Gələn ildən Ermənistan hökuməti bir çox Qarabağ qaçqınına mənzil müavinəti ödəməyəcək, yerdə qalanlara ödənən müavinəti də önəmli ölçüdə azaldacaq.
Hökumət ötən ilin noyabrından kirayədə qalan və ya dövlət sığınacaqlarında yaşayan qaçqınlara mənzil kirayəsi və kommunal xidmətləri qarşılanmaq üçün ayda 125 dollar ödəyir.
İddialara görə, Qarabağı tərk edən 105 minədək qaçqının önəmli bölümü dövlət proqramından yararlanıb. Əlçatımlı yaşayış yerinin olmaması qaçqınların əsas problemlərindən biri sayılır.
Gələn ilin aprelindən müavinətlər yalnız uşaqlara, universitet və kollec tələbələrinə, təqaüdçü və əlillərə veriləcək. Bu kateqoriyaya aid təxminən 54 min nəfər var. Onlara ödəniləcək yardım aprel ayında – 100 dollara, iyulda isə 75 dollaradək azaldılacaq.
Baş nazir Nikol Paşinyanın fikrincə, hökumətin bu addımı "işləmək qabiliyyətli Qarabağ ermənilərini öz əməyi ilə ailələrini təmin etməyə həvəsləndirir".
Əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın dediyinə görə, 25 mindən çox Qarabağ qaçqını Ermənistanda işləyir və ya fərdi biznesə sahibdir. Məhz onlara ödənilən müavinətlər kəsiləcək.
Müavinətlərin azaldılmasının bir səbəbi də hökumətin iyunda başlatdığı beşillik mənzil proqramıdır. Bu proqram Qarabağdan olan ermənilərə daha çox kənd yerlərində yeni yaşayış evi almaq və ya tikmək üçün maliyyə yardımını nəzərdə tutur.
Proqrama əsasən, hər bir Qarabağ qaçqını yaşayış yeri probleminin həlli üçün 5-13 min dollar arasında dövlət qrantı əldə edə bilər.
Qaçqınların bir çoxu proqramın təklif etdiyi vəsaitin yeni ev almaq və ya tikməyə yetmədiyini deyir. Bəzilərinin fikrincə, bu addımı atmaqla Paşinyan Qarabağ ermənilərini ölkəni tərk etməyə meylləndirir.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib.
2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Hazırda iki ölkə arasında sülh danışıqları gedir.