Noyabrın 20-də ABŞ Dövlət Departamentinin nümayəndəsinin keçirdiyi brifinqdə Azərbaycanda jurnalistlərin həbsi məsələsindən də bəhs edilib.
"Turan"ın xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Metyu Millerə AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralizadənin "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə beş aydır həbsdə saxlanması ilə bağlı sual verilib.
"Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işləri ilə məşğul olmaq hüquqlarına hörmət etməlidirlər", - Miller deyib.
Tədbirdə vurğulanıb ki, ABŞ Azərbaycanda siyasi məhbusların azad olunması üçün addımları davam etdirəcək.
18 noyabr
Fərid Mehralızadənin apellyasiya şikayəti təmin edilmədi
Noyabrın 18-də iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin apellyasiya şikayətinə baxılıb.
Şikayət Xətai rayon Məhkəməsinin bundan əvvəl müdafiə tərəfinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətinin təmin olunmaması barədə qərarından olub.
Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib və Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova bildirib ki, F.Mehralızadənin bu məhkəmə prosesindən xüsusi bir gözləntisi yox idi: "Fərid də məhkəmə çıxışında bildirdi ki, ədalətli qərar gözləmir, necə ki həbsi ədalətsizdir, bu qərar da elədir".
Bu il mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
İyunun 1-də məhkəmə F.Mehralızadə barəsində həbs-qətimkan tədbiri seçib. O, korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm "AbzasMedia", həm də Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırırdı.
Avqustda Mehralızadə və "AbzasMedia" jurnalistlərinə qarşı vergidən yayınma da daxil əlavə ittihamlar irəli sürülüb. Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
O, özünü təqsirli bilmir və həbsini peşəkar fəaliyyəti ilə əlaqələndirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.