Azər Qasımlı ölkədən çıxışına 'stop' qoyulduğunu deyir

Azər Qasımlı

A.Qasımlı AzadlıqRadiosuna deyib ki, Bakı şəhər Baş Polis İdarəsində ərizə yazıb. Onun sözlərinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini aydınlaşdırmaq istəsə də, buna nail ola bilməyib: "Məsələni aydınlaşdırmaq üçün rəsmi ərizə yazdım, amma, hələlik, bir şey bəlli deyil".

Onun bu açıqlamasına Bakı şəhər Baş Polis İdarəsi və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

+++

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.

O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi: "Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma "stop" qoyub".

A.Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib: "İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə "stop" qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.