Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:32

Ş.Ağayar: 'Qüdrətli dövlət olmaq istəyiriksə, kitabımız qüdrətli olmalıdır'


Şərif Ağayarın imza günü
Şərif Ağayarın imza günü

2019-cu il Azərbaycan ədəbiyyatı, ədəbi çevrəsi üçün nələrlə yadda qaldı? AzadlıqRadiosu bu suallara yazıçı, Kulis.az saytının rəhbəri Şərif Ağayarla söhbətdə cavab axtarıb.

- Mənə görə, 2019-cu il daha çox kitab sərgisinə görə yaddaqalan oldu. O biri illərlə müqayisədə Bakı Beynəlxalq Kitab Sərgisində paytaxt əhalisinin kitaba səmimi marağını gördük. 3-günlük sərgi boyu insanlar o kitab ortamını tərk etmək istəmirdilər. Yəni, orda qalırdılar, arada çay içir, bulka yeyir, yenidən sərgiyə qayıdırdılar. Mən orda saatlarla olan adamları gördüm. Çox insan vardı. Bu, çox sevindirici hal idi və mənim içimdə ümid qığılcımı yaratdı ki, Bakıda nə vaxtsa dünya standartlarına uyğun kitab mühiti yarada bilərik.

- Daha nələr diqqətiniz cəlb etdi bu il?

- Bu il çap olunan nəsr əsərlərini qeyd edə bilərəm. Xüsusilə romanların davamlı olaraq çapı sevindirici hadisədir. Bədii səviyyəsindən, gücündən, müəllifinin yaradıcılıq imkanlarından asılı olmayaraq prosesin dayanmaması, romanların yazılması, çapı, müzakirə edilməsi vacib hadisədir. Bir də, «Nəsimi ili»nin keçirilməsini xüsusi qeyd etmək istəyirəm. Nəsimi ilə bağlı polemikalar, Nəsimiyə qayıdış oldu. Mənə görə, böyük nəticələr əldə edilməsə də, hər halda ictimai rəy formalaşdı ki, Nəsimi yaradıcılığına, o cümlədən bizim bütün klassiklərə müstəqillik dövrünün, çağdaş dünyanın tələblərinə uyğun yanaşaraq tədqiq etməliyik. Bu məsələ çox önəmlidir. Onların çoxu, xüsusən də Nizami Gəncəvi yaradıcılığı sovet dövründə bizə birtərəfli və natamam təqdim olunub. O, dünya səviyyəli şairdir və biz onu lazımi səviyyədə tanıda, sahib çıxa bilərik.

- Bəs təqdir etmədiyiniz, narazı qaldığınız məsələlər hansılardır?

- Məni narahat edən məsələ budur ki, bu ildə də, o biri illər kimi, Azərbaycanda kitab industriyası yaranmadı, o istiqamətdə vacib addımlar atılmadı. Düşünürəm ki, Azərbaycanın mədəni elitası, ziyalılar, yaradıcı adamlar birləşib dövlət qarşısında bununla bağlı məsələ qaldırmalıdır. Yəni, kağızla bağlı güzəştlərin tətbiqindən, 18 faizlik verginin ləğvindən tutmuş, icra qurumlarının iştirakı ilə ayrı-ayrı yerlərdə kitab mağazalarının, müstəqil nəşriyyatların yaradılmasına qədər bir çox məsələlərdə kömək edilməlidir. Əvvəl-axır bu addım atılmalıdır. Biz gecikdikcə, itiririk. Ədəbiyyat sahəsində dünyaya çıxmağın, dünya yazıçısı olmağın da yeganə ən vacib yolu kitab sənayesinin formalaşmasıdır. Sənaye özü kitabı ixrac edəcək. Məsələnin köklü həlli kitab sənayesinin yaradılmasından keçir. Buna dövlətimizin gücü çatır. Dövlətə müraciət edilsə, «yox» deyilməz, yəqin. Bu, dövlətin də maraqlarına xidmət edir. Biz qüdrətli dövlət olmaq istəyiriksə, kitabımız qüdrətli olmalıdır.

- Şərif bəy, bəs dünya səviyyəsinə çıxarılacaq əsərlər, kitablar varmı?

- Mən əminəm ki, Azərbaycanda yazıb-yaradan gənclər dünyanın istənilən yerində yazıb-yaradan gənclərdən zəif və istedadsız deyillər. Sadəcə, bizdə, dediyimiz kimi, o sistem yoxdur. Biz öz-özümüzü təqdim edə bilmirik. Həmin sistem qurulandan sonra daha keyfiyyətli əsərlər ortaya çıxacaq. Yəni, kitab sənayesinin formalaşması o deməkdir ki, yazıçı yaxşı əsərindən pul qazana biləcək. Bu da peşəkar fəaliyyət deməkdir, yazıçı artıq başqa iş görməyəcək, haradasa işləməyəcək. Oturub roman yazacaq və bu, ona pul qazandıracaq. Həmin sistemdə uğur qazanan kitablar tərcümə ediləcək. Yəni, mən dəmiryolunun çəkilməsi və lokomotivin relsin üstünə qoyulmasından danışıram. Ondan sonra mütləq məsafə qət olunacaq. Nə qədər ki, yol çəkilməyib, lokomotiv relsə qoyulmayıb, burda Salman Rüşdinin «Gecə yarısının uşaqları» səviyyəsində roman da yazılsa, effekt ala bilmərik. Fərdi şəkildə dünya səviyyəsinə çıxmaq çox nadir halda olur, bu istisnadır. Məsələn, Xalid Hüseyn Əfqanıstan dərdlərindən yazır. Onun dünyaya çıxmasının səbəbi Məqsəd Nurdan daha böyük yazıçı olması deyil, sadəcə, bizdən fərqli olaraq Əfqanıstan dünyanın diqqət mərkəzindədir. Həmin problemdən ingilis dilində yazan yazıçı o saat Amerika bazarına çıxır. Bunun üçün Əfqanıstanda şərait olmasa da, ingilis dilində yazması ingilisdilli industriyaya çıxışına fürsət yaradır.


Biz ancaq öz dilimizdə yaratdığımız ədəbiyyat üçün həmin kitab sənayesini qurmalıyıq. Böyrümüzdə Gürcüstandan nümunə götürə bilərik. Türkiyə təcrübəsi kifayətdir, uzağa getməyə ehtiyac yoxdur. Orda müstəqil nəşriyyatlar var. Elə nəşriyyatlar var büdcəsi bizim Mədəniyyət Nazirliyinin büdcəsindən çoxdur. Azərbaycanda da oxucu var və kitab sərgisi bunu sübut etdi. Mənim bu gün romanlarım çap olunur. Onlar ən azı öz maliyyəsini çıxarır. Hələ bu cür bərbad vəziyyətdə. Oxucu kitabı mağazada axtarsa da, tapa bilmir. Yəni, kitab cəriməyə işləmir, satılır. Ancaq tiraj azdır. Sistem qurularsa, 10-15 min kitab satıla bilər. Az deyil.

- Azərbaycanda nəşriyyatlar yetərincə müstəqildirlərmi? Onlar hər əsəri çap edə bilirlər?

- Mən dövlət səviyyəsində hər hansı əsərin çapına qadağa qoyulmasını görməmişəm. Bizdə dövlət büdcəsindən parazitcəsinə asılı olan nəşriyyatlar var. Mən müstəqil nəşriyyat deyəndə, dövlət büdcəsindən asılı olmayan, dövlət sifarişləri hesabına yaşamayan nəşriyyatları nəzərdə tuturam. Müstəqil nəşriyyat özü kitab buraxır, bazara çıxarır, reklamını edir, müəllifi ilə müqavilə bağlayır, qonorar verir. 3 milyonluq şəhərdə azı 20-30 sağlam rəqabət aparmaq gücünə malik nəşriyyat yaranmalıdır. Bu da kitab sənayesinə daxil olan məsələdir. Azərbaycan insanı mağazadan çörək, ət, yağ aldığı kimi yolunun üstündə kitab mağazası da görməli, oradan kitab almalıdır. Amma kitab mağazası yoxdur. Xüsusən də əyalətlərdə.

- Bu il iki roman çıxdı. Hüquq müdafiəçisi kimi tanınan İntiqam Əlinin «Əclafın ölümü» və Zümrüd Yağmurun «Qaranlığa şərqi deyənlər».

- İntiqam Əlini yazıçı kimi tanımıram. Romanından xəbərim yoxdur. Amma Zümrüd xanımın romanından xəbərim var. Təqdimatını keçirdi. Açığı oxumamışam.

- Bu cür əsərlər, adətən, kitab mağazalarında satılmır, sifarişlə çatdırılır oxuculara. Bu normaldırmı?

- Mən konkret o situasiyanı bilmirəm. Amma müəllif öz hesabına kitab buraxanda mağazalar götürmür. «Əli və Nino» ilə böyük skandal yaşadıq. O mağaza daha çox «Qanun»la işləyir, «Libraff» da «TEAS Press»lə işləyir. «Libraff»a kitab verməmişəm, amma «Əli və Nino» bəzən kənar nəşriyyatdan gələn kitabı götürmür, ancaq «Qanun»un çıxardığı kitabları satır. Bu cür incə səbəblər də var. Onlar da deyir ki, «sizin kitab az satılır, ona görə Koelyonu qoyuram, maddi marağım var» və s. Bəs onda niyə «Milli kitab» layihəsi keçirirsən? Yəni, dediyiniz həmin romanları mağaza satmırsa, mağazayla yaranan problemdir.

- Bu ilin ən yadda qalan əsərləri hansılardır, Sizcə?

- Bu il çıxan romanların əksəriyyətini oxudum. Cavidanın «Məhsəti» romanı çıxmışdı, maraqlıdır, haqqında yazdım da. Kamal Abdullanın «Sirlərin sərgüzəşti»ni əlyazmada oxumuşdum, bu yaxınlarda çap olundu, maraqlı romandır. Pərviz Cəbrayılın «Məryəm surəsi» var. Əjdər Olun «Lo» romanı var, 1987-ci ildən 1994-cü ilə – atəşkəs dövrünə qədər böyük bir dövrü əhatə edir. Həmin dövr çox qarışıqdır, gərgin hadisələr baş verib, müharibədən tutmuş, SSRİ-nin dağılmasına, Meydan hərəkatına kimi və s. Həmin dövr haqqında bitkin, bədii-publisistik üslubda yazılmış romandır. Mən ona bədii-sənədli roman deyərdim. Aqşinin romanı çıxıb, oxumağa başlamışam. Aqşin ciddi imzalardandır. Sahilənin «Şeyx» romanı çap olunub. Bu il mənim həyatımda da önəmli hadisə baş verib, Strasburqdakı azərbaycanlılarla fransızların müştərək nəşriyyatı «Kəpəz»də «Azərbaycan antologiyası» çap olunub. Bizim Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud, Vilayət Hacıyev onun təqdimatında iştirak ediblər. Həmin təqdimatda Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer mənim hekayəm haqqında emosional çıxış etmişdi.

- Hansı hekayədir o?

- «Şeqlov üsulu» adlanır. İlk dəfə də elə AzadlıqRadiosunun «Oxu zalı»nda çap olunmuşdu. Yazıçı Rafiq Tağının xatirəsinə həsr etmişəm. Həmvətənimiz Dilbadi Qasımov adlı dostumuz var, Strasburqda vəkilliklə məşğuldur, o, fransızcaya tərcümə etmişdi. Mənim xəbərim yox idi. Antologiya çıxanda xəbər tutdum. Orda Axundovdan mənə qədər hekayələr seçilmişdi. Ən cavan müəllif mən idim. Jan Pol Meyerin çıxışından sonra dostlarım yazdı ki, bu, görünməmiş hadisədir. O, çox nüfuzlu adamdır və belə emosional danışması rezonans yaratmışdı. Bundan sonra «Kəpəz» nəşriyyatı mənə müraciət etdi ki, əsərlərini ver, ekspertlər baxsın, rəy qazanarsa, fransızcaya tərcümə edib yayımlayacağıq. «Arzulardan sonrakı şəhər» romanımı göndərdim, əsərə yüksək rəy verildi, tərcümə prosesi başa çatmaq üzrədir. Gələn il çap olunacaq. Ən önəmlisi odur ki, «Kəpəz» bu il Fransanın ən nüfuzlu yayım şirkəti ilə müqavilə bağlaya bildi. Bu, o deməkdir ki, həmin nəşriyyatın çap etdiyi kitablar eyni anda Fransanın 70 mindən artıq mağazasının kataloqunda olacaq. «Kəpəz» bəzi azərbaycanlı müəlliflərin də əsərlərinin tərcüməsinə başlayıb. Həmin əsərlər də 70 min mağazanın kataloqunda olacaq. Bunun özü Azərbaycan ədəbiyyatında önəmli hadisələrdəndir. Yeri gəlmişkən, nəşriyyatın fransızdilli müsabiqələrə kitab təqdim etmək səlahiyyəti var. Bizim kitabları müsabiqələrə təqdim etməlidirlər. O müsabiqələrin onluğuna, ya iyirmiliyinə düşmək Azərbaycan ədəbi mühitində inqilab sayıla bilər. O qısa və uzun siyahıya düşən əsərləri dünya maraqla izləyir.

XS
SM
MD
LG