Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

'Əsrin müqaviləsi'ndən əsrin dördə birində qazanc və itkilər...


«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

2019-cu il sentyabrın 20-də «Əsrin müqaviləsi» adlı neft sazişinin imzalanmasının 25 ili tamam olur. Aradan əsrin dördə biri keçsə də, onun Azərbaycana gətirdiyi dividentlər, əldə edilən neft pullarından nə dərəcədə səmərəli istifadə olunub-olunmaması indi də cəmiyyətin müzakirə etdiyi məsələlərdəndir.

«1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi» Azərbaycanda istər cəmiyyətin, istərsə də hökumətin diqqəti baxımından heç bir sənəd ilə müqayisə edilə bilməz». Bunu AzadlıqRadiosuna Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İ.Şaban hesab edir ki, bu saziş təkcə iqtisadi əhəmiyyət daşımayıb: «Bu saziş müstəqillik qazandıqdan sonra Azərbaycanın dünyaya çıxışı idi».

Ekspert həmin dövrü belə xatırladır: «Təsadüfi deyildi ki, o zaman prezident Heydər Əliyev «Əsrin müqaviləsi»ndə iştirakçı olan şirkətlərin rəhbərlərinə demişdi ki, «təkcə siz şirkətlər yox, həm də təmsil etdiyiniz hökumətlər burada sabitlik olmasına maraq göstərməlidirlər»».

İ.Şaban
İ.Şaban

Azərbaycanın iqtisadi onurğası

İ.Şaban bu layihəni «Azərbaycanın iqtisadi onurğası» adlandırıb: «Buna görə də onun 20 illik yubileyində prezident İlham Əliyev deyirdi ki, Azərbaycanın maliyyə imkanları böyükdür və bu imkanı «Əsrin müqaviləsi» yaratdı. Bu layihə, yəni «Azəri-Çıraq-Günəşli» bloku 1999-2019-cu illər ərzində ölkəyə 143.3 milyard dollar valyuta gətirib. Amma bu, gələn pulun hamısı deyil. Buradakı işlərin hamısını təkcə Azərbaycan görmür. Eyni zamanda, xarici şirkətlər fəaliyyət göstərirlər, mənfəət vergiləri ödəyirdilər».

170 milyard dollar

Neft ekspertinin deməsinə görə, bu illər ərzində Azərbaycan mənfəət vergisi kimi 15 milyard dollar əldə edib: «Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz payı ilə iştirak edirdi və 6 milyard dollar mənfəət əldə edib. Başqa qazanclar da olub. Bu layihəyə 36 milyard dollar vəsait qoyuldu, Azərbaycan isə bunun nəticəsində təqribən 170 milyard dollar vəsait əldə edib».

İ.Şaban xatırladıb ki, hazırda Azərbaycan 49 milyard dollar ehtiyat valyutaya malikdir. Bunun 6 milyard dolları Mərkəzi Bankda, 42 milyard 600 milyon dolları Neft Fondunda saxlanır.

"Əsrin müqaviləsi"nin faydası nə olub?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

İ.Şaban habelə hesab edir ki, iqtisadi baxımdan qazanan təkcə dövlət yox, həm də vətəndaşlar olublar.

Vətəndaşların qazancı

Mərkəz rəhbəri deyir ki, büdcənin təqribən yarısı Neft Fondundan gələn transfertlər hesabına formalaşır: «Əgər həmin müqavilədən irəli gələn iqtisadi imkanlar olmasa idi, bu vəsaitlərin və əmək haqlarının hansı mənbələrdən ödəniləcəyi düşündürücü olacaqdı».

Neft pullarından səmərəli istifadə edilibmi

İ.Şaban hesab edir ki, 2005-2015-ci illərdə ölkəyə gələn neft pullarından heç də səmərəli istifadə olunmayıb: «Hökumət ancaq 2015-ci ildəki iki devalvasiyadan, neftin qiyməti kəskin endikdən, gəlirlər kəsin azaldıqdan sonra vəsaitlərin səmərəli xərclənməsinə diqqət yetirməyə başladı. Əgər hökumət indi də ehtiyatlara 2015-ci ilə qədərki xərclənmə üsulu ilə yanaşsaydı, Neft Fondu çoxdan boşalardı. Amma şükür ki, vəziyyət ölkənin xeyrinə dəyişdi. 2015-ci ildə devalvasiyalardan sonra cəmi 33 milyard valyuta vəsaiti qalmışdısa, hazırda bu, 49 milyard dollara yüksəlib».

E.Məmmədov
E.Məmmədov

Deputat: «Bu sazişin imzalanmasına müqavimətlər var idi»

«Mən «Əsrin müqaviləsi» adlanan neft sazişinin iqtisadi cəhətlərini iqtisadçı olmadığım üçün o qədər də dəyərləndirə bilmərəm. Amma bu saziş özü bütünlükdə Azərbaycanın bugünkü inkişafının bünövrəsini qoyub».

Bunu isə Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputatın sözlərinə görə, bu sazişin imzalanmasına müqavimətlər olub. «Ulu öndər Heydər Əliyev bu müqavimətləri qırdı və sazişin imzalanmasına nail oldu», - E.Məmmədov deyir.

Deputat da hesab edir ki, bu sazişin əsasında Azərbaycan geniş iqtisadi imkanlar qazanıb. Üstəlik, onun fikrincə, bu ölkə iqtisadiyyatını şaxələndirməyə imkan yaradıb: «Bu baxımdan hesab edirəm ki, bu saziş bugünkü böyük iqtisadi uğurların bünövrəsidir».

Hərçənd, müstəqil iqtisadçılar hesab edirlər ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi haqqında deyilənlər bir o qədər də həqiqət deyil. Onlar vurğulayırlar ki, Azərbaycanın yenə də qazancının 90 faizi birbaşa və dolayısı neftlə qazdan gəlir.

Xatırlatma

1994-cü il sentyabrın 20-də Bakıda «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalanıb. Müqavilə iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bəzi xarici neft şirkətləri olub.

Saziş 30 il müddətinə imzalanıb və 1994-cü il dekabrın 2-də Milli Məclisdə ratifikasiya olunub. Prezident onu dekabrın 14-də təsdiq edib.

Onda layihəyə qatılanlar və onların payı belə olub: BP 35.78, Chevron – 11.27, ExxonMobil 8.0006, ONGC Videsh Limited - 2.72, Inpex-10.96, Itochu-4.3, SOCAR-11.65, Statoil-8.56 və TPAO-6.75 faiz.

2017-ci ildə isə bu sazişin müddəti 2050-ci ilə qədər uzadılıb və payda bəzi dəyişikliklər edilib. Hazırda isə AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP-30.37, SOCAR-25, Chevron-9.57, INPEX-9.31, Equinor-7,27, ExxonMobil-6.79, TPAO-5.73, ITOCHU-3.65 və ONGC Videsh Limited (OVL) – 2.31 faiz.

XS
SM
MD
LG