COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok bu gün mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualı cavablandırıb: "Media fəallarının və müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur".
O, xüsusi olaraq ev dustaqlığında olan Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasını nümunə göstərib.
Nazir həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında gərginliyə toxunaraq Assambleyanın 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını "qətiyyən qəbuledilməz" adlandırıb: "Bu qadağalar Bundestaqın üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır".
Nazir onu da əlavə etdi ki, bu məsələ iqlim böhranı ilə qarışdırılmamalıdır: "İnsan haqlarına hər zaman toxunmaq lazımdır, amma bu konfransın nəticələri də vacibdir".
Azərbaycanın AŞPA-da səsvermə hüququ bu ilin yanvarında öhdəliklərin icrasının yetərli olmaması əsas gətirilərək dondurulub. Rəsmi Bakı isə qurumla əməkdaşlığı dayandırdığını və Assambleya üzvlərinin Azərbaycana gəlişinə qadağa qoyulduğunu açıqlayıb.
18 noyabr
Vəkil jurnalistlə görüşüb
Bu gün, noyabrın 18-də vəkil Aqil Layıc "Abzas Media" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Vəkilin sözlərinə görə, görüşdə məqsədi jurnalistin son günlər təcridxanada təzyiqlə üzləşməsi ilə bağlı açıqlamaları dəqiqləşdirmək olub.
Vəkilin vurğulamasına görə, o, S.Vaqifqızıdan soruşub ki, ona qarşı fiziki və verbal şiddət olubmu?: "Dedi ki, ona fiziki və verbal şiddət olmayıb. Qolundakı göyərtinin səbəbini izah etdi. Dedi ki, korpusdakı bütün hava boşluqlarını bağlayırdılar, rejim qaydalarının tələbi olaraq. Amma otaqda epilepsiya xəstəsi olub, onun özü və başqaları havasızlıqdan əziyyət çəkib. O tələb edib ki, nəfəslik açılsın".
Jurnalistin sözlərinə görə, onun barmağı nəfəslik bağlanarkən orada qaldığından xəsarət alıb: "Sevinc mənə dedi ki, indi nəfəslikləri müəyyən qədər açırlar. Sadəcə hər qapının ağzında bir nəzarətçi qoyublar".
Bundan başqa jurnalistə, deməsinə görə, hər hansı fiziki təzyiq olmayıb. "Hazırda səhhəti yaxşıdır", - A.Layıc bildirib.
Penitensiar Xidmətdən deyilənlərə cavab
Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərin son günlər təzyiqlərlə üzləşməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı İstintaq Təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Hüquqları təmin edilir və qanuni mənafeləri qorunur".
Penitensiar Xidmətdən vurğulanıb ki, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir.
17 noyabr
Yaxınları jurnalistlərin həbsdə təzyiqlə üzləşdiklərini deyirlər
Noyabrın 16-da ailəsi "Abzas Media" nəşrinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb: "Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb... Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımovanın da əlində zədə olduğu deyilir".
Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: "Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar".
Ailəsinin vurğulamasına görə, S.Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: "Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı "nəfəsliyi açın" deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb, "nə olub" deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb".
Elə həmin vaxtda "Abzas Media işi" üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova və Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşəbbüsləri isə nəticə verməyib.
+++
14 noyabr
Yaxınları "Abzas Media" işi ilə bağlı həbsdə olan jurnalistlərin təzyiqlə üzləşdiklərini deyirlər. Onların məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də bir nəzarətçinin təhqirinə məruz qalıb. Yaxınlarının vurğulamasına görə, həmin gün axşam vaxtı digər nəzarətçi N.Absalamovanı təhqir edib və qolundan xəsarət yetirib.
Onların həmçinin vurğuladığına görə, noyabrın 15-də bir qrup məhbus N.Absalamova və digərlərinə təzyiq etməyə çalışıb: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Yaxınları bundan əvvəl isə "Abzas Media" işində həbsdə olan jurnalistlərə telefon və görüşlə bağlı məhdudiyyətlər qoyulduğunu açıqlamışdılar.
Sizin brauzer HTML5-i dəstəkləmir
13 noyabr
Həbsdə olan jurnalistlərin yaxınlarından şikayət var
"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.
Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".
Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.
"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.
Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.