüseynova böhtan atıldığını, onun azyaşlı övladından alət kimi istifadə olunduğunu bildirib.

“Apelyasiya şikayəti versin”

İsmayıllı polisindən “Qaynar xətt”ə bildirilib ki, Mehman Hüseynovla bağlı cinayət işinin materialları çoxdan məhkəməyə göndərilib və hüquqi qiymət verilib. İsmayıllı rayon Məhkəməsindən isə bildirilib ki, Mehman Hüseynovun hökmdən apelyasiya şikayəti vermək hüququ var.

Buna da bax:​ Qaraməryəmdə suvarma boruları kəsilib başqa yerə daşınır

Təmənnasız vəkil axtarırlar

Rəhilə Hüseynova deyir, əslində, həyat yoldaşını quyunun dibinə salan səbəb hüquqi bilgisizlik və vəkil tutmağa imkanlarının olmamasıdır. Dövlət tərəfindən təyin olunmuş vəkilsə məhkəmədə formal iştirak edib. İndi Mehman Hüseynovun apelyasiya şikayəti yazmaq və məhkəmədə hüquqlarını müdafiə etmək üçün təmənnasız xidmət göstərə biləcək vəkilə ehtiyacı var. Həm onun, həm də azyaşlının gələcəyini xilas etmək üçün...

Həqiqət Apelyasiya Məhkəməsində üzə çıxa bilər. İsmayıllı Məhkəməsinin hansı sübut və şahid ifadələrini əsas götürüb elə hökm verdiyini öyrənmək mümkün olmadı.

XS
SM
MD
LG